“Rafael müəllimin sözlərində həqiqət var”

0
200

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynovun gerblə bağlı təklifi birmənalı qarşılanmayıb. Onun “gerb sözü yanlışdır, herb yazılmalıdır” sözləri  sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Deputat qeyd edib ki, əsas qanunumuzda, bütün kitablarda “gerb” sözü “herb” olmalıdır:

“Bununla bağlı illər öncə yazdığım “Əlifba” kitabında qeyd etmişəm. Hələ ulu öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə “gerb” sözünün “herb” yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi “herb” polyak sözüdür və rus dilində h hərfi olmadığı üçün g ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orjinalı əsas götürürük. Ruslar “gipertoniya” deyir, amma biz “hipertoniya” kimi götürürük, onlar “Herakl” sözünü g ilə verir, amma bizdə h ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan “gerb” sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.

AMEA-nın Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli Modern.az-a açıqlamasında deyib ki, məsələni bir qədər də açmaq lazımdır.

“Rafael müəllim fikirlərində “gerb” sözünün rus dilindən alındığını diqqətə çatdırıb. “Gerb” sözü də bəzi sözlər kimi Sovet dövründə dilimizə keçib. Ruslarda “h” hərfi olmadığı üçün biz də bu sözə qarşılıq kimi “gerb”  vermişik. Söz alman mənşəlidir. Polyak dilində isə “herb” kimi səslənir. Hər bir söz öz mənbəsindən təqdim olunması daha düzgündür. Avropa, ərəb-fars mənşəli  sözlərin dilimizə daxil olarkən hansı formada verilməsi üçün də transkripsiya qaydaları hazırlanmalıdır.  Hazırda bu qaydalar üzərində işləyirik. Bununla bağlı müəyyən boşluqlar var”.

Baba Məhərrəmli bəzi sözlərin bu gün də mübahisə mövzusu olduğunu xatırladıb.

“Rafael müəllim bunu qabartmaqla  rus dilinin təsir mexanizmini göstərmək istəyib. Dilimizdə belə sözlər çoxdur. Məsələn, biri alman yazıçısını Göte, digəri isə Höte  kimi yazılmasının tərəfdarıdır. Əslində, Höte yazılması daha doğrudur. Ona görə də Rafael müəllimin sözlərində həqiqət var”.