Stalin Xəzəri niyə qurutmaq istəyirdi?

0
40

Bilindiyi kimi, Rusiyanın böyük Volqası Xəzər dənizinə axır. Hələ sovet epoxasının hökm sürdüyü illərdə bu böyük çay xəritədən itə bilərdi. Xəzərin qurudulması layihəsini 1952-ci ildə İosif Stalin irəli sürüb… alpaninfo.com saytı axar.az-a istinadən SSRİ lideri İosif Stalinin Xəzər dənizi ilə bağlı hazırladığı plandan bəhs edən yazını təqdim edib:

Xəzərin fəthi

Sovet hakimiyyəti daim irimiqyaslı layihələr həyata keçirirdi. Bu layihələr arasında Qazaxıstan və Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı üçün Sibir çaylarının məcrasının dəyişdirilməsini göstərmək olar. Lakin Xəzər dənizinin qurudulması daha qlobal miqyasda bir layihə olaraq gündəmə gəlmişdi. Xəzərdə neft hasilatı hələ Rusiya İmperiyası dövründə, XIX əsrin sonlarından başlamışdı. Bakı bölgəsindəki Bibiheybət buxtası daha çox “qara qızıl” əldə etmək üçün doldurulmuşdu. Ötən əsrin əvvəllərində isə ruslar Xəzərin qurudulması barədə düşünməyə başladılar. 1906-cı ildə hətta ən yaxşı layihənin seçilməsi üçün müsabiqə də təşkil olundu. 1909-1912-ci illərdə daşdan qoruyucu bəndlər inşa edildi və çəpərə alınmış sahə dolduruldu. Vətəndaş müharibəsi illərində işlər dayandırılsa da, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən bərpa edildi. 1927-ci ilə qədər 300 hektara yaxın ərazi doldurulmuşdu.

Stalinin cəsarətli planı

1949-cu ildə SSRİ-də sahildən 40 kilometr məsafədə açıq dənizdə ilk neft quyusu qazılmışdı. Polad gövdə üzərində dayanması nəzərdə tutulan “Neft daşları”nın inşası planlaşdırıldı. Sonradan çoxkilometrlik estakadaların tikintisinin baha başa gəldiyi və onları yalnız dayaz ərazilərdə tikməyin mümkün olduğu məlum oldu. Həmin vaxt Xəzər Sovet İttifaqında neft hasilatının yeganə nöqtəsi idi, çünki Qərbi Sibir yataqları hələ aşkar edilməmişdi. Buna görə də neft hasilatının necə intensivləşdiriləcəyinə dair suallar yaranmışdı. Nəticədə 1952-ci ildə həmin suallar möhtəşəm bir layihəyə çevrildi.

Xəzər dənizinin tamamilə qurudulması planlaşdırıldı. Volqa suları indi Şimali Qazaxıstan, Terek çayı Kalmık çölləri istiqamətində axmalı, Kürün qarşısı tamamilə alınmalı idi.

Həyata keçirilməyən layihələr

Bu hadisə ilə bağlı 1952-ci ildə Daxili İşlər nazirinin birinci müavini vəzifəsini icra edən və Volqa-Don kanalının tikintisinə nəzarət edən İvan Serovun “Çemodan qeydləri” xatirələrində daha ətraflı şəkildə bəhs olunur. Stalin Serova iki həftə müddətində Xəzərin qurudulması ilə bağlı təklif və hesablamaları hazırlamağı tapşırır. Lakin layihənin icrası baş tutmur. Artıq müzakirə mərhələsində məlum olur ki, çayların məcrasının dəyişdirilməsi lazımdır və bunun üçün 4-5 il vaxt və 10 milyard rubl vəsait tələb olunur. Kürün bənd tikintiləri də baha başa gələcək və bundan əlavə münbit torpaqları zamanla sular altında qoyacaq böyük bir göl əmələ gələcək. Həmçinin Xəzərin tam qurudulması da mümkün olmayacaqdı, çünki onsuz da atmosfer yağıntıları çökəklikləri dolduracaqdı. Hidroloqlar isə suyun hətta intensiv şəkildə boşaldılacağı halda, mövcud texnologiyalarla buna 16-17 il lazım olacağını bildirirdilər.

Onların proqnozlarını dinləyən lider bu sözləri deyib: “Görünür, buna dəyməz”.

Layihə çox tezliklə unuduldu və yalnız 90-cı illərdə aşkarlıq dönəmində ortaya çıxdı. Bu barədə məlumatı SSRİ-nin keçmiş neft sənayesi naziri Nikolay Baybakov təsadüfən açıqladı. O vaxt 1954-cü ildə Stalinin ölümündən sonra Malenkov və Xruşşovun düşündükləri başqa bir layihə – Şimali Qazaxıstanın quraq torpaqlarının suvarılması üçün şimal çaylarını Xəzər dənizinə yönləndirmək haqqında daha çox danışılırdı. Xoşbəxtlikdən, burada da təbiətin və iqlimin dəyişdirilməsi ilə həyata keçirilməsi nəzərdə tutulan planın qarşısının alınması üçün ağıllı insanlar peyda oldu. Əks təqdirdə, hər şey ən acınacaqlı şəkildə sona çata bilərdi.