Mingəçevir Turizm Kollecində ingilis dili günü keçirilib

0
96

Əcnəbi dillərə maraq Mingəçevir Turizm Kolleci tələbələri arasında üstün xarakterik xüssusiyyətlərdən birinə çevrilib. Bu da heç şübhəsiz xarici dil vər dişlərinin turizm sənayesində çalışacaq mütəxəssislər üçün xüsusi önəm daşıması ilə əlaqədardır. Ona görə də pedaqoji heyət kadr hazırlığı prosesində xarici dillərin tədrisinə, xarici dil günlərinin təşkilinə və digər oxşar vacib tədbirlərin keçirilməsinə böyük diqqət ayırır.Bu silsilədən kollecdə növbəti dil günü tədbiri keçirilib.İngilis dili günü adı altında təşkil olunan tədbirdə xarici dil fənn komissiyasının aparıcı mütəxəssisləri, əcnəbi dillərin mənimsənilməsində naliyyətləri ilə diqqət çəkən istedadlı tələbələr iştirak edib.

Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dil günlərinin kollecdə ənənəvi xarakter daşıdığını bildirib.O, bundan öncə kollecdə rus dili günü kimi qeyd olunan tədbiri xatırladaraq – bizim kollecə və kollektivə də yaraşan budur ki, konkret ixtisas hazırlığı ilə yanaşı xarici dillərin öyrənilməsinə və təbliğinə xüsusi diqqət nümayiş etdiririk deyib:

“Kollecimiz geniş beynəlxalq əlaqələrə malik tanınmış təhsil müəssisəsidir. Beynəlxalq təhsil proqramları və qarşılıqlı işgüzar əlaqələr çərçivəsində  çoxsaylı səfərlərdə, konfrans və seminarlarda davamlı olaraq iştirak edirik. Qürurverici haldır ki, bu əlaqələrin uğulu gedişatı  zamanı pedaqoqlarla yanaşı,həm də istedadlı tələbələrimizin yüksək fəallığı diqqət çəkir. İrəlidə bizi yeni perspektivlər gözləyir. O cümlədən tələbələrimizin xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. Bunun üçün isə ilk növbədə xarici dil vərdişləri təkmilləşdirilməlidir. Digər tərəfdən turizm sənayesində çalışacaq mütəxəssisin  xarici dillərdən ən azı birini bilməsi zəruri şərtdir. Biz rəhbərlik və pedaqoji heyət olaraq hədəflərə yetişmək üçün bütün imkanlarımızdan bundan sonra da maksimum istifadə edəcəyik. Tələbələr də öz növbəsində üzərinə düşən vəzifələrə iki qat məsuliyyət nümayiş etdirməlidir. Əbəs yerə söyləməyiblər ki, bir neçə  dil bilən şəxs eyni zamanda həmin  sayda insan anlamına gəlir”.

Bundan sonra xarici dillərin önəmindən bəhs edən video çarxa baxış keçirilib. Ardınca biri-birindən məzmunlu çıxışlar səslənib.

Beynəlxalq əlaqələr üzrə tərcüməçi Gülşən Nəsirova, ingilis dili müəllimləri Fəxriyyə Məbudova və Xəyalə Həşimova  müvafiq olaraq “Mingəçevir Turizm Kollecinin uğurları və beynəlxalq əlaqələri”,”Turizm sektorunda ingilis dilinin əhəmiyyəti” və “İngilis dilinin tədrisdə rolu” mövzularında çıxış edib. Çıxışlardan sonra müvafiq xarici dildə maraqlı müzakirə və diskusiyalar aparılıb. İngilis dilində səslənən məruzələr və aparılan müzakirələr bir daha kollecin mövcud potensialını ortaya qoyub.

Tədbir istedadlı tələbələr tərəfindən ingilis dilində  hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb. Qeyd etmək lazımdır ki, kompozisiyanın təqdim olunan proqramı maraqlı elementləri ilə iştirakçılarda rəğbət oyadıb. Xüsusilə də kompozisiyanın Azərbaycan Respublikasının Dövlət Himninin ingilis və azərbaycan dillərində canlı ifa ilə başlanması alqışlarla müşayət olunub. Müxtəlif səhnəcik, poetik nümunə və musiqi parçaları da tələbələrin ifasında yüksək ustalıqla ifa olunub.

Esmira Hidayətova, Mingəçevir