“Həsənağa Turabovun ətrafındakı adamlar qəsdən ona səhv məlumat verirdilər, aktyor da hirslənirdi”

0
28

Bu gün görkəmli teatr və kino aktyoru Həsənağa Turabovun  doğum  günüdür. Aktyor  1938-ci ildə 24 apreldə  Bakıda anadan olub.  Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Eyni zamanda 100-dən çox kinofilmə çəkilib. Gözəl nitqi, səhnə davranışı, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirib.

Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”) , Xəyyam (“Xəyyam”) və onlarla digər surətlər H.Turabovun ifasında əbədiləşib. Kinoda da tam bir obraz palitrası yaradıb. “Yeddi oğul istərəm”, “Babək”, “Ürək… Ürək…”, “Sevinc buxtası”, “Çarvadarların izi ilə”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması”, “Qaçaq Nəbi” və başqa filmlərdəki rolları ifa tərzi ilə seçilir. Həsənağa Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub.

 

Görkəmli sənətkar 2003-cü il fevralın 23-də Bakıda dünyasını dəyişib.


Modern.az
 saytı  mərhum aktyoru yada salmaq üçün Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Füzuli Hüseynovla  həmsöhbət olub.

Müsahibimiz deyir ki, Həsənağa Turabovla ilk tanışlığı təhsil aldığı Azərbaycan Dövlət İncəsənət İnstitutunun bufetində olub. Aktyor bufetdən siqaret almaq istəsə də, xırdası olmayıb. Füzuli Hüseynov onun siqaretinin pulunu ödəmək istəyəndə aktyor buna etiraz edib:

“O, bizdən yuxarı kursa dərs deyirdi. Bufetdə oturmuşduq, bufetə girib siqaret almaq istəyirdi. Bufetçi dedi ki, Həsən müəllim, xırda pulumuz yoxdur. Mən də nəsə almalıydım. Cibimdən pul çıxartdım, dedim ki, Həsən müəllim, məndə var. Mənə tərəf dönüb dedi ki, “ala, “student” adamsan, puluvu  qoy cibivə”. Razı olmadı və dönüb getdi. Onunla ilk tanışlığımız belə oldu”.


F.Hüseynovun sözlərinə görə, Həsənağa Turabov zəhmli insan olsa da, bəzən ona verilən yalan məlumatlara inanırdı:

“Onun ətrafında lazımsız insanlar olurdu. Bir az da hər sözə tez inanan idi və bu, Turabovun ən zəif cəhətiydi. Ona səhv məlumat verirdilər, hirslənirdi. Məsələn, kimsə məndən nəsə deyirdi. Kabinetinə çağırırdı. Qapını döyürdün, “gəl” deyirdi, “otur” demirdi və dərhal “hücuma” keçirdi. Amma izah edəndə ki, əslində, ona çatdırılan xəbərlər doğru deyil, o dəqiqə deyirdi ki, sən Allah, bağışla. Nə qədər təzadlı olsa da, bununla yanaşı, teatrın içini çox yaxşı bilirdi. Çox mərd və mövqeyində prinsipial adam idi. Bir baxışıyla hər şeyi yerbəyer edirdi. Bəli, o, cüssəli insan deyildi, balacaboy idi. Bir baxışıyla hər şeyi yerbəyer edirdi. Məni teatra özü qəbul etdi və bir cümlə dedi. O sözlər indiyə kimi qulağımdadır. Dedi ki, “mən dost olduğumla sonadək dostam, düşmən olduğumla sonadək düşmənəm”.

 

Mərhum aktyorun tələbə yoldaşı, dostu, kinorejissor, ssenarist Əbdül Mahmudov:

“Həsənağa Turabov Bakıda Zərgərpalan məhəlləsində doğulub, boya-başa çatıb və orta məktəbi də orada qurtarıb. Orta məktəbi qurtarandan sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə, böyük professor Mehdi Məmmədovun sinfinə daxil olub. Biz Turabovla o teatr mühitində çox yaxınlıq, dostluq etmişik. O məndən 5-6 yaş böyük idi. Onlar institutu qurtaran ili biz qəbul olunmuşuq. O dövr üçün bu teatr, kino mühiti çox dar çərçivədə olan bir məkan idi. İstər teatra, istərsə də instituta kim ayağını qapıdan içəri qoyurdusa, 5-10 gündən sonra hamı bir-biriylə qaynayıb qarışırdı. Çünki oranın qəribə ab-havası var idi. Biz də Həsənağa Turabovla o cür bir-birimizi tanıyırdıq.

Həsənağa Turabov tələbəlik illərində orta səviyyəli bir tələbə olub. O, özü də həmişə danışırdı. Deyirdi, “mən hiss edirdim ki, aktyor olmaq üçün heç gedib o institutda vaxt itirmək lazım deyil”. Çünki Həsən Turabov orada oxuya-oxuya Akademik Milli Dram Teatrında ikinci, üçüncü dərəcəli rollar oynayırdı. Əsas vaxtını teatrdakı işinə sərf etdiyi üçün institutda göz qabağında olan tələbələrdən olmayıb. Bu adam artıq teatrın içində idi, o bilirdi teatr mühiti nədir, aktyor sənəti nədir. Çünki o vaxt teatrda çalışan Mövsüm Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli canlı məktəb idilər. İnsititut heç kəsə istedad vermir, böyük artist etmir, sadəcə savad, diplom verir və imkan yaradır. Sonra hər şey insanın özündən asılıdır.

Bizim rejissor sənətində klassik romantik teatr məktəbi Adil İsgəndərovla başlamışdı. Sonra ikinci mərhələdə həmin bu teatrın müasir realistik teatr məktəbi Tofiq Kazımovla başlamışdı və Həsənağa Turabov da Tofiq Kazımovun ən istəkli aktyorlarından idi. O, bütün repertuarını demək olar ki, Həsənağa Turabovun üstündə qururdu. Realistik teatrımızda realistik aktyor məktəbinin banilərindən biri və birincisi Həsənağa Turabov idi. Hətta klassik əsərlərdə də onun üçün o pafos yad idi. Turabov heç vaxt təbiilikdən, realistik oyun məktəbindən kənara çıxmırdı. Və böyük Tofiq Kazımovun müəllimliyi altında Həsənağa Turabovun gətirdiyi realistik aktyor məktəbinin sonradan davamçıları yetişdi. Bu gün də bir neçə aktyor məktəbi, realistik ifa məktəbi yetişdi ki, onun da başında bütün məsuliyyətimlə deyirəm ki, Həsənağa Turabov dururdu.


Həsənağa Turabov şəxsiyyətini qoruyan adam idi. Onun yanında özümüzü çox rahat hiss edirdik. 40-70-cı illərdə göz qabağında olan müğənnilər, aktrisalar xalq arasında çox ciddi qəbul olunmurdu. Buna qismən də olsa imkan verənlər oldu. Çünki aktyorlar çox sərbəst idilər, ailə onlar üçün bir o qədər maraqlı deyildi. Onlar üçün ən əsası yaradıcılıq, kino, daha rahat həyat idi. Üzr istəyirəm, axı bir az zəncirlər qırılanda, adam azad olanda əvvəl bilmir neyləsin. Bax, elə bir mərhələdə mən sizə bütün səmimiyyətimlə, məsuliyyətimlə deyirəm ki, Azərbaycanın teatr və kino mədəniyyəti aləmində barmaqla sayılası 4-5 nəfər kişi vardı ki, bunlar həm gözəl aktyor, gözəl sənətkar, həm də çox böyük şəxsiyyət və ailə başçıları idi. Onların biri və birincisi Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Rasim Balayevidi. Həsən Turabov – biz ona əsasən “Həsən” deyirdik – bu sahədə də böyük göstəricilərə malik, artıq oturuşmuş, formalaşmış, qonaq qabağına yüksək səviyyədə çıxarılmağa layiq olan bir sənətkar idi.

Əvvəla, Turabov çox qayğıkeş, diqqətli, özünə çox böyük hörmət edən, şəxsiyyətini qoruyan bir adam idi. Biz onunla rayonlara, başqa respublikalara çəkilişlərə gedəndə, ali məktəblərə, təsərrüfatlara, böyük idarə və təşkilatlara görüşlərə gedəndə, hara gedirdiksə, Turabov orada ağsaqqal, aparıcı idi. Hamımız onun yanında özümüzü çox rahat hiss edirdik. Bilirdik ki, Həsənağa Turabov olan yerdə artıq bizə ikinci dərəcəli və pis mənada artist kimi, bizlə görüşlərə, çəkilişlərə gedən qızlara pis gözlə baxmaq mümkün olan şey deyildi. Həsənağa Turabov həddindən artıq ağır təbiətli bir kişi idi. Çox qəribə idi ki, cavan yaşından belə idi. Bu adam 25-30 yaşında elə bil ki, bir ağsaqqal idi. Həqiqətən xarakteri elə idi. Eyni zamanda həddindən artıq səxavətli, əliaçıq adam idi. Kinostudiyanın öz mühiti var. Orada gün ərzində çəkiliş arası, çəkilişdən sonra, gözəl uğur qazanandan sonra gedib yeyib-içirdik. Kinostudiyanın yaxaınlığında bufetlər var idi, və yaxud imkanımız çox olanda şəhərə düşüb daha böyük restoranlarda yeyib- içirdik. O vaxt insanlarda çox böyük pul yox idi. İndiki kimi gen-bol yeməkxana, kafe, restoranlar da yox idi. Təkəm-seyrək idi. Uşaqlar 3-5 nəfər yığılırdıq, bir də görürdün, kimsə deyir ki, “bağışlayın, mənim imkanım yoxdur, gedə bilmirəm”. Turabov o saat: “xeyir ola, nədir ki? Qələt eləmə. Sənin hesabın məndə. Gəl, otur maşına, gedək”. Bax, belə qəribə diqqətcil, qayğıkeş insan idi.

Həsənağa Turabovun iki oğul, bir qız övladı var idi. Onun böyük oğlu Daşqın polisdə işləyirdi. Onu qətlə yetirmişdilər. Turabovun xəstələnməsinin səbəbi bu idi. Oğlunun çox böyük xiffətini çəkirdi. Özü də çox istəyirdi, böyük oğlu idi. İkinci oğlu Yalçın maşallah, hazırda durur, polis sistemində işləyir. Qızı Sevinc də bizim gözəl bir müəlliməmizdir”. modern.az