Məktəbin ürəyi

0
352

Daha bir dərs ili başa çatmaq üzrədir. Məktəb, müəllim, valideyn üçlüyünün narahatlığı artmaqdadır. On bir illik qarşılıqlı zəhmətin nəticəsi necə olacaq, qısa zamandan sonra bilinəcək.

Müəllim, onun insanlığın inkişafında rolu haqqında tarix boyu çox gözəl fikirlər söylənib, söylənəcək də. Bizim üçün ən müasir və ən dəyərli fikir ümummilli liderimiz, rəhmətlik Heydər Əliyevin dedikləridir: “Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, insanların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur”.

Bu və ya digər qiymətli sözləri müəllim, əlbəttə ki, dəyəri ölçülə bilməyən fədakarlığı ilə qazanıb.

Cəmiyyətin gələcəyinin intellektual, mədəni, mənəvi səviyyəsi bu gün formalaşır. Çin atalar sözündə deyilir: “Bir il üçün plan qurursunuzsa, düyü əkin; on il üçün plan hazırlayırsınızsa, ağac əkin; ömürlük planınız üçün isə insanlara təhsil verin”.

Bu möhtəşəm məsuliyyəti, sadəcə, müəllimliklə, dərsi, qarşıya qoyulan təlim-tərbiyə məqsədini yerinə yetirib işini bitmiş hesab etməklə həyata keçirmək mümkün deyil. Hər dərsin, həmin dərsin hər sinfə, hər şagirdə görə dərdini daşıyan müəllim yuxusunda da şagirdlərin qayğıları ilə nəfəs aılr. Belə müəllimlər hər birimizin həyatında olub və bu gün də vardır. Sözümə qüvvət üçün neçə illərdir tanıdığım həmkarım Nazim Əkbərovun bu günlərdə oxuduğum bir yazısından bu sətirləri yazıma əlavə etdim. “Mən ali məktəbdə oxuyanda Qasım müəllimin vəfat etdiyi xəbərini aldım. Çox kədərləndim, təəssüf etdim. Unutmadım, unuda bilmədim. Bir dəfə belə olsun şagirdini döyməyən, söyməyən, hətta qaşlarını belə çatmayan, eyni zamanda ciddiyyətini də əldən verməyən bir müəllimin həyatdan getdiyinə necə təəssüflənməyəsən?

Qasım müəllimdən yadda qalan şəfqət və mərhəmət oldu. Qasım müəllimin qızıl saatı vardımı, yoxdumu, əynindəki paltarlar bahalı idimi, yoxsa əksinə, ucuz parçadandımı, ayaqqabıları necə idi? Bütün bunların heç biri hafizələrdə qalmır, qalan insana insan kimi münasibətdir, uşaq belə olsa…”(İnsanla rəftarı öyrədən müəllimim 01 May 2014, ZAMAN) Tərif olmasın, Nazim müəllimin bu gün, özündən asılı olmayaraq, insanlarla təbəssümsüz danışa bilməməsinin bir sirri də, mənə görə, Qasım müəllimin o nurlu simasını hər zaman rəhmətlə anması olmalıdır.

Qasım müəllim o günlərdə öz gözəl insani xüsusiyyətləri, canına, qanına işləmiş pedaqoji ustalığı ilə gələcəyinin binasını ucaldırmış. Avraam Linkoln bu xüsusda necə də gözəl deyib: “Gələcəyini qabaqcadan xəbər verməyin ən yaxşı yolu onu yaratmaqdan ibarətdir”.

Bəzən fədakar, bütün varılğı, həyatı ilə müəllim olanların qədrini vaxtında bilmirik. Bununla əlaqədar olaraq iki əhvalat danışım sizlərə.

Bizdən bir sinif yuxarı Əlağa adlı məktəb yoldaşımız vardı. Həm savadı, həm tərbiyəsi ilə seçilən bu arıq oğlan bütün şagird yoldaşlarına qarşı da çox səmimi idi. Bilmədiyimiz bir şeyi soruşanda elə sadə dillə izah edərdi ki, sualın bu qədər asanlığından utanar, belə bir müəllimimizin olmasını arzulayardıq. O zaman imtahanlar biletlər əsasında aparılırdı. Yazılı imtahanların materialları isə məktəblərə xüsusi zərfdə göndərilirdi. Məktəbi ən çox da məsələ-misallar silkələyərdi. İmtahandan əvvəl müəllimlər zərfdəki məsələ-misalları həll edib rahatlanardılar. Bəzən onlar arasında mübahisə düşərdi. Həyətdə bizimlə oynayan Əlağanı çağırardılar. Tezliklə fikir ayrılığı həll olunardı.

İllər keçdi. Əlağa oxuyub müəllim oldu, özü də çox yaxşı bir müəllim. O dövrdə sovxoz rəhbərliyi ilə bir münaqişə səbəbindən o, kəndi tərk etdi. Bu itkinin qarşısını almaq üçün heç kəs təşəbbüs belə göstərmədi. Əlağa müəllim öz peşəsini dəyişməklə heç nə itirmədi. Kəndimiz isə məruz qaldığı itkinini acısını bu gün də yaşamaqdadır və uzun illər yaşamalı olacaq. Hər gün müxtəlif fənlərdən rayon mərkəzinə hazırlığa gedən onlarla şagirdi görəndə Əlağa müəllim və onun kimi müxtəlif səbəblərdən peşəsindən ayrılmalı olan tanıdığım neçələri düşür yadıma.

Bunabənzər ikinci əhvalatı bir zamanlar məktəb direktoru işləmiş, bu gün bir yerdə çaılşdığımız Eyvaz müəllim danışıb mənə. Direktor işlədiyi zaman yaxşı müəllimlərdən biri onun otağına gəlir, ondan maaşını artırmasını xahiş edir. Eyvaz müəllim belə bir imkanın olmamasını bildirəndə müəllim deyir: “Sənin imkanın yoxdur, mən də aldığim məvaciblə ailəmi dolandıra bilmirəm. Ona görə də mən bu peşədən əl çəkməli olacağam”. Müəllim sevib-seçdiyi peşəsindən ayrılmalı olur. Eyvaz müəllimin dediyinə görə o, sağlığına qismət, arzuladığı hər şeyə nail olub, itirən isə məktəb və neçə nəsillər olub.

Müəllimin əməkhaqqını artırmaq üçün israrla, xüsusi imtahan, attestasiya təklif edənlər bir şeyi bilməlidirlər ki, pedaqogikanı, müxtəlif təlim metodlarını əzbər bilmək başqa şeydir, bildiyini şagirdə öyrətmək başqa. Təhsilin inkişafı müəllimə göstərilən əsaslı qayğıdan başlanır. Bu haqda ən gözəl strategiya çoxlarımızın bəyənmədiyimiz Sovet rejiminin qurucusu V. İ. Leninin “Gündəlikdən sətirlər” əsərində müəyyən edilmişdi. Başı siyasətə, dünyanı sosialist ölkələrinə çevirmək üçün uğursuz mübarizəyə qarışan Sovet dövləti bu planı yerinə yetirə bilməsə də, o, öz aktuallığını bu gün də saxlamaqdadır. Əsərdə deyilir: “Xalq müəllimi bizdə burjua cəmiyyətində durmamış olduğu, durmadığı və dura bilməyəcəyi yüksəklikdə durmalıdır. Bu, sübuta ehiyacı olmayan bir həqiqətdir. İşlərin bu vəziyyətinə biz sistemli şəkildə, dönməz və müntəzəm şəkildə işləməklə, müəllimin mənəvi yüksəlişi, onu həqiqətən yüksək adına hərtərəfli hazırlamaq və ən başlıcası isə, onun maddi vəziyyətinin yüksəldilməsi ilə nail olmalıyıq.” (ruscadan tərcümə müəllifindir – R. A) (İstoriya pedaqogiki, Moskva, “Prosveşşeniye” 1982, səh. 333)

Bu, bizcə, müəllimləri bu gün repititorluqla öz enerjilərini tükətməkdən xilas etməyin, şagirdlərin bilik səviyyəsi üçün məktəblərin məsuliyyətini artırmağın ən gözəl yoludur. Bir az da irəli gedib, məktəb pedaqoji şurasına daha yaxşı nəticələr göstərən müəllimlərin əməkhaqqını artırmaq səlahiyyəti vermək də müsbət bir yenilik ola bilər.

Digər tərəfdən, bütün peşə sahiblərini hazırlayan müəllimə bu cür münasibət bəsləyənlər müəllimin rifahının yüksəldilməsindən niyə əndişə duyurlar, görəsən? Dövlətimizin mövcud iqtisadi qüdrəti müəllimlərimizi də dünyada rifahı yaxşı olan ən qabaqcıl ölkələrin sırasına salmağa qadirdir.

Məsələ burasındadır ki, hamı günümüzdə uşaq tərbiyəsinin çətinləşdiyindən xəbərdardır. Bu gün yüksək maaş və təqaüdə çıxdıqdan sonra da kifayət qədər təminatı olan müxtəlif peşə sahiblərini hazırlayan müəllimin vəziyyəti lap – “hamını bəzər, özü lüt gəzər” – iynə tapmacasına bənzəyir.

Unutmaq olmaz ki, ağacın məhsuldarılğını artırmaq üçün qol-budağına deyil, kökünə qulluq etmək lazımdır. Elmi-texniki tərəqqinin inkişafından asılı olmayaraq müəllim həmişə məktəbin, bütövlükdə cəmiyyətin döyünən ürəyi olmuşdur. Kosmetik tədbirlərlə müəllimin, məktəbin mükəmməl inkişafına nail olmaq mümkün deyil. Əvvəlcə, qayğı göstərmək, sonra tələb etmək lazımdır. Dərs ilini uzatmaq, dərs yükünü artırmaq müəllimin onsuz da gərgin olan işini bir az da ağırlaşdıra bilər. Uşaq vaxtı zarafatyana deyərdik: “Qarnımı doyur, hər işə buyur”. İnanmıram ki, kifayət qədər əməkhaqqı alan, yüksək təqaüd təminatı olan müəllim işinə məsuliyyətsiz yanaşar.

Allah insanlıq dərsi deyən bütün müəllimləri qorusun, onlara xalqımızın intellektual inkişafı, dövlətimizin iqtisadi tərəqqisi yolunda inamla yerimək, öz vəzifəsini ləyaqətlə yerinə yetirmək, layiq olduğu qiymətin ləzzətini yaşamaq qismət eləsin. Amin!

Rahib Alpanlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here