Milli Dram Teatrı “Cəhənnəm sakinləri” ilə festivalda iştirak edəcək

0
32

Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir
səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı
təmsil edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə,
sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının
kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq.

Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa
üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək,
qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və
rejissorlar seminarlarda iştirak edəcəklər.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan
səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti
Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər
İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində
xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar
artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev,
Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin
Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə
edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata
keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur,
onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını
bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində
peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl
mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə
səbəb olduğunu göstərir.

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin
təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif
ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması istiqamətində addımlar atmaqdır.

Festivala həmçinin, çoxmədəniyyətli anlaşma və ikitərəfli əməkdaşlığı
inkişaf etdirmək məqsədinə xidmət edir.