Baba Əliyev: “Qələbə gününü səbirsizliklə gözləyirəm”

0
418

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində tarixi qələbə bəşəriyyəti faşizm taunundan xilas edən əsl rəşadət zəfəri idi. Bu müharibənin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmayıb, yaddaşlardan silinməyib. Artıq onların sıraları seyrəlir, özləri də daha kövrək olurlar. Danışdıqca, hər dəfə o illəri xatırladıqca kövrəlirlər. Sanki o illəri bir daha yaşayırlar. Bu dəhşətli acıları görmüş insanlarınz əlaqə saxlayır, onların acılı, şirinli xatirələrini qələmə alır, maraqlı söhbətlərinə qulaq asırıq

Mingəçevirdə 800 nəfər Böyük Vətən müharibəsi veteranı olub. Bu gün onlardan 3 nəfəri həyatdadır. Onlardan biri də Baba Əliyevdir. Ömrünün 97-ci baharını yaşayır Baba Əliyev. Bu yaşda olmasına baxmayaraq, hafizəsi güclüdür. Elə o dəhşəti günləri olduğu kimi xatırlaması da dediklərimizin sübutudur.

Baba müəllim deyir ki, onu ən çox sıralarının seyrəkləşməsi çox kədərləndirir: “Artıq cəbhə yoldaşlarımı itirmişəm. İndi o illəri xatırlamağa adam tapmağa çətinlilək çəkirəm”. Həyat yoldaşının da dünyasını dəyişməsi Baba müəllim üçün ikinci bir zərbə olub. Bütün bunlara rəğmən onun səhhəti normaldır. Nə vaxt da səhhətini  soruşanda, bir qayda olaraq: “Əlayam”, – deyir.

Baba Əliyev 1921-ci ildə Ağdaş rayonunda anadan olub. Zaqatala Pedaqoji Texnikumunu bitirdən sonra Qəbələ rayonunun Qum kəndində müəllim kimi fəaliyyət göstərib. 21 yaşında ikən 650 min soydaşımızdan biri  kimi o da silaha sarılıb. İlk günlərdən xidmətdə fərqlənən Baba Əliyev  “За отвагу” (“Şücaətə görə”) medalı ilə təltif edilib. Bundan sonra savad və bacarığına görə komsomol partiya katibi seçilib, həm döyüşlərdə iştirak edib, həm də təbliğat işi ilə məşğul olub. Elə bu səbəbdən də 97 yaşlı veteran müharibə vaxtı adi əsgərlərin bilmədiyi çox məlumatlardan xəbərdar olduğunu söyləyir: “Müharibə yeni  başlayanda azərbaycanlılara etibar etmirdilər. Bu, Stalinin qulağına çatanda Bağırovu çağırtdıraraq bu söz-söhbətin haradan qaynaqlandığını soruşur. Bağırov ona cavab verir ki: “Yoldaş Stalin, bunun bir səbəbi var ki, o da onların rus dilini bilməmələri ilə bağlıdır. Siz icazə verin, mən milli diviziyalar yaradım, əgər onlar qəhrmanlıqlar göstərməsələr, mən özümü güllələyəcəm”.  Bundan sonra Bağırov azərbaycanlılardan ibarət 5 diviziya yaradır ki, bu gündə hər birinin qəhrəmanlığından danışılır”.

1942-ci ilin yayından 223-cü milli atıcı diviziyanın tərkibində döyüşlərə qatıldığını deyən müharibə iştirakçısı həmin dövrdə ən ağır döyüşlərin Şimali Qafqazda getdiyini deyir: “Buna səbəbi o idi  ki, Hitler döyüşləri analiz edərək generallarına indiyədək səhv istiqamətdə döyüşdüklərini bildirir. O ilk olaraq Leninqrad, Moskva, Stalinqrad kimi şəhərlərdən öncə Bakını ələ keçirməli olduqlarını etiraf edir. SSRİ ordusunun 80-90% benzin və sürtkü yağları ilə təmin edən Bakını tutmaq üçün əsas qüvvələrini Şimali Qafqaza göndərir”.

Bakıdan Qroznıya kimi 200 müdafiə xətti yaradıldığından danışan veteran hərbçi almanların yalnız Terekin sahilində dayandırmaq mümkün olduğunu söyləyir: “1942-ci ilin dekabrın 8-də bütün Şimali Qafqaz cəbhəsi boyu əks-hücuma başladıq. Bu vuruşlarda bir neçə alay qırıldı. Bundan sonra Moskva cəbhəsindən göndərilən hərbi aviasiya polkunun köməyi ilə almanların cəbhəsini yardıq. O hücumun davamı olaraq 223 və  406-cı Azərbaycan milli diviziyaları Moldovanı, Rumınıyanı azad edib Yuqoslaviyaya kimi getdi.  Qələbəni Belqradın mərkəzində qeyd elədik”.

Baba Əliyev bu gün öz qələbəmizi – Qarabağ torpaqlarının azad olunacağı günü səbirsizliklə gözlədiyini dedi: ”Mən Prezidentimizin işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda həyata keçirdiyi daxili və xarici siyasətini həmişə dəstəkləyirəm. İnanıram ki, tezliklə qələbə bizimlə olacaq”.

Sonda onu da qeyd edək ki, Baba müəllim müharibədən qayıtdıqdan sonra Mingəçevirin quruculuq illərində iştirak edib. Mingəçevirdə yaşayıb. 3 övladı olub, 8 nəvəsi, 16 nəticəsi var. Baba müəllim bu gün ailəsinin əhatəsində böyük diqqət və  qayğı ilə yaşayır.

Esmira Hidayətova, Mingəçevir