Şagirdlərin esse yazmaq bacarıqları inkişaf etdirilir

0
877

Mingəçevirdəki 13 saylı tam orta məktəbdə ”Milli mədəni irsimizi inkişaf etdirmək”adlı  layihə həyata keçirilir. Layihə çərçivəsində 5-9 sinif şagirdləri  Azərbaycan filimləri əsasında esse yazıblar. Şagirdlərin yaradıcı təfəkkürünü, yazı vərdişlərini formalaşdırmaq məqsədi ilə yazılan esselər bir çox mətləbləri üzə çıxarıb. Bu barədə tədbirin təşkilatçısı və layihənin rəhbəri, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kərimova Yeganə məlumat verib. Yeganə xanımın sözlərinə görə, dərslərdə dinləmələr apararkən şagirdlərin esse yazmaq qabiliyyətinin zəif olması  müşahidə edilib: “Elə buna görə də layihə çərçivəsində esse yazı müsabiqəsinin keçirilməsi qərara alınıb”.

Yeganə xanım həmçinin bildirib ki, Azərbaycan filmləri əsasında esse seçimi heç də təsadüfi deyil: “Belə ki, filmlərimiz çox zəngindir və onlardan bəhrələnməyi hər bir şagird bacarmalıdır. Flmlərimizdə ölkəmizin tarixi, dövlətçiliyi, milli mədəniyyətimizlə bağlı cox maraqlı faktlar var”.

 

Məktəbin direktoru Tünzalə Əfəndiyeva bildirib ki, Dövlət İmtahan Mərkəzi 9 –cu siniflərin buraxılış imtahanlarında esse yazılarına geniş yer ayırır:” Biz də orta məktəbdə kurikuluma müvafiq olaraq nəzərdə tutulmuş mövzulara aid mütəmadi olaraq şagirdlərə esse yazdırmağa çalışırıq.  Onu da deyim ki, müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran ən mühüm vəzifələrdəndir. Ona görə ki, müstəqil ölkəyə qabiliyyətli, istedadlı şəxslər lazımdır. Onlar cəmiyyətin aparıcı qüvvələri sayılır.  Əsas məqsədimiz istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı bu və ya digər qabiliyyəti inkişaf etdirməkdir”.

Məlumat üçün bildirək ki, esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Essedə fikir bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir.

Esmira Hidayətova, Mingəçevir.