Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”

0
62

Rusiya turizm bazarında uzaq ölkələrlə müqayisədə yaxın xaric istiqamətlərinin rəqabət qabiliyyəti getdikcə artmaqdadır. Çox hallarda onlar Avropa səviyyəsində xidmət təklifləri, daha sərfəli və rahat yol kimi üstünlüklərə malikdir. Cəmi bir neçə il əvvəl “Tour A Vent” şirkəti bazarda ikili qisimdə – həm Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndəliyi, həm də etibarlı turopertor kimi daxil olan zaman Azərbaycan da səyahət və istirahət üçün cazibəli turizm istiqaməti qismində özünü göstərməyə başladı. Bununla Rusiya sakinlərində cənub qonşu ölkəyə maraq da artmağa başladı. Məlum oldu ki orada həm gözəl çimərliklər və rahat hotellər, həm də dağ xizək kurortları, müalicəvi Naftalan nefti, əhəmiyyətli tarixi abidələr və diqqətəlayiq maraqlı yerlər mövcuddur.

“Tour A Vent” şirkətinin baş direktoru Alla Arriyeta Kordoves Vesti.ru-nun “Turizm” xüsusi layihəsinə müsahibəsində bu barədə ətraflı söhbət açıb.

– Biz 2015-ci ilin dekabrında fəaliyyətə başladıq və artıq 2016-cı ilin əvvəlində genişmiqyaslı təqdimatlar keçirdik, Rusiya turizm sənayesi nümayəndələrini kimliyimiz və qarşımıza qoyduğumuz məqsədlər haqda məlumatlandırdıq. O zaman Rusiya turizm bazarında Azərbaycanın mövqeləri kifayət qədər aydın deyildi. Lakin bu məqamda bazarda iki güclü oyunçu – Türkiyə və Misir istiqamətində səyahətlər zəiflədi. Həmin istiqamətlərlə uzun illər işləmiş turoperatorlar xidmətlərini kimə təklif etmək, kiminlə işləmək suallarına gərgin halda cavab tapmaq məcburiyyətində qalmışdı.

 

– Bəs Azərbaycan geniş “all inclusive” xidmətlərinə malik kütləvi turizm ölkəsi kimi Türkiyə ilə Misirə alternativ sayıla bilərmi?

– Təbii ki yox. Bizdə olduqca keyfiyyətli çimərliklər var, lakin biz klassik çimərlik istiqaməti deyilik. Digər tərəfdən, Azərbaycanın elə üstünlükləri və özəllikləri var ki, hətta Misir-Türkiyə xidmətlərinə alışmış turistlərin belə marağını özünə cəlb edə bilir.

Buna görə “Tour A Vent” ilk olaraq Rusiya turagentləri arasında kütləvi maarifləndirmə işləri aparmağı qarşısına məqsəd qoydu. Dərhal fəal şəkildə tanışlıq təyinatlı fam-triplər və press-turlar təşkil edildi ki, Rusiya turizmi peşəkarları öz gözlərilə görsünlər ki Azərbaycan nədir, hansı “dad-tam”lara malikdir. Məlum oldu ki, onun dadı həqiqətən çox gözəldir! Həm həqiqi, həm də məcazi mənada.

Bu gün artıq çoxlarına məlumdur ki Azərbaycan olduqca rəngarəng, cazibədar və yaddaqalan ölkədir. Görməli yerlər, müalicəvi xidmətlər, ilıq dəniz və kütləvi şəkildə rusca bilən səmimi əhali. Bunların hamısı bizə Rusiyanın keçmiş Türkiyə-Misir meyilli turisti üçün mahiyyətcə yeni maraq dairəsini formalaşdırmağa imkan yaratdı. Seçdiyimiz yol olduqca çətin oldu: məzuniyyətdə “çimərlik” həvəskarlarının köhnə vərdişlərini dəyişmək, maraq dairəsini genişləndirmək yeni növ istirahətə zövq aşılamaq və eyni zamanda isə günəş-çimərlik və bol dadlı yeməklər kimi ənənəvi istəklərini təmin etmək. Sadəcə, Azərbaycanın xeyli çox başqa üstünlükləri də var.

O zaman baş verən maliyyə böhranı şəraitində bizim istiqamətin mühüm əlavə üstünlüyü üzə çıxdı – qısa məsafəyə sərfəli qiymətlə uçuşlar. Çox keçmədən adamlar özləri gəlməyə başladılar. Biz isə əməkdaşlarımız olan Rusiya turagentlərinin köməyi ilə turist qruplarını formalaşdırmağa başladıq. Məlumdur ki, rusiyalılar əsas etibarilə uçuş, yaşama, qidalanma, ekskursiyalar və transferlərdən ibarət olan paket turlarına üstünlük verir. Adam qayğısız-filansız dincəlir, istirahətdən həzz alır, çoxlu yeni duyğu və bilgilər toplayır.

Əlbəttə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bizə geniş dəstəyi, ölkəni turizm bazarında irəli aparmaq işində hərtərəfli yardım göstərməsi bizim üçün böyük kömək oldu. Nəhəng Rusiya ərazisində bu sahədə böyük maliyyə məsrəfləri tələb olunur. Rusiyada reklam da çox baha başa gəlir, xüsusilə də televiziya reklamı. Buna görə qərara aldıq ki, reklam yerləşdirərkən artıq çox populyar olan və zənnimizcə böyük perspektivlərə malik olan dağ-xizək istiqamətlərinə – Şahdağ və Tufandağ turizm komplekslərinə xüsusi diqqət verək. Bunlarla yanaşı, Azərbaycanın digər istirahət istiqamətlərini həmçinin internetdə və müxtəlif KİV-lərdə reklam edirik.

 

– Bəs bu reklam nə qədər effektlidir?

– Bilirsiniz, birdəfəlik konkret effekti hesablamaq çox çətin məsələdir. Adam çoxsaylı müxtəlif mənbələrdən məlumat almalıdır ki, onu, necə deyərlər, hər bir guşədən təsdiq etsinlər. Yeri gəlmişkən, ölkədə keçirilən tədbirlər də əla reklam alətidir. Tanınmış müğənni Eminin keçirdiyi “Jara” beynəlxaq musiqi festivalına Rusiyadan minlərlə qonaqlar gəlir. Hələ saysız-hesabsız jurnalistləri demirəm. Onlar bu musiqi bayramının heyranedici ab-havasına dalaraq, respublikanın təbii və mədəni sərvətlərindən heç olmasa bir qarış məlumat əldə edərək, ölkədən məftun halda qayıdırlar. Sonra isə KİV-lərdə, sosial şəbəkələrdə heç də yalnız festivalın “ulduz”larından deyil, habelə ümumən onlara vurğunluq hissi və xoş duyğular bəxş etmiş ölkədən söhbət açırlar. Hər il Qəbələdə keçirilən musiqi festivalı da ictimaiyyəti çox sevindirir. Bundan əlavə, Formula 1 yarışması, başqa idman tədbirləri də var ki, Bakı küçələrində qonaq izdihamları yaradır. Məsələn, ötən il İslam Həmrəyliyi Oyunları, ondan öncə isə Avropa Oyunları keçirildi. Bunların hamısı turizm üçün gözəl stimuldur.

 

– Belə çıxır ki, “Tur A Vent” turoperatoru proqram və marşrutlarının tərtibatında “hadisə təqvimini” də nəzərə alır?

– Əlbəttə, biz tədbirləri ziyarət təyinatlı xüsusi paketlər hazırlayaraq qonaqları şəhərlə tanış edəcək ekskursiya proqramı da onlara daxil edirik. Bakıda bu il artıq üçüncü dəfə keçiriləcək Şopinq festival ilə əlaqədar bizim oxşar paketimiz də var. Bütün bunları həmçinin “Azərbaycanın qızıl üzüyü” və “Böyük İpək Yolu” kimi daimi turizm marşrutlarımıza da daxil etmək mümkündür.

 

– Bəs təcrübənizə görə, Azərbaycanda turizmin hansı növü rusiyalılar tərəfindən daha çox bəyənilən sayıla bilərmi?

– Hər bir turistin öz fərdi zövqü olur. Amma qonaqlarımızın təkcə mövcud ümidləri doğrulmur. Müşahidələrimizə görə, onların bir çoxu ölkəni təkrar ziyarət etmək istəyir. Bu o deməkdir ki, onlar birinci səyahət müddətində zövq aldıqlarından doymur. Belə “təkrar” gələnlər Rusiyadan turist axınının təxminən yarısını təşkil edir. Bu mənada həftəsonu turlar xüsusilə uğurludur. Onlara uçuş, 4-5 ulduzlu mehmanxanada qalma və ekskursiyalar daxildir, qiymətləri isə 250 dollardan başlayır. Vaxt çox məhduddur və yalnız Bakı və ətraf ərazilərlə tanışlığa imkan olur. Ekskursiya aparıcıları və yerli sakinlər isə qonağı şirnikdirirlər: “Bilirsiniz, bizdə hələ neftlə müalicə də var. Xəbəriniz var ki, Şəkidə olduqca dadlı halva hazırlayırlar”. Belə halda əlac qalmır – bura qayıtmamaq olarmı? Başqa sxem də var. Məsələn, yazda bizə gələn turist görür ki, çimərliklər var, özü də ki lap əla! Deməli, yay fəslində də bura mütləq gəlmək lazımdır!

– Siz hotellərdən danışdınız. Məlumdur ki, Azərbaycanda daha çox dəbdəbəli möhtəşəm hotellər tikilir…

– Elədir ki var. Lakin nisbətən yaxın zamanda yaranan təmayül bizi sevindirir – respublikada üçulduzlu hotellərlə hostellərin sayı artır. Özü də bir qayda olaraq onlar şəhərin mərkəzində açılır. Təminatlı qrup turlarını biz aşağıqiymətli hotellər əsasında formalaşdırmağa çalışırıq. Lakin fərdi sorğu ilə istənilən başqa hotellər əsasında da turlar mümkündür. Hər il biz Azərbaycan sərhədini Rusiya tərəfdən keçən turistlərin sayı (yəni adam girişdə deyir ki, səyahətinin təyinatı məhz turizmdir) barədə yekun məlumat alırıq. Belə ki, son üç il müddətində Rusiyadan turist axını ilbəil 20-30% artır.

 

– Hansı növ reklamı siz daha fəal tətbiq edirsiniz?

– Məsələn, keçən il bizim road-şoumuz çox uğurlu oldu. Azərbaycan regionlarının və hotel şəbəkələrinin nümayəndələri Sankt-Peterburq, Kazan, Yekaterinburq və Moskvada yerli turizm sənayesi nümayəndələri ilə ünsiyyətdə oldu. Nəticəsi özünü demək olar ki dərhal büruzə verdi. Məlum oldu ki, turagentlər və operatorlar bizim məlumatı öyrənməkdə çox maraqlıdır. Road-şoumuzun təsiri keçirildiyi yerlərdən gələn sifarişlər baxımından faktiki olaraq hər gün duyulur. Bu il, fikrimcə, hətta bir neçə belə tədbir təşkil edəcəyik.

– Siz müştərilərlə birbaşa da işləyirsiniz, yoxsa sırf tərəfdaşlar vasitəsilə?

– Müştəri “Tur A Vent”ə birbaşa da müraciət edə bilər. Lakin belə müştərilərin sayı cəmi 15-20% faiz təşkil edir, əsas turist axınını biz yenə də turagenlərdən əldə edirik. Kazanda, Sankt-Peterburqda və əlbəttə ki, Moskvada bizim çox gözəl tərəfdaşlarımız var. Bizim marşrutlara əsas müştəri mənbələrindən biri “1001 tur”, TBS turizm agentlikləri şəbəkəsidir. May ayına biz əlaqədar agentliklər üçün Azərbaycan üzrə növbəti fam-tur hazırlayırıq.

– Azərbaycanda hotel sahiblərinin qiymət siyasətini çevikliyi baxımından necə xarakterizə edərdiniz?

– Müəyyən çətinliklər hələ də qalır. Lakin yaxşıya doğru təmayül də var. Yəqin bilməmiş olmazsınız ki, əvvəllər Azərbaycan məzuniyyətçilərə çox da istiqamətlənmirdi. O əsasən işgüzar turizm, MİCE tədbirləri üçün əlverişli sayılırdı və bu gün də sayılmaqda davam edir. Bu isə bir qədər fərqli qiymət seqmentidir. Lakin hotel sahiblərinin ən uzaqgörənləri bizneslərinin məhz turizm bazarından qidalandığını nəzərə alaraq yenidənqurmaya cəhd edir.  Hotellər var ki, bizə turoperator qismində xüsusi tariflər verir. Onlar anlayır ki biz vasitəçi turagentliklərlə bölüşməliyik. Lakin ümumilikdə, bəzən elə olur ki, qiymətlər həddindən yüksək sayılır, xüsusilə də turistin müqayisə edə bildiyi hallarda.

– “Buta Airways” loukoster şirkətinin bazara qədəm basması faydalı oldumu?

– Biz turoperatorlar üçün çətin ki ola. Loukoster tariflərini paketlərimizə əlavə etməyə, təəssüf ki haqqımız yoxdur, onlar yalnız fərdi şəxslərə hesablanıb. Təsisçi aviaşirkət olan “Azərbaycan Hava Yollarının” daxili siyasəti belədir. Lakin bu, Azərbaycanı, şəksiz ki, fərdi turistlər üçün daha cazibəli etdi. Odur ki, ölkəni turizm bazarında irəlilətmə baxımından bu doğrudan da faydalı addım oldu.

– Vaxt keçdi və hazırda Rusiya bazarına yenidən Türkiyə ilə Misir qayıtmaqdadır. Sizin işə bu necə təsir edir?

– Bilmək istəyirsiniz ki, Rusiyadan əhalinin Azərbaycanı unudub dərhal bu ölkələrə üz tuta biləcəyindən qorxuruq, yoxsa yox? Xeyir, belə təmayül müşahidə olunmur. Çünki Azərbaycanın artıq istiqamət olaraq öz reputasiyası formalaşıb. Hətta deyərdim ki bu gün Azərbaycan dəbdədir. Ötən ilin ortalarından başlayaraq sevindirici bir vektor əmələ gəlir – əvvəllər populyarlıq zirvəsində olan Gürcüstan indi, necə deyərlər, estafeti Azərbaycana ötürür. Dost yarışımızda bazarda əsas rəqibimiz olan bu ölkəni biz yavaş-yavaş qabaqlayırıq. Əlbəttə, biz mehriban qonşuyuq, lakin eyni zamanda ölkələrimiz, onların abu-havası, adamları və mətbəxləri çox fərqlidir. Və etiraf etməliyik ki hotel bazamız da qat-qat üstündür, xidmətlər də Avropa səviyyəsinə daha uyğun.

– Bəs “Tur A Vent” Rusiya kurortları ilə rəqabət aparmırmı?

– Bu bir qədər başqa müştəri kontingentidir. Krımla Soçiyə elələri gedir ki, sırf dənizə əhəmiyyət verir. İllərlə ora gedirlər. Biz isə necə olsa kompleks proqramlar təklif edirik: ekskursiyalı, müalicəvi,  bilgili və qastronomik proqramlar.

– Yeni mövsümdən nə gözləyirsiniz?

– Əlbəttə ki, turist axınında artım. Çimərlik istiqamətini genişləndirmək arzusundayıq. Xəzər dənizi kifayət qədər mülayimdir, suyu o qədər də şor deyil, girişləri əydəmli, çimərlikləri isə qumlu. Buna görə qonaqlarımız onu çox bəyənir. Artan tələbatı qane etmək üçün məhz dənizkənarı hotellər çatışmır. Çünki hətta ötən illər Maldiv və Seyşel adalarında istirahət edən olduqca imkanlı rusiyalılar Azərbaycan kurortlarına müştəri gözü ilə baxmağa başlayır.

Onların tələbkar zövqünə cavab verən hotellər və kurortlar isə dəniz kənarında hələ ki çox deyil. Ümid edirik ki tezliklə onlar da yaranar, daha münasib qiymət seqmentinə aid yerləşdirmə məkanları da.

Tez bir zamanda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qonaqlarımızın rahatlığını təmin edəcək elektron bələdçi – Azərbaycan üzrə mobil yolgöstərənin buraxılışı planlaşdırılıb. Onun strukturu və iş mexanizmlərinin yaradılması üzrə artıq iş gedir. Bu proqramda bütün diqqətəlayiq yerlər, hotellər və restoranlar əks olunacaq. Onun köməyi ilə taksi çağırmaq, hoteldə nömrə sifariş etmək bu ya hər hansı tarixi abidə haqda məlumat əldə etmək imkanı olacaq.

– Biz hadisələrə aid proqrama toxunmuşduq. Bəs Azərbaycanda, məsələn, qastronomik festival keçirilməsi planlaşdırılmır? Uğurlu olardı.

– Bu qəbildən bir çox kiçik regional festivallar var ki, turistlər arasında da geniş rəğbətə malikdir. Amma həqiqi miqyaslı qida və şərab festivalımız hələ mövcud deyil. Bu çox gözəl ideyadır və biz bunu mütləq Mədəniyyət və Turizm Nazirliyinə çatdırarıq. Amma Moskvada Azərbaycan mətbəxi festivalını keçirmək fikrimiz var – master-klasslar, kulinariya ənənələrimiz barədə söhbətlər, dequstasiyalar keçirilməsi ilə. Onun şəhərin mərkəzi meydanlarından birində keçirilməsini istəyərdik. Axı bunun özü belə çox gözəl turizmi reklam formasıdır.

– Öz aləminizdə hər hansı tərzdə “Tur A Vent”in turoperator və nümayəndəlik kimi fəaliyyətində fərq görürsünüzmü?

– Əsas etibarilə bunlar biri birinə o qədər sıx qovuşur ki, bölünməz olur. Biz təzə fəaliyyətə başlayanda çoxlarını belə bir hal nəinki təəccübləndirir, hətta qıcıqlandırırdı: axı həm turoperator və nümayəndəlik eyni simada necə ola bilər. Bu gün isə açıq-aydın görünür ki, gündəlik turoperator işimiz də bir çox məqamlarında həmçinin irəliləməyə istiqamətlənir.

Biz elə unikal paketlər hazırlamalı idik ki, öncə heç kim nə yaratmış olsun, nə də ki istiqamətə cüzi maraq olduğundan yaratmaq fikrinə düşsün. Biz isə bunu etdik. Biz faktiki olaraq Rusiya bazarında Azərbaycanın turizm imicini yaratmağa nail olmuşuq.