“Əli Kərimlinin videolarına baxanların 95 faizi YAP-çılardır”

0
60
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun BakuPost saytına müsahibəsi:
– Siyavuş müəllim, ölkədə prezident seçkilərinə saylı günlər qalıb. Vəziyyət necədir? Prosesi necə qiymətləndirərdiniz? 
– Seçkinin Konstitusiyaya uyğun olaraq müəyyən qanunları var və Azərbaycandakı ictimai-siyasi mühit seçki qanunlarına cavab verir. İnsanların istər sərbəst toplaşmaq, istər də səs vermək hüququ tam olaraq təmin olunub. Bu baxımdan bu gün heç bir ölkə Azərbaycanla müqayisə oluna bilməz. Hər bir Azərbaycan vətəndaşı seçmək və seçilmək hüququndan tam şəkildə istifadə edə bilir və onların bütün digər siyasi azadlıqlarla bağlı hüquqları mövcuddur.
– “Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz” deyəndə konkret region dövlətlərini nəzərdə tutursunuz, yoxsa, ümumiyyətlə dünyanı?
– Azərbaycan region dövlət deyil. İstənilən dövlətə nəzər salsaq görərik ki, onun ərazisində terror aktları da baş verir. Hətta ən aparıcı ölkələr – NATO-ya, Avropa İttifaqına daxil olan dövlətlərdə hər gün ixtişaşlar, terrorlar, insanların kütləvi şəkildə ölümü baş verir. Eyni zamanda etnik separatizm də baş alıb gedir. Amma Azərbaycanda bu şeylərin hamısı tam nəzarətdədir. Əvvəllər bizə sərbəst toplaşmaq azadlığı ilə bağlı irad tuturdularsa, indi görürsünüz ki, bu məsələyə də çox demokratik şəkildə və dözümlülüklə yanaşırıq. Götürək Almaniya və Hollandiyanı. Orda yaşayan türklər konstitusiyada dəyişiklik edilməsi ilə əlaqədar mitinq keçirmək istəyəndə hansı cəza tədbirləri görülür? İtlərdən tutmuş atlara qədər insanların üstünə yeridildi. Halbuki onlar tamhüquqlu Avropa ölkələrinin vətəndaşları idilər. Amma bizdə istənilən partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməklə şəhər mərkəzində tədbir keçirə bilir. Hüquq mühafizə orqanları onları müdafiə edir və təhlükəsizlikləri də tam təmin olunur. İnsanlar da çox sərbəst şəkildə öz fikirlərini bildirirlər.
Namizədlərə gəldikdə isə onların namizədliyin irəli sürülməsi və sənədləşmə işi də Azərbaycanda bir nümunədir. Ən sadə yolla vətəndaş öz təşəbbüsü ilə namizədliyini irəli sürə bilər. Vətəndaşların təşəbbüs qrupu və siyasi partiya və siyasi partiya bloku tərəfindən namizədliyini irəli sürə bilər. Bunların toplayacağı imza ümumi seçicilərin 00,1 faizidir. Yəni prezident olmaq istəyən şəxs üçün 00, 1 faizlə namizədlik qeydə alınır və artıq prezident seçkilərinə qoşulur. Bu isə dünya ölkələrinin çox az hissəsində mövcuddur. Bəzi ölkələrdə külli miqdarda girov pul qoyulmalıdır, bəzilərində partiya seçimi cəmiyyətə təqdim olunmalıdır. Amma bizim ölkədə kriteriyalara uyğun olan istənilən şəxs prezidentliyə namizdəliyini verə bilər. 18 yaşdan yuxarı, ali təhsilli, məhkumluğu olmayan və 10 il müddətində Azərbaycan ərazisində daimi yaşayan…
– Doğrudan da, Bakını gəzəndə, şəhərə çıxanda sizin dediyiniz kimi, hiss edirsən ki, Azərbaycanda siyasi sabitlik mövcuddur. Hamı rahat gəzir, dolaşır, gedir, gəlir. Amma sosial şəbəkələrdə bu mənzərənin tamamilə əksini görürsən, burda aləm bir-birinə qarışıb… 
– Bəli, bir qrup insan var ki, ancaq virtual həyatda yaşayır. Yəni onun reallıqla işi yoxdur. Ən böyük ünsiyyət canlı ünsiyyətdir. Seçkiqabağı biz təşviqat kampaniyasına daxil olmuşduq. Bütün namizədlər üçün də bərabər şərait yaradılıb. İstər televiziya vasitəsi ilə 3 saatlıq, istər radio vasitəsi ilə namizədlər üçün kifayət qədər vaxt ayrılır. Seçki ərəfəsində radioda 9 saat pulsuz efir vaxtıdır. Bu gün Azərbaycanda dağın başında oturan çobanın belə internetdən istifadə etmək şansı var. Və namizədlər internet vasitəsi ilə cəmiyyətlə istənilən səviyyədə əlaqə yarada bilir. Amma yenə deyirəm, bütün bunların içində ən real ünsiyyət canlı ünsiyyətdir. Bunun üçün də yerlər ayrılıb. Namizədlərin hamısı insanlarla görüşür, proqramını çatdırır. Bu isə dialoq şəklində baş verir. Virtual məkanda isə bu, yoxdur. Virtualda sosial şəbəkədən istifadə edənin özü olub-olmadığı da məlum deyil. O adam Azərbaycandadırmı, Ermənistandadırmı, Amerikadadırmı, bəlli deyil. Həmin şəxs Azərbaycan və şəhərimiz haqqında ağzına gələni yazır. Küçədə gəzən isə görür ki, bu, tamamilə belə deyil. Bayram müddətində Fəvvarələr meydanı ərazisi və Bakı bulvarında yerimək mümkün deyildi. Hər kəs tam sərbəst idi, alış-veriş edir, dincəlirdilər. Reallıq budur.
– Yaxınlarda prezidentin köməkçisi Əli Həsənovun iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində bir tədbir keçirildi. Orda sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin nümayəndələrini təhqir edənlərə cavab verilməlidir janrında çıxış oldu. Nə cavab veriləcək? Onlara nə deyəcəklər? Onlar ordan, bunlar da burdan qaşıq döyüşdürəcəklərmi? Bəs siz məsələnin konkret həllini nədə görürsünüz?
– Bunun iki metodu var. Biri hüquqi metoddur. Biri də ictimai qınaq. Amma görünür ki, ictimai qınaq olanda onlar daha da qızışır, təhqir və söyüşlərini daha da artırırlar. Mən Azərbaycanda ümumxalq hərəkatında mübarizə aparmış insanlara da müraciət etdim ki, onları tanıyırsınızmı? Doğrudan da o adamların hamısı Azərbaycanın Milli Azadlıq Hərəkatında, Dağlıq Qarabağ və torpaqlarımızın işğalının qarşısının alınmasında və digər məsələlərin heç birində iştirak etməyiblər, hər hansı bir partiyada rəhbər vəzifədə olmayıblar. O partiyanın məclis üzvü, divan üzvü, siyasi şura üzvü, idarə heyətində belə iştirak etməyiblər. Heç nəzarət-təftiş komissiyasında da olmayıblar, sıravi üzv belə olmayıblar. İndiyə kimi bu adamların siyasi fəaliyyəti haqqında heç kəsin məlumatı olmayıb. Heç kəs də bilmir ki, bu adamlar kimdir.
– Siz ad çəkmirsiniz, amma məlumdur ki, Orduxanı, Vidadi İsgəndərlini və başqalarını nəzərdə tutub danışırsınız. Siyavuş müəllim, özünüz də dediniz ki, heç kim bunları tanımır. Bəs birdən-birə necə ortaya çıxdılar? 
–  O adamlar mühacirətdə yer almaqdan ötrü saxta sənədlər düzəldiblər. Onları heç kəs tanımırdı. Onlar jurnalist olmayıblar, hüquq müdafiəçisi olmayıblar. Necə olur ki, 2002-ci ilə qədər prokurorluqda işləyən adam birdən-birə hüquq müdafiəçisi olur? Əgər işləmək istəmirdinsə, etirazın vardısa, bunu əvvəldən deyəydin. Səni işdən çıxarmalarını niyə gözləyirsən ki? Bəyanatını verib işdən çıxıb mübarizə aparmaq taktikasını seçsəydin. Sən bu sistemlə razılaşmırsansa, istefa ver. Madam ki, sivil qaydalarla yaşamaq istəyirsən, mübarizə forması budur. Səni hansısa maddəylə işdən qovandan sonra dönüb hüquq müdafiəçisi olursansa və söyüş söyməyə başlayırsansa, bu, mübarizə metodu deyil.
– Söhbət Vidadidən gedir?
– Bəli… Zəif insanlar söyüşdən, güclü insanlarsa məntiqdən istifadə edir.
– Əlbəttə, zəifdilər. Əllərində hakimiyyət yox, resurs yox… 
– Yox, söhbət ondan getmir. Ortaya məntiq qoymaq lazımdır. Tənqid deyirsən, buyur, alternativ təklifini ver. Təkcə Vidadi deyil, bir çoxlarının hər kəlməsi söyüşlə başlayıb söyüşlə bitirsə, bunun hüquqi mexanizmi ondan ibarətdir ki, o, təmsil olunduğu və yaşadığı ölkələrin səfirliyi təklif qaldırmalı və qərar qəbul etməlidir.
– Siyavuş müəllim, görəsən, məlumatları mühacirlərə kim ötürür? 
– Axı onların danışdıqlarında məlumat yoxdur. Hamısı şər, böhtan və yalandır.
– Bəs kimə və nəyə güvənirlər? 
– Təbii, bunu kimlərsə sifariş edir. Başa düşürəm, miqrantlar yaşayış hüququ aldıqdan sonra müəyyən müddət verilir. Bu müddətdə dil öyrənilməlidir, hər hansı peşəyə yiyələnməli və işləməlidir. Yəni, o dövlət onu saxlamağı öz üzərinə götürmür. Müddət keçdikdən sonra artıq verilən müavinətlər dayandırılır. Dayandırıldıqdan sonra o artıq işlə təmin olunmalı və işləməlidir. Onların təklif etdiyi iş isə nə dövlət idarəsindədir, nə də başqa yerdə. Onlar xidmət sahələrində və s. yerlərdədir. Bundan sonra isə istər Azərbaycandan narazı qüvvələr, istər erməni lobbisinin, müəyyən xarici kəşfiyyatın nümayəndələrinin rolu var ki, onlar bunu maddiyatla təmin edir ki, bu istiqamətdə işlər görsünlər.
– Belə çıxır ki, istənilən adam mühacirətə gedib hakimiyyəti və hakimiyyət orqanlarını təhqir edə bilər?
– Əslində, o dövlətlərdə bu kimi hallara əhəmiyyət verilməlidir. Məsələn, sabah beş alman Angela Merkel haqqında Azərbaycanda ağzına gələni danışsa, onların səfiri bizim səfirlikdə olacaq. O cümlədən Fransanın, ABŞ-ın.
– Bəs bizimkilər mühacirləri susdurmaq üçün niyə bu metoddan istifadə etmir? 
– Mən də deyirəm ki, hüquqi yol budur. Bizdən o ölkələrin Xarici İşlər Nazirliyinə müraciət edilməlidir ki, bu adamlar qanunu pozur. Ola bilər ki bu, almanın xoşuna gəlir, amma azərbaycanlıların xoşuna gəlmir. Xəbərdarlıq yerinə yetirilməlidir.
– Elə adamlar var ki, ölkə başçısına və onun ailəsinə qarşı təhqirləri öz üzərinə yönəldir və bu sahədə məharətlə çalışır. Amma ayda yüz minlərlə pullar ayrılan media qurumları, onların rəhbərləri bu prosesdə çox zəif iştirak edirlər. Sanki ölkə başçısını zorla müdafiə eləyirlər, yola verirlər. Yaxud, özlərinə sığışdırmırlar. Sizcə, səbəb nədir? 
– Məsələ budur ki, söyüş sifarişini konkret olaraq dövlət başçısı ilə bağlı verirlər. Bəli, hədəf bir başa dövlət başçısıdır. Təbii, hər bir vicdanlı vətəndaşın vicdanı dinc durmur ki, onlara qulaq asanda sakit dursun. Məsələn, Mirşahin. Bəli, sizinlə də razıyam ki, elə adamlar var ki, mövqesizdirlər, mövqelərini ortaya qoymurlar. Azərbaycan balaca dövlətdir, hamı bir-birini yaxşı tanıyır. Ona görə də onların nəsə deyib-deməməyi ilə heç nə formalaşmır. Bunlar hamsı müəyyən bir dövr üçün nəzərdə tutulmuş plandır.
– Yəni seçkilərdən sonra hamısı həvəsdən düşəcək? 
– Əlbəttə!
– Siyavuş müəllim, 2013-cü il seçkisi ilə indiki seçkini necə müqayisə edərdiniz? 
– Müqayisə bundan ibarətdir ki, keçən seçkidə də xalqın böyük əksəriyyəti prezidenti dəstəkləyirdi, indi də. İndi daha çox insan dəstəkləyir. İnsanlar görür ki, Azərbaycanda daha böyük olan dövlətlər bu gün hansı vəziyyətə düşüblər. Azərbaycanda bu sabitlik isə iqtidar və xalq birliyindən irəli gəlir. Ukraynanın təbii sərvətləri bizdən qat-qat çoxdur. Düzdür, onların nefti yoxdur, amma başqa sərvətləri də var. Bəs Rusiyaya qarşı hansı tədbirlər həyata keçirilir? Bütün diplomatlar ölkədən çıxarılır, hər tərəfdən embarqo qoyulur. Yaxud, qardaş Türkiyəyə qarşı hansı oyunlardan çıxırlar? Biz qaçqın problemini də yaşamışıq və görmüşük. Liviyada doğulan hər uşağın hesabına 20 min dollar pul qoyulurdu. İndi həmin uşaqlar bu gün Avropa küçələrində çörək axtarır. Liviyanı tarimar edənlər indi Liviyaya yardım edirlər. Xalqın pulunu aparıb, indi ona öz pulu ilə yardım edir.
– Deyə bilərsinizmi, bu seçki göstərəcək ki, xalq 2025-ci ildə də İlham Əliyevi prezident seçəcək?
– Təbii ki, seçəcək. Çünki ölkə başçısı insanların qarşısına həmişə öz əməli ilə çıxıb. Özümüz də şahidiyik ki, Azərbaycan son 14 ildə nə qədər dəyişib. İstər səhiyyə, istər təhsil, yeni iş yerlərinin açılması, abadlıq, quruculuq, kənd təsərrüfatı və s. İnsanlar əməyə qayıdıb, Azərbaycanda bir dənə də olsun əkilməyən, becərilməyən torpaq sahəsi qalmayıb. Ərzaq təhlükəsizliyi təmin olunub. Azərbaycan artıq ixrac edən dövlətə çevrilib. Yaxınlarda çox böyük bir xəstəxana açıldı ki, azərbaycanlılar orada müalicə alır, xaricdən bura həkimlər gəlir. Cənab prezidentin səyləri artıq səhiyyə turizmində də özünü göstərir. Əvvəllər nə qədər adam İrana üz tuturdu. Bilinmirdi ki, insanlar hansı müayinələrdən keçir. Çünki dil baryeri və başqa məsələlər var. Pulsuz müayinələr var ki, insanları zorla vadar edirlər. Cənab prezidentin və Mehriban xanımın təşəbbüsü ilə evlənənlər artıq tibbi müayinədən keçməlidir. Bu, gələcək nəslin təhlükəsizliyinin aradan qaldırılması üçün vacibdir. Yəni  prezidentimiz dünyada öz sözünə sahib olan biri kimi tanınır. Xarici dövlətlərdə bilirlər ki, Azərbaycan prezidenti söz verdisə, sənədə ehtiyac yoxdur, deməli, həll olunacaq. Bu cür prezident əsrlərdə bir dəfə olur. Azərbaycan xalqı da müdrik xalqdır ki, öz qərarını özü verir və doğru verir.
Bəzən bizdə belə söhbətlər gedir ki, iki dəfədən artıq prezident seçilmək olmaz. Amma Merkel dördüncü dəfə seçildi. O, Almaniya-Avropa ittifaqının üzvüdür. Bu gün Merkel alman xalqının maraqlarını tam şəkildə ifadə edə bilir. Helmud Koll da 18 il seçilmişdi. Seçki ilə bağlı olan məsələni heç kəs qadağan edə bilməz. Bu, xalqın seçimidir. Kimsə pis işləyəcəksə, onu xalq seçməyəcək. Xalqın maraqlarını müdafiə edən başçı lap 50 il də seçilməlidir.
– Bəs Milli Şuranın seçkiləri boykot etməsinin hazırda keçirilən prezident seçkilərinə hər hansı bir təsiri oldumu? 
– Xeyr, milçəyin uçuşu qədər belə təsiri yoxdur. Bunu beynəlxalq təşkilatlar da bilir, Azərbaycan xalqı da. Burada hamı azaddır. Amma onlar azad deyillər. Bu gün onların ağaları deyir ki, seçkidə iştirak etmə, onlar da iştirak etmirlər. Bu, onların tərəfdaşlarının fikirləri deyil. Bu, xaricdə oturan və maliyyə dəstəyi ilə təmin edən erməni lobbisi və ona xidmət göstərən qüvvələrin təsiridir. Əgər bir partiyanın özündə rəhbəri dəyişə bilmirlərsə, hər dəfə alternativ namizədi boğurlarsa, onlar hansı haqla demokratiyadan danışırlar?
– Əli Kərimlini nəzərdə tutursunuz? 
– Bəli… Əli Kərimlinin özü seçkini saxtalaşdırır, özününküləşdiriyi partiyasında heç bir alternativ görmək istəmir. Bu gün hakimiyyətə qarşı ən kəskin çıxış edən Razi Nurullayevdir. Bütün mitinqlərdə aparıcı o adam olub. Bu gün Xalq Cəbhəsində Əli Kərimlidən qabaq təmsil olunan adamlar, Elçibəyin müavinlərinin hamısı Xalq Cəbhəsindən kənardadır. Əli Kərimli sadəcə, “Yurd” adlı təşkilatın sədridir. Onun da tərkibi dəfələrlə dəyişilib. Təşkilatı isə bu gün bir qrup gənci aldatmaq və yoldan çıxarmaqla ətrafına topladığı adamlardan ibarətdir. Köhnə Xalq Cəbhəsindən bir nəfəri Əli Kərimlinin yanında göstərin.
– Siyavuş müəllim, fakt budur ki, müxalifətin mitinqinə doğrudan da, adam gəlmir. Və bu fakt da hakimiyyətin dilini həmişə uzun, müxalifətin dilini isə gödək eləyir. 
– Onların mitinqində təxminən, 1500 adam olur. Bunların da çoxu jurnalist və təhlükəsizlik xidmətinin mümayəndələridir. Və mitinqə gələn adamların heç biri konkret əqidə daşıyıcıları deyildilər. Hamısı müxtəlif xarakterli insanlardılar. Bir tərəfdə islamçılıq, bir tərəfdə Avropaya inteqrasiya və s. Məsələn, banka kredit borcu olanlar pulunu ödəyə bilmir və mitinqə gəlib nicat yolu axtarır. Bunları əqidə birləşdirmir. Hərəsinin öz şəxsi məqsədi var. Ümumiyyətlə, istənilən ideal bir cəmiyyətdə 50 min narazı insan var. Hərəsi bir şeydən narazıdır. Bizim isə 5 milyondan artıq seçicimiz var. YAP-ın ən balaca təşkilatının tərkib sayı müxalifətin mitinqindən bir neçə dəfə çoxdur. YAP-da çalışanların hamısı isə əqidəli insanlardır.
– Deyirlər, insanlar ona görə mitinqə gəlmir ki, qorxudulurlar. 
– Qəti şəkildə belə deyil. Bu xalq tankın, topun qarşısına çıxan xalqdır. Gecə-gündüz Azadlıq meydanında duran, səngərlərdə əliboş dayanan da Azərbaycan xalqı idi. Sadəcə Azərbaycan xalqı bu gün Əli Kərimliyə, Cəmil Həsənliyə inanmır. Öz dostlarını və yoldaşlarını satanlara kim inanar ki? Xalq düşünür ki, onların yaşayış tərzi necədir, ona niyə inanaq ki? Əli Kərimliyə sual verərlər, 20 ildir, heç bir yerdə işləmirsən, bəs bu yaşayış tərzi səndə hardandır? Cangüdəni var, aparat saxlayır. Mərkəzi Seçki Komissiyasına verdikləri sənəddə də görünür ki, partiyaya 0 faiz üzvhaqqı yığılıb.
– Siyavuş müəllim, söz düşmüşkən, tez-tez deyirlər, Azərbaycanda trolları ilk dəfə Əli Kərimli yaradıb. Özü də qəribədir ki, bunu iqtidardakılarla yanaşı müxalifətçilər də etiraf edir. 
– Əlbəttə. Bu gün Əli Kərimli kompüterin içindədir. Yəni həyatda deyil, həyatı görmür. Onun yazdıqalarını layk etməyəndə ətrafındakı adamların hamısı cəzalandırılır. Özü haqqında o qədər yüksək fikirdədir ki, tapşırıb ki, hər statusuna rəy bildirsinlər.
– Bəs necə olur ki, Əli Kərimlinin videolarına 100 min adam baxır, amma meydana 5 min adam gəlmir? 
– Onun videolarına baxanların 95 mini YAP-çılardır. (gülür)
– Yəqin ki, debatları izləyirdiniz… 
– Əlbəttə…
– Müxalifətin namizdələri alternativ fikir ortaya qoya bilirlərmi? 
– Hərənin bir baxış tərzi var. İstənilən bir layihəni ortaya qoymaq üçün birinci növbədə tədqiqat aparmaq lazımdır, ictimai rəyi öyrənmək lazımdır. Müxalifətin də işi dövlətlə ictimaiyyət arasında əlaqənin yaradılması olmalıdır. Məsələn, Dağlıq Qarabağ müharibəsinin həllini iqtidar bu cür, müxalifətsə ayrı cür görür. O, özünün alternativ layihəsini təqdim etməlidir. Bu, təhsillə, cəmiyyətlə də bağlı ola bilər. İnsanlar da buna qulaq asır. Onlar layihələrə səs verir.
– Əgər namizədlər içərisində ölkə başçısı olmasaydı, siz kimi dəstəklərdiniz?
– Düzü, o haqda düşünməmişəm.
– Tez-tez deyirlər ki, namizədlər özü hökumətə xidmət edən və hakimiyyətin təyin etdiyi adamlardır. Formal olaraq orda oturublar. 
– Yox, ola bilməz. Qəti şəkildə belə deyil. İndiki namizədlərin çıxışı Cəmil Həsənli və Əli Kərimlidən daha kəskindir. Sadəcə olaraq təhqir yoxdur. Hafiz Haciyev gördünüz ki, hökuməti hansı şəkildə ittiham etdi. Sərdar Cəlaloğlu, Razi Nurullayev, Fərəc Quliyev, Qüdrət Həsənquliyev də eyni dərəcədə kəskin fikirlər səsləndirdilər. Fikir verin, Qüdrət Həsənquliyev dövlətin fundamental quruluşunun dəyişilməsinin tərəfdarıdır. Parlamentli respublika təklif edir. Bundan ciddi müxalif fikirmi olar?
Kəramət Böyükçöl 
BakuPost.az