Umayra Tağıyeva nazirliyə qaytarıld

0
62

Onu uzun müddət mətbuatla ünsiyyətdə olan, hər zaman jurnalistlərin suallarını cavablandıran biri kimi tanıyırıq.

Müsahibimiz uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində müxtəlif vəzifələrdə çalışıb. Jurnalistlər tərəfindən isə daim ünsiyyətə açıq məmur kimi xarakterizə olunub.

Söhbət bir neçə gündür Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri vəzifəsinə təyin olunan Umayra Tağıyevadan gedir. Yeni vəzifəsindəki fəaliyyətinə gəlincə: “Bildiyiniz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyalarına aid olan bir çox sahələr mövcuddur. O cümlədən atmosfer havası, Xəzər dənizinin çirklənməsi, hava proqnozları, hidrometeorologiya və s. sahələr üzrə işlərimizin nəticələrini informasiya vasitələrinə çatdıracağıq”.

Həmsöhbətimiz 1990-cı ildən hidrometeorologiya sahəsində çalışıb. Dediyinə görə, bu sahəyə onu atmosferin fizikasını daha dərindən öyrənmək həvəsi gətirib. İşindən uzaqlaşdıqdan sonra AMEA-da elmi fəaliyyətlə məşğul olub, coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb: “Avropanın bir sıra ölkələrinin jurnallarında məqalələr dərc elədik. Son məqaləm Avropanın “İqlim və Hava Proqnozu” jurnalında dərc olundu və buna mən çox sevindim. Yəni qarşımda qoyulan, planlaşdırdığım məqsədlərə demək olar ki, nail oldum və buna görə özümü xoşbəxt hiss edirəm”.

Elmi fəaliyyətlə gərgin iş rejimi arasında seçimə etməli olanda həmsöhbətimiz tərəddüd etmədən elm yoluna üz tutub: “Yəqin ki, belə desək, düz demiş olarıq. Çünki həqiqətən də hər iki işi birləşdirmək çox çətin idi. Ona görə belə qərara gəldim ki, bir müddət elmlə məşğul olmaq istəyirəm və qarşımda qoyduğum planları demək olar ki, yerinə yetirdim”.

Umayra Tağıyeva ilə sevdiyi hava şəraitindən də danışırıq. Onun fikrincə, hidrometeoroloqun işində havanın necə olması yox, proqnozun dəqiqliyi önəmlidir: “Səmimi desəm, məni məmnun edir o hal ki, həmin günün proqnozu dəqiqliklə tərtib olunub və əhaliyə çatdırılıb. Çünki fərq etməz əlverişsiz, yoxsa mülayim bir havadır. Əlverişsiz hava haqqında məlumat insanlara hazırlıqlı olmağa imkan verir. Bu məsələyə mən belə baxıram və seçə bilmirəm hansı hava şəraitini sevdiyimi”.

Sənayenin inkişafı ilə atmosferin çirklənmə riskləri də artır: “Qlobal məsələlər var ki, dövlət səviyyəsində həll olunur və həll olunmalıdır. Amma bu məsələnin digər tərəfi də var ki, burada insan faktoru böyük rol oynayır. Bilirsinizmi, mənə elə gəlir ki, bu işdə əhali, ictimaiyyət daha aktiv, fəal iştirak etməlidir. Çünki biz bu ətraf mühitdə yaşayırıq. Məsələn, hər hansısa bir ağac qırılırsa, bu o deməkdir ki, biz uşaqlarımızın, nəvələrimizin gələcəyinə bir zərbə vururuq. Çünki ağaclar təhlükəli qazların uducularıdır”.

U.Tağıyeva gələcəkdə görüləcək işlərə ictimai dəstəyin önəmindən danışır: “İctimaiyyət, ümumiyyətlə, belə bir neqativ hallarla qarşılaşanda ölkənin vətənpərvər vətəndaşları kimi reaksiya verməlidir. Çünki həqiqətən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tutaq ki, hər bir ağacın yanında mühafizə təşkil edə bilməz. Kimsə müəyyən bir faktlarla qarşılaşanda nazirliyin “qaynar xətt”inə müraciət etməyi xahiş edirik”.

Umayra xanıma yeni işində uğurlar arzulayırıq.