Tokay Məmmədov dəfn olunub

0
72

Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov II Fəxri xiyabanda dəfn olunub. Təzə Pir məscidində keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidenti Katibliyinİn rəisi Dilarə Seyidzadə, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edib.

 

Nazir Əbülfəs Qarayev Tokay Məmmədovu görkəmli heykəltəraş və pedaqoq kimi dəyərləndirib: “Tokay Məmmədovun yaratdığı heykəllər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. Tokay Məmmədov təhsilini Bakıda və Rusiyada alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənib. Uzun illər Azərbaycanda rəssamlıq məktəbinin formalaşmağında əziyyət çəkib. O, hər zaman gənc nəsillərlə təmasda olub, onlara dərs deyib. Tokay müəllimin yaradıcılığı dövlətimizin hər zaman diqqətində olub. Allah ona rəhmət etsin”.

 

Xalq rəssamları Ömər Eldarov, Ağaəli İbrahimov, millət vəkili Rafael Hüseynov, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Tokay Məmmədovla bağlı xatirələrini danışıb, onu insan və sənətkar kimi yüksək qiymətləndiriblər.

 

Sənətkarın oğlu Cahangir Məmmədov Tokay Məmmədovun xatirəsinə olan hörmət və ehtiram hissinə görə ailəsi adından Azərbaycan prezidentinə və vida mərasiminə toplaşanlara təşəkkürünü bildirib.

Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.

apa.az