Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım: ”Amma çox istəyərdim ki…”

0
303

Şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanları heç vaxt unutmaq, yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi hər an anır, onların ailələri ilə görüşür, dərdlərinə şərik oluruq.

Bir neçə gün öncə aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevin  ailəsində olduq. Rahim Tağıyevin  həyat yoldaşı Vüsalə xanım ona ünvanladığımız elə ilk sualdan yaman kövrəldi: göz yaşlarına hakim ola bilmədi. Nə gizlədim, buna görə hətta özümü qınadım da. Elə mən bu düşüncələrdə ikən Vüsalə xanımın: “Bu kimi suallar verməklə Vətən yolunda canlarından keçənləri yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq sizin borcunuzdur, Esmira xanım!” sözləri məni bu əzabdan xilas etdi. Və əlavə etdi: “Bizim hər bir şəhidimiz, o cümlədən Rahim də təbliğ olunmalıdır”.

Az sonra: “11 il Goranboyun Qızılhacalı kəndində yaşamışıq”, – sözləri ilə söhbətini davam etdirən Vüsalə xanım maraqlı bir əhvalatla xatirələrə baş vurdu: “Bir dəfə Rahimlə gedərkən yolun kənarında evlərinin qarşısında bir qoca kişi ilə qoca qadının oturduğunu gördüm. Dedim, ay Rahim, yəqin biz də qocalanda onlar kimi oturub uşaqların yolunu gözləyəcəyik. Rahim dedi ki, təki onların yolunu gözləyək, bu ki xoşbəxtlikdir. Amma hadisələr elə cərəyan etdi ki, uşaqlar onun yolunu gözləməli oldular… Rahim bizi tək qoyub getdi. Həmin o qocalar kimi qocalmaq mənə nəsib olmadı. Onunla keçirdiyim günlər yadıma düşəndə elə kövrəlirəm ki… Bəzən də əlimə qələm alıb həmin günləri şeirə cevirməklə rahatlıq tapmağa çalışıram. Rahim çox ailəcanlı idi. Onunla 16 il bir yastığa baş qoymuşam”.

Vüsalə xanımın sözlərinə görə, hərbçinin həyat yoldaşı olmaq həm çətindir, həm də şərəflidir: “Rahimlə bərabər biz də hərbçi həyatı yaşamışıq desəm, yanılmaram. İnandırım sizi, Rahim nə bayram günlərində, nə də uşaqların ad günlərində evə vaxtında gələ bilmirdi. Amma zəng edib tez-tez halımızı soruşurdu. Evə gələndə də bizə elə gözəl yaddaqalan anlar yaşadırdı ki… O günlər yada düşəndə elə kövrəlirəm ki… Amma göz yaşlarımı uşaqlardan gizlətməyə çalışıram. Uşaqlar da çox həssasdırlar. 3 övladım var: bir qız, iki oğul. Böyük qızım 15 yaşındadır. Atası şəhid olanda balaca Nicatım 6 yaşında idi. Hələ məktəbə getmirdi”.

Vüsalə xanım Rahimlə keçirdiyi son günləri isə belə xatırladı: “2016-cı ilin aprel döyüşləri başlamazdan əvvəl evə gəldi. Pal-paltarını hazırlamağımı tapşırdı. Mən də onun dediklərini canla-başla yerinə yetirdim. Gedəndə… Nicatın başını sığalladı, dəfələrlə onun üzünə baxdı. Mənə dedi ki, uşaqlara heç vaxt korluq vermə. İstədiklərini də al. Aprelin 1-də zəng etdi. Salam-kəlamdan sonra dedi ki, Nicat yanında? Dedim, yox. Yəqin ona nə isə demək istəyirmiş. Sonra da mənə vəsiyyət edirmiş kimi dedi: “Uşaqlar sənə əmanətdir a… Çalış həmişə güclü ol. Bəlkə mən gəlmədim…” Bu sözlərindən sonra telefon əlaqəsi kəsildi.

 

Vüsalə xanım bu yerdə söhbətinə ara verdi. Az sonra göz yaşlarını silib davam etdi: “Rahim ağır yaralanan gün anamım əlindən boşqab düşüb qırıldı. Həmən dəqiqə ürəyimə sanki bir ox sancıldı. Anamgildən ağlaya-ağlaya çıxıb evimizə sarı yollandım. İnandırım sizi, yolda hamı mənə baxırdı. Ürəyimdə bir sıxıntı var idi. Buna rəğmən, camaatın danışıqlarını eşidirdim. Deyirdilər, görəsən yoldaşından nə xəbər var? Evə çatanda uşaqların da narahat olduqlarını gördüm. Hər dəfə televiziyada tank sözü eşidən kimi ürəyim çırpınırdı. Evə gələn zəngdən bildirdilər ki, bəs Rahim Tərtərdə qospitaldadır. Tez özümüzü onun yanına çatdırdıq. Sən demə, tankla minaya düşüb, başından ağır yaralanıbmış… 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra 37 yaşında gözlərini əbədi yumdu Rahimim. Bu 3 ayda onu tək qoymamağa çalışdım, Bakıya – müalicə olunduğu xəstəxanaya tez-tez baş çəkdim. Bir dəfə yanında olanda dedim ki, Rahim, yenə gəlmişəm, yenə yanındayam. Mənim bu sözlərimə o, qolunu azacıq qaldırmaqla reaksiya verdi. Mən da başladım ona uşaqlardan danışmağa. Gözlərindən yaş axdı. Mənə elə gəlirdi ki, Rahimimin vəziyyəti yaxşılaşacaq. Amma… Onu  da deyim ki, mən onun bu vəziyyətinə dözə bilmirdim. Rahimi o vəziyyətdə görəndə halım pisləşirdi. Hər dəfə də təcili yardım gəlib məni ayıldırdı…”

Rahimin 18 il hərbi qulluqda olduğunu və bu müddətdə çoxlu fəxri fərmanlara, medallara layiq görüldüyünü bildirən Vüsalə xanım ölümündən sonra həyat yoldaşının “Hərbi xidmətdə fərqlənməyə görə” 3–cü dərəcəli medalla təltif edildiyini vurğuladı: “Amma çox istəyərdim ki, ona “İgidliyə görə” medalı verilsin. Çünki Rahim həqiqətən igid idi. Vətənini, torpağını sevən idi”.

 

“Mən hər dəfə Şəhidlər xiyabanına gələrkən onun məzarı başında bütün olab-keçənlərdən danışıram. Amma nə gizlədim, daşla danışmaq çox çətindir” sözləri ilə söhbətini davam etdirən Vüsalə xanım daha sonra dedi: “Biz şəhid ailələrinə dövlət qayğısı və diqqəti var. Mingəçevirin bütün təhsil ocaqlarında, idarə, müəssisələrində, icra hakimiyyətində anım tədbirləri keçirilir, bizi də dəvət edirlər. Çox sağ olsunlar, çox razıyıq. Bu yaxınlarda Türkiyə və Azərbaycan şəhid övladları üçün həyata keçirilən bir tədbirə Azərbaycandan 40 şəhid övladı Türkiyədə 12 günlük  gəzintiyə aparılıb. Mənim iki övladım – Nihat və Ülkər bu gəzintidə iştirak edib. Uşaqlar Türkiyədə bu ölkənin baş naziri Binəli Yıldırımla görüşüb, Çanaqqalanı ziyarət ediblər. Uşaqlar deyirlər ki, ay ana, Türkiyədə şəhidlər xiyabanında azəri şəhidləri də gördük. Orada uşaqlar atalarından – Ramindən fəxrlə danışıblar. Şəhid övladları ilə görüşlər yaddaşlarında dərin iz buraxıb. Bir sözlə, bu görüş uşaqlar üçün bir təsəlli olub”.

Növbəti sualımız Vüsalə xanıma: “Bəs siz təsəllini nədən alırsınız?” oldu. O: “3 övladımdan…Bir də dəvət aldığım tədbirlərdən. Onu da deyim ki, Aprel döyüşləri ilə bağlı Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: Şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb. Kitabda Aprel döyüşündə həlak olan qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat yolundan onların doğmaları, dostları söhbət açıb, igid oğullarımızın həyatlarının müxtəlif məqamlarından ibarət rəngli şəkilləri də xatirə kimi kitabda yer alıb. Kitabda, eyni zamanda, Aprel döyüşünün iştirakçısı olan qazilərimiz də şahid kimi həmin döyüşlərdə baş verən hadisələrdən danışıblar. Kitabın təqdimatına biz aprel şəhidlərinin ailələri də dəvət olumuşdular. Həmin kitabın təqdimatına həsr olunan tədbirlə bağlı hazırlanmış tamaşada hər aktyor uzərində şəhidlərin şəkili olan köynəklər geyinmişdilər. Tamaşa çox təsirli idi; analar öz oğullarını axtarırdılar. Mən  də Rahimi yaralılar içərisində axtarırdım. Hə, həmin tədbirdə millət vəkili Qənirə Paşayeva yanımıza gəlib bizimlə görüşdü, acılarımıza şərik oldu. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev Zirvəsi” – adlı qısametrajlı sənədli film çəkib. Bütün bunlar da bizə bir təsəllidir. Amma ən böyük təsəllim torpaqlarımız alınanda olacaq. İstəmirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlarda murdar erməni daşnaklarının izləri olsun”.

 

Həmsöhbətimiz söhbətinin sonunda isə belə dedi: “Bu  gün Qarabağ torpaqlarımız – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək və zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…

Esmira Hidayətova, Mingəçevir