“Şah Qacar” növbəti dəfə nümayiş olunacaq

0
230

Aprelin 13-də Akademik Milli Dram Teatrında “Şah Qacar”
tamaşası növbəti dəfə nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün
deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında
hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı
xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı xalq
artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi
akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi əsasında hazırlanıb.

İki hissəli səhnə əsərində əməkdar artist Abbas Qəhrəmanov (Ağa
Məhəmməd şah Qacar), xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım),
əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), aktyor Elnar Qarayev
(Kərim xan Zənd), əməkdar artistlər Anar Heybətov (Cəfərqulu xan),
Aslan Şirin (Şeyx Cəfər Tonkabani), aktyor Mətləb Abdullayev (Məhəmməd
Əli xan Bəylərbəyi), əməkdar artistlər Kazım Abdullayev (Əli xan
Cocuq), Elşən Rüstəmov (Əli xan Şambatayi), Ayşad Məmmədov (Axund Hacı
Babək), aktyorlar Samirə Xanlarova (balaca qız), Canəli Canəliyev
(Balaca Qacar), Fəridə Şahbazova və Xədicə Novruzlu (Yeniyetmə qız) və
İmran Əli Qurban (Yeniyetmə Qacar) çıxış edirlər.

Tamaşanı Ceyran Həsənli idarə edəcək.

Şah Qacarın sarayında baş verən kəskin hadisələr sonda xəyanət
nəticəsində onun ölümü ilə başa çatır. Səhnə əsərində Qacarın uşaqlıq
əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq
yolundan apardığı mübarizə məharətlə əks olunur.