Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunub

0
112

Uğurlarının sorağı ilbəil yeni coğrafiyalara uzanan Mingəçevir Turizm Kolleci bu günlərdə növbəti  naliyyətə imza atıb. Belə ki, kollektiv ölkə  paytaxtında  ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq  turizm və səyahətlər sərgisində(“ AİTF-2018”) çox böyük başarıyla təmsil olunub. Qeyd etmək lazımdır ki, adı çəkilən sərgidə 20 ölkənin 277 şirkət və təşkilatı iştirak edib.

90-dan çox turizm istiqamətli  uğur və yeniliklərin təqdim olunduğu sərgiyə Azərbayacan  tərəfi ev sahibi qismində  13 milli  və regional ekspozisiya ilə qatılıb. Belə bir nüfuzlu təmsilçilik statusu olan beynəlxalq sərgiyə Mingəçevir Turizm Kollecinin sayca beşinci dəfə dəvət alması heç şübhəsiz bu tanınmış təhsil müəssisəsində tədris-təlim işlərinin yüksək səviyyədə təşkil edilməsindən xəbər verir. Məhz  qeyd olunan mütəşəkkilliyin nəticəsidir ki, Mingəçevir Turizm Kolleci  illərdir ki, yerli və beynəlxalq əhəmiyyətli  tədbirlərdə, təhsil  layihələrində, konfrans, sərgi və festifallarda  fəal şəkildə iştirak edir. Üstəlik artan nüfuzu və günbə gün möhkəmlənən imici sayəsində kollektiv mövcud  beynəlxalq əlaqələrini daha da genişləndirir. Bunun bir nümunəsi də Rusiya Federasiyasının ali məktəbləri və kollecləri ilə yaradılan yeni işguzar əlaqələrdir. Böyük Britaniya,Ruminiya,Fransa,Almaniya,Qazaxıstan və Belarus  təhsil müəssiələri ilə olan əməkdaşlıq siyahısına artıq Sankt-Peterburqun Qonaqpərvərlik İnistitutu və Sankt Peterburq Turizm və Otel Servisi Kolecinin adları daxil edilib. Təsadüfi deyil ki, Mingəçevirli həmkarları ilə  əlaqələrin perspektivinə çox ciddi yanaşan rusiyalı təhsil işçiləri məhz Mingəçevir Turizm Kollecinin dəvətilə  Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak edib. Sankt-Peterburq  Qonaqpərvərlik İnistitutunun rektoru  İrina Asanova, prorektor Anna Bardaşeviç, həmçinin Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru, Rusiyanın əməkdar müəllimi, iqtisad elmlər namizədi  Svetlana Antonova başda olmaqla 7 nəfərlik rusiya nümayəndə heyəti  bu mötəbər sərgidə çoxsaylı görüşlər keçirib və unudulmaz təəssüratlar alıb.

Sərginin açılış günü Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və sərgi rəhbərləri ilə Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsində keçirilən görüş həmin təəssüratlar arasında önəmli yer tutur. Qeyd edək ki, görüş zamanı  nazir Əbülfəs Qarayev  yüksək səviyyəli qonaqlara Mingəçevir Turizm Kollecinin ən son naliyyətləri barədə məlumat verib, kollektiv önündə dayanan perspektivlərdən danışıb. Öz növbəsində Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov kollecin beynəlxalq  əlaqələri barədə söhbət açaraq Sankt-Peterburq Qonaqpərvərlik İnistitutu və Sankt Peterburq  Turizm və Otel Servisi Kolleci ilə mövcud işgüzar əlaqələrdən danışaraq bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu  vurğulayıb. Eyni zamanda Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru Svetlana Antonova da sərgiyə dəvət, sərgidə iştirak, sərgidən alınan təəssüratlar və Mingəçevir Turizm Kolleci ilə qurulan əməkdaşlığın perspektivləri barədə fikirlərini paylaşıb.

Qeyd edək ki, Beynəlxalq turizm və səyahətlər sərgisində Mingəçevir Turizm Kolleci   audio, video, foto  materiallar, nəzəri və təşviqat xarakterli kitablar, bükletlər və maraqlı əl işlərindən ibarət zəngin ekspozisiya ilə təmsil olunub. Üstəlik sərginin gedişində ziyarətçilər üçün milli geyimli kollec tələbələri milli musiqi alətlərinin müşayəti ilə klassik musiqi parçaları və  maraqlı qiraət nümunələri təqdim edib.

Sərgi iştirakçılarının qəlbində xoş ovqat və zəngin təəssüratlar yaradan bu ekspozisiyanın ərsəyə gəlməsində kollecin direktoru professor Əyyub Əyyubov başda olmaqla  8 nəfərlik nümayəndə heyətinin əvəzssiz rolu olub. İngilisi dili, informatika və dekorativ tətbiqi incəsənət ixtisası müəllimləri  Gülşən Nəsirova, Eldar Dərişov və  Vüsalə Zeynalova, eləcə də  istedadlı tələbələr  Aytac Abbasova, Orxan Əliyev, Xatun Hacıyeva və  Gülməkan Fətəliyeva sərgi ərzində dünyanın dörd bir yanından təşrif buyurmuş qonaqlar və yerli ziyarətçilərlə çoxsaylı görüşlər keçirib, məzmunlu söhbətlər aparıb. Ən əsası odur ki,  bu görüşlər zamanı kollecə olan beynəlxalq maraq bir daha öz müsbət təzahürünü tapıb. Mingəçevir Turizm Kollecində  xarici tələbələrin təhsil almaq imkanları nəzərdən keçirilib,  nüfuzlu beynalxalq şirkətlərlə tələbə istehsalat mübadiləsi barədə ilkin razılaşmalar əldə edilib. Belə təşkilatlardan biri də Şri Lankanın tanınmış turizm təşkilatıdır. Şri-Lankalı təmsilçilər Mingəçevir Turizm Kolleci tələbələrini öz ölkələrində yaşayış, qida və xidmət haqqı Şri-Lanka tərəfinin hesabına olmaqla  təcrübə istehsalat mübadiləsinə dəvət etməyə hazır olduğunu bildirib.

Mingəçevir Turizm Kolleci üçün beynəlxalq sərginin ən möhtəşəm və unudulmaz anı isə təbii ki, dövlət başçısı ilə kollec guşəsində keçirilən görüş olub. Belə ki, sərginin ikinci günü ekspozisiyaları dolaşan prezident cənab İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva , Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva və Mədəniyyət  və Turizm Naziri Əbülfəs Qarayev  Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsini ziyarət edib.  Nazir Əbülfəs Qarayev kollektivin təhsildə və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi naliyyətlər, həmçinin ən son olaraq hazırda  rusiyanın iki nüfuzlu təhsil  ocağı olan- Sankt-Peterburq Qonaqpərvərlik İnistitutu və Sankt Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin işgüzar əməkdaşlığı  barədə dövlət başçısına və onu müşayət edən mötəbər qonaqlara ətraflı məlumat verib.Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubov təhsil müəssisəsində hazırda 12 ixtisas üzrə kadr hazırlığı aparıldığını və  hazırda  6 mindən çox  məzunun turizm sənayesinin müxtəlif  sahələrində  çalışaraq ümumi inkişafa töfhə verdiyini  bildirib. Prezident İlham Əliyev və onu müşayət edən digər rəsmi şəxslər kollecin sərgi  ekspozisiyasından, gördüklərindən və duyduqlarından məmnun qaldıqlarını ifadə edərək kollektivə yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Mingəçevir Turizm Kollecinin beynəlxalq sərgidə iştirakı yerli və xarici kütləvi informasiya vasitələrində geniş əksini tapıb. Eyni zamanda kollecin direktoru professor Əyyub Əyyubov  AzTV, İctimai, ATV və MİR telekanallaqrının xəbərlər proqramında turizm və səyahətlər sərgisinin önəmi və bu mötəbər beynəlxalq tədbirdə Mingəçevir Turizm Kollecinin uğurlu iştirakına dair məzmunlu müsahibələr verib.

Esmira Hidayətova,Mingəçevir