Serj Sarkisyanın barmağı yenə öz işini görə biləcəkmi?

0
86

Ermənistanda aprelin 13-dən başlayan etiraz aksiyaları hələ də davam edir. Baş nazir Serj Sarkisyanın istefasından sonra müxalifət lideri, “xalqın namizədi”, “Yelk” (“Çıxış”) partiyasının rəhbəri Nikol Paşinyanın mayın 1-də keçirilən parlament iclasında hakim partiyanın inadkarlığı nəticəsində bu posta seçilməməsi vəziyyəti daha da gərginləşdirib. Belə ki, tələb olunan səsi toplaya bilməyən Nikol Paşinyan tərəfdarlarını ümumi tətillərə çağırıb. Baş nazir postuna yeni seçkilər isə mayın 8-nə planlaşdırılıb. Etirazçılar iqtidarda olan Respublikaçılar Partiyasının tamamilə istefa verməsini və hakimiyyətin xalqa təhvil verilməsini tələb edirlər. Aksiya iştirakçıları onlara qoşulmayan rəhbərlərə də meydan oxuyurlar. Odur ki, bir sıra qurumların rəhbərləri istefa verməklə etirazçılara qoşulublar. Etirazçılar aksiyaların Paşinyanın baş nazir postuna yiyələnməsinə qədər davam edəcəyini söyləyiblər. Bir sözlə, hazırda Ermənistan tam iflic halına düşüb. Hakimiyyət uğrunda gedən bu mübarizə isə Ermənistanın vətəndaş müharibəsi astanasında olmasından xəbər verir.

Ermənistan mediası vəziyyətin bu həddə çatmasında hakim Respublikaçılar Partiyasının sabiq sədri, məlum aprel döyüşlərindən sonra beli qırılmış, amma çox böyük kapitala və maliyyə imkanlarına malik  Serj Sarkisyanın barmağının olduğunu iddia etməkdədir.

“Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” və “Yelk” partiyaları yenə də baş nazir vəzifəsinə birmənalı şəkildə Paşinyanın namizədliyini irəli sürüblər. Bu dəfə parlamentdə bunlardan başqa Paşinyanı dəstəkləyənlərin kifayət qədər olacağı söylənilir.  Bu fikir də məlum açıqlamalar əsasında formalaşıb. Məsələn, srağagün hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan mayın 8-də keçiriləcək parlament iclasında deputatların üçdə birinin, müxalifətin baş nazir postuna irəli sürəcəyi namizədi dəstəkləyəcəklərini bildirib.

O, həmçinin təmsil etdiyi siyasi təşkilatın bu dəfə də hökumət başçısı vəzifəsinə namizəd irəli sürməyəcəyini diqqətə çatdırıb. Halbuki hakim partiyanın funksionerləri mayın 2-dək Paşinyanın namizədliyinin onları qane etmədiyini və ona səs verməyəcəklərini demişdilər. Bəs nə baş verdi ki, onlar fikirlərini dəyişdilər? Çox güman ki, Moskva Serj Sarkisyanın barmağından xəbər tutub və daha onun nazı ilə oturub-durmaq istəmir. Daha doğrusu, rəsmi Moskva ötən il Avrasiya İttifaqına üzv olan Serj Sarkisyan hökumətinin Brüsseldə Avropa İttifaqı ilə müqavilə imzalamasını hələ də həzm edə bilmir. Paşinyan isə öz gedişlərinə müəyyən korrektələr etməklə Rusiyanın rəğbətini qazanmağı bacarıb. Çünki Paşinyan yaxşı bilir ki, onun ölkəsi bəzi postsovet ölkələrindən fərqli olaraq, Rusiyadan tamamilə asılı vəziyyətdədir.

Qərbə gəldikdə… Nikol Paşinyanın mayın 1-də parlamentdə çıxışı zamanı dediyi: “Qərblə münasibətlər əvvəlki axarında gedəcək” sözlərindən sonra onlar da baş nazir seçimində rəsmi Mokvanın ilk açıqlamasına bənzər açıqlamalar verməkdədirlər. Məsələn, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib ki, Ermənistandakı siyasi proseslər bu ölkənin daxili işidir: “Biz əminik ki, situasiya Ermənistan konstitusiyasına uyğun olaraq, sülh yolu ilə həll ediləcək”. Bu isə o deməkdir ki, hakim partiyanın bu məsələdə yumşalmasında etiraz aksiyalarından daha çox  xarici amillər mühüm rol oynayıb.

İlk baxışdan belə görünür ki,  Nikol Paşinyanın mayın 8-də baş nazir seçiləcəyi mümkündür. Amma bütün bunlara rəğmən, hakim partiyanın nümayəndələrinin hansı tərəfə meyil edəcəkləri, özlərini necə aparacaqları barədə əvvəlcədən fikir söyləmək çətindir. Bu mənada son sözü Ermənistan parlamentində bununla bağli keçiriləcək səsvermənin nəticələrini özündə əks etdirəcək monitor deyəcək.

Amma Ermənistanda baş nazir postuna kimin yiyələnməsindən asılı olmayaraq o, ölkəsinin işğalçılıq siyasətindən əl çəkməsə, yalnız kosmetik islahatlar aparmaqla kifayətlənsə, onu  düşdüyü böhran vəziyyətindən çıxara bilməyəcək. Əksinə, ölkəni daha acı nəticələrə sürükləyəcək. Yeri gəlmişkən, hakim Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Nikol Paşinyanın baş nazir seçiləcəyi təqdirdə müxalifətə keçəcəklərini bildirib. O, həmçinin bildirib ki, onun mənsub olduğu partiya yeni formalaşacaq hökumətin hissəciyi olmaq istəmir. Təbii ki, bu amil də Ermənistan üçün yeni problemlər yaradacaq.

 Qvami Məhəbbətoğlu