“Sumqayıt” tarixinin ilk titulunu qazanmaq arzusundadır

0
12

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. İlk gündə mərhələnin iki qarşılaşması baş tutacaq.

İlk oyun Bakıda keçiriləcək. Çempionatda heç bir iddiası qalmayan, daha çox Premyer Liqadakı yerini qorumağa çalışan “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Mövsümün ikinci yarısında oyununda canlanma yaranan rəqiblərin “İnter Arena”dakı qarşılaşması Yuri Maksimovun “Keşlə”ylə Azərbaycan kubokunda debütü olacaq. Bunadək komandasını yalnız çempionat matçlarına çıxaran ukraynalı paytaxt təmsilçisini öncə finala, ardınca avrokuboklara daşımağa çalışacaq.

2018-ci ildə məğlub olmayan “Sumqayıt” isə tarixində ilk dəfə yüksəldiyi yarımfinalı elə birinci cəhddən keçməyə köklənib. Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran Samir Abasovun yetirmələri Sumqayıt tarixinin ilk titulunu qazanmaq arzusundadı.

 

Bu oyunun ardından “Qəbələ” doğma azarkeşləri önündə “Neftçi”ni sınağa çəkəcək. Həm çempionat, həm də kubokda qitə miqyaslı turnirlərə vəsiqəyə iddialı komandaların dueli böyük maraq kəsb edir.

 

Tərəflər bu matça fərqli durumda çıxacaq. Tərlan Əhmədovun yetirmələri qış fasiləsindən sonra yüksəlişdədisə, “qırmızı-qaralar” enişdədi. Roman Qriqorçukun kollektivi tarixinin ilk tituluna doğru addım atmaq, ardıcıl ikinci finalına yüksəlmək üçün “ağ-qaralar”ı keçməlidi.

 

Azərbaycanın ən titullu komandası “Neftçi” isə azarkeşlərini növbəti uğurla sevindirmək əzmindədi. Bakılılar 4 il öncə finalda, 2 il əvvəl isə yarımfinalda rəqibini məğlub edib.

 

 

Azərbaycan kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

12 aprel (cümə axşamı)

 

16:00. “Keşlə” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

“İnter Arena”

 

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu