“Bavariya” və “Real” klubları yarımfinala yüksəliblər

0
67

Aprelin 11-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub və sonuncu iki yarımfinalçı da müəyyənləşib. Madridin “Real” və Münxenin “Bavariya” klubları yarımfinala vəsiqəni təmin ediblər. Günün ən maraqlı qarşılaşması “Real” klubu ilə Turinin “Yuventus” komandası arasında oynanılıb. “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə italiyalılar ev qarşılaşmasında 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün inamlı oyun nümayiş etdiriblər. Matçda hesabı 2-ci dəqiqədə “Yuventus”un heyətində Mario Mandzukiç açıb. Xorvatiyalı hücumçu 37-ci dəqiqədə özünün və komandasının ikinci qolunu madridlilərin qapısından keçirib. Görüşün 61-ci dəqiqəsində Blaisi Matuidi “Real”ı üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib.

Bu qoldan sonra oyunda təzyiqi artıran Madrid təmsilçisi “Yuventus”un qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. “Real” öz istəyinə matçın əsas vaxtına əlavə edilmiş hissənin son dəqiqəsində çatıb. Hakim “Yuventus”un müdafiəçisi Medhi Benatianın “Real”ın yarımmüdafiəçisi Lukas Vaskesin qarşısını kobudluqla almasına görə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Real”ın yarımfinala yüksəlməsini təmin edib. Beləliklə, “Real” doğma meydanda 1:3 hesabı ilə məğlub olsa da, təmiz səfər qələbəsi (3:0) sayəsində yarımfinala vəsiqə qazanıb.

Günün digər qarşılaşmasında isə Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər. Münxenlilər “Sevilya”da keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəldiklərindən yarımfinala yüksəlmək üçün heç-heçə də qane edirdi. “Bavariya” doğma meydanda “Alyanz Arena”da qolsuz heç-heçəyə nail olmaqla bu vəzifənin öhdəsindən asanlıqla gəlib və yarımfinala yüksəlib.

Xatırladaq ki, ötən gün “Barselona”nı mübarizədən kənarlaşdıran “Roma” ilə və “Mançester Siti”ni hər iki oyunda məğlub edən “Liverpul” komandaları yarımfinala ilk vəsiqələri təmin etmişdilər.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-də atılacaq.

 

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

11 aprel

 

“Bavariya” – “Sevilya” – 0:0

Qırmızı vərəqə: X. Korrea, 90+2

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Münhen. “Alyans Arena”

İlk oyun – 2:1

“Bavariya” (Almaniya): 26. Sven Ulrix, 5. Mats Hummels, 7. Frank Riberi (6. Tiaqo Alkantara, 71), 8. Xavi Martines, 9. Robert Levandovski (2. Sandro Vaqner, 77), 10. Aryen Robben, 11. Hames Rodriges, 13. Rafinya (4. Niklas Süle, 87), 17. Jerom Boatenq, 25. Tomas Müller (k), 32. Joşua Kimmix

Ehtiyat heyət: 22. Tom Stark, 14. Xuan Bernat, 19. Sebastian Rudi, 24. Sorentin Tolisso

Baş məşqçi: Yupp Haynkes

“Sevilya” (İspaniya): 13. David Soria, 5. Klemen Lenglet, 9. Vissam Ben Yedder (20. Luis Muriel, 65), 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 16. Xesus Navas, 17. Pablo Sarabia (99. Sandro Ramires, 70), 18. Serxio Eskudero (k), 22. Franko Vaskes (24. Nolito, 81), 25. Qabriel Merkado

Ehtiyat heyət: 1. Serxio Riko, 6. Daniel Karriço, 14. Quido Pizarro, 97. Gilyerme Arena

Baş məşqçi: Vinçentso Montella

 

“Real” – “Yuventus” – 1:3

Qollar: K. Ronaldo, 90+8 (pen.) – M. Mandzukiç, 2, 37; B. Matuidi, 61

Qırmızı vərəqə: C. Buffon, 90+3

Baş hakim: Maykl Oliver (İngiltərə)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 3:0

“Real” (İspaniya): 1. Keylor Navas, 2. Dani Karvahal, 3. Xesus Valyexo, 5. Rafael Varan, 7. Kriştianu Ronaldo, 8. Toni Kroos, 10. Luka Modriç (23. Mateo Kovaçiç, 75), 11. Qaret Beyl (20. Marko Asensio, 46), 12. Marselo (k), 14. Kasemiro (17. Lukas Vaskes, 46), 22. İsko

Ehtiyat heyət: 13. Kiko Kasilya, 9. Kərim Benzema, 15. Teo Ernandes, 18. Markos Lyorente

Baş məşqçi: Zinəddin Zidan

“Yuventus” (İtaliya): 1. Canluici Buffon (k), 2. Mattia De Şilyo (26. Stefan Lixtştayner, 17), 3. Corcio Kyellini, 4. Medhi Benatia, 5. Miralem Pyaniç, 6. Sami Xedira, 9. Qonzalo İquain (23. Voyçex Şesnı, 90+6), 11. Duqlas Kosta, 12. Aleks Sandro, 14. Bleyz Matuidi, Mario Mandzukiç

Ehtiyat heyət: 7. Xuan Kuadrado, 8. Klaudio Markizio, 22. Kvadvo Asamoa, 24. Daniele Ruqani, 27. Stefano Sturaro

Baş məşqçi: Massimiliano Alleqri