Mingəçevirdə sakinlərin problemləri həll olunur

0
579

Mingəçevirdə sakinlərlə  növbəti səyyar görüş keçirilib.  9 saylı məktəbin akt zalında  keçirilən görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  bildirib ki, Prezident İlham Əliyev vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılmasını, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsini bütün dövlət orqanları, eləcə də icra strukturları qarşısında mühüm vəzifələrdən biri kimi qoymuşdur. Mingəçevir şəhərində ölkə başçısının tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, vətəndaşları narahat edən sosial-iqtisadi problemlərin uğurlu həllinə nail olmaq üçün şəhər sakinlərinin rəy və təklifləri dinlənilir.

Şəhər rəhbəri qeyd edib ki, ötən bir neçə il ərzində görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Bir neçə il öncə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər xeyli azalıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Mingəçevirdə  həyata keçirilən abadlıq, quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. 9 saylı məktəbin direktoru Nazim Əliyev məktəbin əsaslı təmirinə görə ölkə rəhbərliyinə, Niyazi Bayramova pedaqoji kollektiv adından  minnətdarlıq edib.

Görüşdə çıxış edən icra başçısı bildirib ki, Mingəçevirdə 650 çoxmərtəbəli bina var. Bu binalardan 592-nin dam örtüyü dəyişdirilib, hal hazırda bu sahədə işlər aparılır. Yalnız 58 bina qalır. Onların da dam örtükləri vəsait olan kimi dəyişdiriləcək. Sakinlərin bir qismi də bu cür şəraitdən yararlanmaq istədiklərini dilə gətiriblər. Sakinlər həyətlərində xeyir-şər mağarının bərbad vəziyyətdə olmağından da şikayət ediblər. Bələdiyyə sədri Coşqun Abdullayev bildirib ki, əhalidən əmlak vergisini yığmaq mümkün deyil. Əgər bu vergi yığılarsa biz də artıqlaması ilə lazımı işləri görə bilərik. O həmçinin bildirib ki, sakinlər kommunal ödənişləri etmədikləri üçün müəyyən çətinliklər yaranır.

 

Şəhər sakinləri qarşıdan yay ayının gəlməsi ilə əlaqədar şəhərin yaşıllığının qorunmasını da gündəmə gətiriblər.Əhaliyə verilən su sayğacla gəldiyi üçün əhali sudan istifadə edərkən həyətyanı sahələri suvara bilmir. İcra başçısı bildirib ki, bu şəhərin texniki suyu olmadığına görə bu problemlər yaşanır. Aidiyyatı qurumlarla bu barədə danışılacaq.

Esmira Hidayətova, Mingəçevir