Bu gün Azərbaycanda prezident seçkiləridir

0
53

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, bu il fevralın 5-də prezident İlham Əliyev Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Fevralın 6-da MSK-nın qərarına əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi MSK-da qeydə alınıb.

 

Seçkiqabağı təşviqat martın 19-u başlayıb, aprelin 10-u saat 08.00-da dayandırılıb.

 

Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

 

“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində “exit-poll” keçirəcək.