Alimlər “Sözlüy”ü darmadağın etdilər

0
52

Akademik Nizami Cəfərovun “Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir” məqaləsinə və səsləndirdiyi ittihamlara AMEA Dilçilik İnstitutunun bir qrup alimi nəhayət ki, cavab verib.

Kult.az xatırladır ki, akademik, millət vəkili Nizami Cəfərov özünə və üslubuna xas olmayan bir kəskinliklə həmkarlarının iradlarına qarşı yazılan böyük məqaləsində Dilçilik İnstitutunun bu sahə ilə məşğul olan alimlərinin ünvanına aşağılayıcı ifadələr işlətməkdən də çəkinməmişdi (Ətraflı BURADA).

Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi adından redaksiyamızın ünvanına göndərilən cavabı təqdim edirik:

2018-ci il aprelin 16-da Report agentliyində dərc edilmiş “Nizami Cəfərov: Kim Tərcümə Mərkəzinin “Sözlüy”ünü “plagiat” sayırsa, çox böyük səhv edir” məqaləsinə cavab olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsi adından bildirmək istəyirik ki, Tərcümə Mərkəzinin nəşr etdirdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” akademik nəşr olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin elektron variantı üzərində işlənildiyinə və bu zaman istifadə edilmiş mənbə göstərilmədiyinə görə müəllif hüquqlarını kobudcasına pozan bir nəşrdir.

Misal kimi göstərə bilərik ki, 2009-cu ildə çapdan çıxmış “Azərbaycanca-türkcə, türkcə-azərbaycanca lüğət”in tərtibatında Türk Dil Qurumunun imla kılavuzu əsas götürülərək, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən bəhrələnildiyi göstərilmişdir. Bu da müəlliflik hüququnun qorunmasına və etik normalara əməl olunmasına bariz nümunədir.

Bəli, “Sözlük” tərəfdarları üçün nə qədər ağır olsa da, akademik Kamal Abdullanın dediyi kimi, “Sözlük”, həqiqətən, plagiatdır, o mənada ki, gərgin zəhmət çəkmədən, əziyyətsiz-filansız Dilçilik İnstitutunun əmlakının – “Orfoqrafiya lüğəti”nin elektron variantından götürülmüş sözlərin üzərində ixtisarlar aparılaraq düzəldilmişdir.

Lakin müəlliflik hüquqlarının pozulması bir yana dursun, gecə-gündüz işləyən, dizini qatlayıb müxtəlif bədii və elmi ədəbiyyatlardan, rəsmi sənədlər, dövri mətbuat və dərsliklərdən sitatlar və leksik vahidlər toplayaraq az qala fəhlə əziyyəti çəkən, öz səviyyəsinə yaraşdırmayaraq qeyri-etik yazılara cavab vermək istəməyən halal elm adamlarına bu cür haqsız və bir çox hallarda diletant hücumların əsl səbəbinin arxasında hansı maraqlar durur, görəsən?

Əvvəla, bildirmək istəyirik ki, akademik lüğətin təşəbbüskarı və 2004-cü il nəşrinin redaktoru olmuş mərhum A.Axundovun ideyası ondan ibarət idi ki, lüğət dildəki həm işlək, həm də işlək olmayan sözləri ehtiva etsin. Bunu dünya lüğətçiliyi də tələb edir. Şöbəmizin əməkdaşı f.ü.f.d. Xədicə Heydərova “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə hansı sözlər daxil edilməlidir?” adlı məqaləsində bu məsələnin elmi əsaslarını vermiş, müasir dövrdə qabaqcıl lüğətlər olan “Kollins lüğəti” (Collins Dictionary), “Meriam Vebster” (Merriam Webster), “İngilis dilinin Oksford lüğəti”nin (Oxford English Dictionary) saytlarında onların iş prinsiplərini araşdıraraq həmin əsərlərin redaktorlarının (Meri Onil, Piter Qilliver, Anqus Stivenson) ümumişlək olmayan sözlərlə bağlı fikirlərini, rus-sovet orfoqrafiya lüğətlərinin ön sözlərinin müddəalarını əks etdirmişdir. Bizimlə eyni mövqedə çıxış edən dünyaca məşhur elm adamlarını da Nizami Cəfərov “kəmsavad” hesab edir?

Hər il “Oksford” lüğətinə 1500-ə qədər yeni söz daxil edilir. Məgər onların hamısı işlək sözlərdir? Diqər tərəfdən, əgər bir adam işlək olmayan bir sözün yazılışını öyrənmək istəsə, hara müraciət etməlidir?! Dil axı təkcə işlək sözlərdən ibarət deyil!

Biz, elm adamları azərbaycançılığa, milli maraqlara, Prezidentimiz İlham Əliyevin 2012-ci il sərəncamına əsasən, dünya dilçilik elminin inkişaf meyilləri istiqamətində lüğətçiliyimizin inkişafına çalışmalı olduğumuz halda, niyə bunun əksinə gedilir və A.Axundovun sağlığında ona söz deməyə cəsarət edə bilməyənlər indi mərhum akademikin ideyalarına qarşı çıxaraq ruhuna hörmətsizliik edirlər? Ümumiyyətlə, istər flektiv, istərsə də aqlütinativ dillərdə ümumişlək olmayan sözlərlə bağlı hansı fərq ola bilər ki, morfoloji xüsusiyyət irad olaraq verilir? Fundamental akademik lüğətlə işlək sözlər sözlüyünün statusu, məqsəd və vəzifələri arasındakı fərqi görmək bu qədərmi çətindir?! Sual olunur: işlək olmayan sözləri axtaranlar onları hardan tapmalı və orfoqrafik normasını necə öyrənməlidirlər? Alınma sözlərin transliterasiyasını fizik, bioloq, cərrah, bəlkə təyyarəçi müəyyənləşdirməlidir?

Keçək “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün nöqsanlarına:

Araşdırmalarımız göstərir ki, “Sözlüyün” baş redaktorunun (akademik Nizami Cəfərovun) “Sözlüy”ün içində olanlardən xəbəri yoxdur, çünki əvvəldə verilən izahlar və “Lüğətə” tutulan iradlar “Sözlük”dəki sözlərlə ziddiyyət təşkil edir. Məsələn, baş redaktorun yazdığı ön sözdə “heç bir ehtiyac olmadan (AMEA-nın Lüğətinin – müəlliflər) söz yaradıcılığı hesabına yüklənməsi və ya süni şəkildə həcmcə genişləndirilməsi” iradı işlənsə də, “Sözlük”də “kitab” leksik vahidinin kitab, kitabaltı, kitabça, kitabçı, kitabçılıq, kitabə, kitabxana, kitabxanaçı, kitabxanaçı-biblioqraf, kitabxanaçılıq, kitabxanalararası, kitabxanaşünaslıq, kitabpərəst, kitabpərəstlik, kitabsevər, kitabsevərlik, kitabsız, kitabşünas, kitabşünaslıq derivativ inkişafını görmək mümkündür.

Baş redaktor Nizami Cəfərov tərəfindən yazılmış ön sözdə astroid sözünün, əslində, asteroid olduğu iddia edilir. Amma hörmətli akademik bilməlidi ki, bunlar tamam fərqli mənalar ifadə edən sözlərdir. Astroid riyazi termindir. Asteroidlər isə, xüsusilə, Günəş sistemi içərisində olan kiçik planetlərdir.

Baş redaktor yazır ki, dialektizmlər lüğətdə əks olunmamalıdır. Amma elə həmin “Sözlük”də kifayət qədər dialektizmlər tapmaq olar. Məsələn:

HALOVUŞ (iltihab) – Bu söz Şuşa dialektində halo:uş şəklində işlənir (Çivanımın halo:uşu artmışdı, dərman qoydum, deşildi). Azərbaycan dilinin dialektoloji lüğəti.

HAYIXMAQ (cummaq) – HAYIXMAX I (Qarakilsə) 1. hücum etmək 2. irəli cummaq, şığımaq. (Hayıxır ki, öldürə, qoymullar) HAYIXMAX II (Çənbərək) özündən çıxmaq. (Mürtüz hayıxıf, saymır heş kəsdiyi). Azərbaycan dilinin dialektoloji lüğəti.

URUB (çəki vahidi) – I (Cəlilabad, Kürdəmir, Oğuz) 1. 25 qramlıq çəki vahidi (Oğuz) 2. 100 qramlıq çəki vahidi (Cəlilabad, Kürdəmir). – Urubu qoy, az alacam (Kürdəmir) II (Quba, Xaçmaz) cem (turşu). – Urubi ərigdən, cirdən bişirəllər (Quba) III (Zaqatala) 0,06 hektar … Azərbaycan dilinin dialektoloji lüğəti.

YATA (suvarma üsulu) – Kənd təsərrüfatında müxtəlif suvarma üsulları vardır: şırım, püskürmə, damcılama, selləmə və s. Lakin lüğətdə göstərilmiş yata adlı suvarma üsulu mövcud deyil.

UYDUR – (Şəki) baramanın ipəyi alınandan sonra yerdə qalan çıxar hissə. (İpəyin alılar baramanın, qalır uydur). Azərbaycan dilinin dialektoloji lüğəti.

HƏRASAN (hövlnak) – (Lənkəran). (Yoxidən hərasan oyandım, heç kəs yox idi). Azərbaycan dilinin dialektoloji lüğəti.

“Sözlük”də hətta orfoqrafik səhvlərə də rast gəlmək mümkündür. Ukraynaca səhv olaraq ukraincəukraynalı (-lar) isə ukrain (-lər) variantında verilmişdir. 2004-cü il orfoqrafiya lüğəti, 2006-cı il “Azərbaycanca-rusca lüğət” və 2005-ci il “Rusca –azərbaycanca lüğət”lərə müraciət olunsaydı, belə bir kobud səhvə yol verilməzdi.

HANNİBAL – əslində, Hannibal yox, kannibal olmalıdır, Hannibal məşhur Karfaqen generalının və “Quzuların susması” filmindəki personajın adıdır.

HANNİBALİZM – anlayışı, ümumiyyətlə, yoxdur.

HAMBALBAŞI – işlək söz deyil, arxaikləşmiş sözdür. Qəbul edə bilmədiyiniz arxaik sözlərdən olan hambalbaşı leksik vahidini niyə “Sözlüy”ə daxil etmisiniz?

HASARÇA – nə deməkdir, yoxsa bu da Azərbaycan dilinin işlək sferasında işlək sözdür?

“Sözlük”də əks olunmuş dilimizdə işlək olmayan türkcə sözlər: uysal (üzüyola), uysallıq, uynumaq (uyuşmaq), unison (ahəngdar), uzuntu (başağrısı), urup (texn), usal (ağıllı) və s.

Bu tipli nöqsanlar “Sözlük”də kifayət qədərdir. Yeri gəldikcə, onları qruplaşdırıb oxucu diqqətinə təqdim edəcəyik. Diqqətə çatdırmaq istəyirik ki, Nizami Cəfərovun “bu kitabın təcrübəsindən yararlanın” çağırışına uyğun gəlməyən nöqsan dolu bir “Sözlük” bizə nümunə ola bilməz. Bundan sonra da bu cür kitablar çıxaran müəlliflərin elmə zidd fikirləri tərəfimizdən qətiyyətlə təkzib olunacaq və elmi cəhətdən cavabı veriləcəkdir.

Elmi polemika etik normalar çərçivəsində, diçiliyimizə xidmət edərək, ümumi amallar uğrunda həyata keçirilməlidir. Əlbəttə, bizim işimiz də qüsursuz deyil. Nöqsansız iş yoxdur. Lakin gəlin bir-birimizə hörmət edək və bu nöqsanları dilçiliyimizin inkişafı naminə mədəni şəkildə aradan qaldıraq!