Cəmiyyətin belə müəllimlərə daha çox ehtiyacı var

0
188

Tanınmış şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət verib, müəllimi günəşə, bağbana, mühəndisə… bənzədiblər. Çünki o, günəş kimi qəlbləri  işıqlandırır, onlara bağban kimi qayğı göstərir, mühəndis kimi qəlblərin layihəsini cızır.

Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcək.

Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran müqəddəs varlıqdır.

Bugünkü həmsöhbətimiz 32 illik pedaqoji fəaliyyəti ilə öz həyatını millətin gələcəyinə həsr edən Mingəçevir 12 saylı məktəbin ibtidai sinif müəlliməsi Gülsurə Bilalovadır. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bir neçə dəfə Gülsurə müəllimənin açıq dərslərində iştirak etmişəm. Onun dərs metodunun həm şagirdlərin, həm də münsiflərin diqqətini cəlb etdiyinin şahidi olmuşam. Odur ki, tam əminliklə deyirəm ki, bu gün cəmiyyətin belə müəllimlərə daha çox ehtiyacı var.

Gülsurə müəllimə bizimlə söhbətində daim axtarışda olduğunu, dərs prosesində daha maraqlı metodlara üstünlük verdiyini bildirdi. Əlavə etdi ki, belə metodlar həm şagirdlər tərəfindən maraqla qarşılanır, həm də onları yormur: ”Oyun-dərslərə üstünlük verirəm. Oyun  prosesində  şagirdlər müxtəlif  tapşırıqları  yerinə  yetirir, şifahi hesablamalar  aparırlar. Oyunlardan  istifadə şagirdlərin intizamlı olmasına da çox  kömək  edir. Həm də onlar yorulmurlar.  Onu da deyim ki, oyunlardan  istifadə  etməklə öyrətmək  və  oynayaraq  öyrənmək  o  qədər  də asan  məsələ deyil. Bəzən də bu prosesdə hədiyyəli yarışlara üstünlük verirəm. 3-4 aydan bir maraqlı proqram tərtib etməklə siniflərarası yarışlar təşkil edirəm. Təcrübələr göstərir ki, bu kimi tədbirlər şagirdlərin təfəkkürünü gücləndirir, onlarda müzakirə etmək və düzgün nəticə çıxarmaq qabiliyyətini möhkəmləndirir. Bu kimi üsular həm də mənim fikrimcə,  “ay bala, səni öyrədirəm” yox, “biz birlikdə öyrənirik” prinsipinə əsaslanır. Həm də müəllim və şagirdlər arasında tərəfdaş, yoldaşlıq, hisslərini formalaşdırır. Nəticədə, təlim-tərbiyə prosesində şagirdlərin fəallığını yüksəldir, psixoloji gərginliyi azaldır”.

Gülsurə xanımın sözlərinə görə, əvvəlki illərin şagirdləri ilə yeni nəslin arasında çox böyük fərq var: “20-25 il bundan öncə şagird dərsi sinfdəcə qavrayardı. Bu gün isə şagirdlərdə yaddaşsızlıq baş alıb gedir. Bu təkcə bizdə yox, bütün dünyada belədir desəm, yanılmaram. Onu da deyim ki, 8 buraxılış sinfim olub. Həmin şagirdlərin əksəriyyəti ali təhsillidir. Onlardan kimi həkim, kimi iqtisadçıdır, kimi… Məsələn, şagirdim Abbasov Arzu Hafiz oğlu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyir. Əhmədova Pəri, Qarayev Toğrul, Ələsgərova Ləman, Şavdurov Əli, Abbasov Mübariz və digərləri hərəsi bir sahə üzrə mütəxəssisdir. Mən onların hər biri ilə fəxr edirəm. Axı  əgər belə demək mümkünsə, mən bir bağban kimi onların simasında öz barımı görürəm. Yeri gəlmişkən, onlar həmişə mənimlə əlaqə saxlayırlar. Yolları bu tərəflərə düşəndə, bir qayda olaraq, mənə də baş çəkirlər”.

Onun fikrincə, müəllim xeyirxah olmalı, hər bir şagirdi öz övladı kimi sevməlidir. O hətta bununla bağlı yadına düşən belə bir kəlamı da xatırladı: “Müəllim olsa bəd əsil, yetişdirə bilməz bəxtiyar nəsil”.

Gülsurə müəllimə daha sonra öz müşahidələrinə əsasən bildirdi ki, əslində pis şagird yoxdur: “Sadəcə, işinin öhbəsindən gələ bilməyən, öz peşəsinə laqeyd yanaşan müəllimlərimiz var. Hə, təbii ki tənbəl şagirdlərimiz də var”.

Uşaq-valideyn münasibətləridən söz açan Gulsurə müəllimənin sözlərinə görə, əgər uşaq evdə valideynlərindən müəllimin ona göstərdiyi cəfakeşliyin yarı hissəsini görsə, həmin uşaq dərsə həmişə hazır gələr: “Uşağın tərbiyəsi, təhsili evdə valideyndən də asılıdır. Yəni demək istəyirəm ki, valideyn öz övladının dərsləri ilə mütəmadi maraqlanmalıdır. Təcrübələrimə əsasən onu da deyim ki,  təhsil ilə maraqlanan ailələrin uşaqları öz biliklərinə görə daha çox seçilirlər. Bu mənada valideyn məsuliyyətinin müəllimin məsuliyyətinin yarsı qədər olması vacibdir”.

Söhbətimizin sonunda Gülsurə müəlliməyə belə bir sualla müraciət etdik:

-Yorulmamısınız ki?”

Gülsurə müəllimə bu sualımızı belə cavab verdi:

-Belə şərəfli peşədən kim usanar ki, kim yorular ki? Əsla yox… Məktəbə, uşaqlara elə bağlanmışam ki, onlarsız özümü təsəvvür belə edə bilmirəm.

 

Esmira Hidayətova, Mingəçevir.