Budaqlarını qırsan ağac səndən küsər

0
417

 

Nəsillər dəyişdikcə hər nəslin özündən sonrakını bəyənməməsi onların savaşına gətirib çıxarır. Bu çox təbii olan prosesdir. İndi üzümüzü güldürən, bizi əyləndirən, güclə yeriyən təzəcə dil açmış körpələr 20-30 il sonra ölkə iqtisadiyyatını, təhsili, ticarəti, ən azından bir ailəni idarə edəcək. Bu səbəbdən onları tərbiyə edərkən cəmiyyətimizdə bizi narahat edən və gələcəyimizi təhlükə altında qoyacaq məsələləri nəzərə almalıyıq. Onların ağ vərəq kimi tərtəmiz olan beyinlərinə faydalı qabiliyyətlər, vərdişlər yazmalıyıq. İndiki cəmiyyətimizə baxdıqda hansı neqativ halları görürük? İnsanları laqeyd, soyuq olan, qonşuluq- qohumluq əlaqələrinin zəiflədiyi, uşaqların kompüter arxasında, gənclərin gözləri telefonda, böyüklərin televizor qarşısında kilidlənmiş olduğu bir cəmiyyətdə yaşayırıq. Uşaqlar üsyankar, inadcıl, valideynlər gərgin, aqressiv. Texnika əsrində yaşayırıq, televizordan, kompüterdən, telefondan və s. imtina edə bilmərik. Ancaq nəzərə alın ki, həkimlər, psixoloqlar ən azı 3 yaşına kimi uşaqları bütün texniki vasitələrdən uzaq tutmağı məsləhət görürlər. Bunun fiziki fəsadlarıyla bərabər psixloloji fəsadları da vardır. Bu fəsadların məsuliyyəti bizə aiddir. Balacalara hər şeyi biz təqdim edirik, bizim cızdığımız çərçivədə tanıyırlar əşyaları, məvhumları. Hər uşaq öz valideyninin güzgüsüdür. Biz kitabı deyil, televizoru seçiriksə və övladımıza da bunu qadağan ediriksə bu tamamilə yanlış tərbiyə şəklidir. Əvvəllər küçələr futbol oynayan uşaqlarla dolu olardı. İndi futbol belə kompüterdə oynanılır. Saatlarla ekran qarşısında reklam, cizgi filmi izləyən balacalar öz qabiliyyətlərini kəşf etmirlər, ya içinə qapanıq olurlar, ya da tam tərsi qırıb- tökən. Qardaşım 7-8 yaşlarında olarkən dəftər vərəqlərindən not dəftəri düzəldər, yapışqanlı şəkillərlə bəzəyərdi ki, heç beləsini satışda da tapa bilməzdik. İndi isə hər şeyin hazır şəkildə uşaqlara verilməsi onların fantaziyalarını məhv edir. Hətta rəsm albomunu belə çəkilmişini veririk ki, rəngləsinlər. Körpələrə özlərini, qabiliyyətlərini formalaşdırmağa icazə vermək lazımdır. Onları öz əlimizlə hazır robota çeviririk.O zaman gələcəyimizi  cılızlaşdırır, bəsitləşdirir, məhv edirik. Uşaqların ekoloji baxımdan tərbiyəsi çox əhəmiyyətlidir. Onlara yedikləri konfetin, dondurmanın kağızını yerə atmağa icazə verməyin. Bunu bir oyun kimi edin, zibili yerə yox bələdiyyələrin qoyduğu zibil qutularına atmağa vadar edin. Necə ki, evdə oyuncaqlarını dağıdarkən danlayırsınız, bunu küçədə yerə tüpürərkən də edin, yaxşı iş tutmadığını bildirin. Bununla onlarda küçə mədəniyyəti formalaşdırın. Bütün günü evdə rəngli, səsli, işıqlı oyuncaqlarla oynayan uşaqlara hərdən istirahət də lazımdır. Bu cür oyuncaqların əksəriyyətinin öyrədici təsiri olmur, balacaları sadəcə əyləndirir. Hələ evdə az oynayırlar, çölə çıxarkən də özləri ilə aparmağa imkan verilir. Uşaqların təbiəti, quşu, ağacı, daşı, torpağı kəşf etməsi çox əhəmiyyətlidir. Beləliklə onlar hərşeyin necə canlı olduqlarını, dünyanın sadəcə oyuncaqdan ibarət olmadığını dərk edərlər. Şəhərdə böyüyənə kənd həyati necə də maraqlıdır, çünki onlar heç vaxt  təbiətlə bu qədər iç-içə olmurlar. Ancaq, uşaqlara ağacları qırmağa, çiçəklərini qoparmağa icazə vermək olmaz. Onlara uşaqca  başa salmaq lazımdır ki, çiçəkləri qoparsan ağac meyvə verməz, sən də gilas, şaftalı yeyə bilməzsən. Budaqlarını qırsan ağac səndən küsər. Hər şeyi onların anlayacağı dillə demək, öyrətmək lazımdır. Bir də görürsən həyətdə qumla, palçıqla oynamaq istəyəndə valideyn icazə vermir. “Əlini quma vurma, palçığa toxunma, paltarın çirkləndi, əlin toz oldu…” Tez başlayırlar uşağı ordan uzaqlaşdırıb atraksionlara aparmağa. Düzdür, əyləncəlidir, amma bir atraksion uşağa nə öyrədə bilər? Palçıqla oynamaq, əllərini, üzlərini, paltarlarını batırmaq onların ən təbii haqqlarıdır. Onları bu zövq verən  haqqlarından məhrum etmək olmaz. Uşaqlar üçün ən mükəmməl plastirin özlərinin sudan, torpaqdan “istehsal” etdikləri palçıqdır.

Tükəzban Məmmədli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here