Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb

0
67

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 15,8%-i İran, 11,6%-i Türkiyə, 4,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Ukrayna, 1,8%-i İraq, 14,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,9%-ni kişilər, 32,1%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 29,6%-i  yanvar, 26,4%-i fevral, 44%-i isə mart ayında ölkəyə gəlib. Mart ayında ölkəmizə gələnlərin 25,8%-ni İran vətəndaşları təşkil edib və onların sayı ötən ilin mart ayında gələnlərdən 4,6% çox olub.

 

Bu ilin yanvar-mart aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 7,1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı hər biri üzrə 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,4 dəfə, Oman vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 6,4% azalma müşahidə edilib.

 

2018-ci ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,1% azalaraq 18,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,7% artaraq 204,4 min nəfər olub.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,3%-i dəmir yolu və avtomobil, 35,9%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

 

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 943,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,6%-i Gürcüstana, 27,2%-i İrana, 21,8%-i Rusiyaya, 12,3%-i Türkiyəyə, 1,8%-i Ukraynaya, 1,5%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9%-i kişilər, 30,1%-i isə qadınlar olub.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9% artıb, Türkiyəyə gedənlərin sayı 21,6%, Gürcüstana gedənlərin sayı 7,4%, Rusiyaya gedənlərin sayı 0,1% azalıb.

 

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,7%-i dəmir yolu və avtomobil, 19,4%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.