Bizi deyib gələn “Molla Nəsrəddin”

0
18

7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi. O,bir vətəndaş kimi bütün həyatını Vətəninin,xalqının azadlığı işinə həsr etmişdi. Onun yaratdığı jurnal da öz səhifələrində Vətənin bəlalarını sadə xalq dilində, düşündürücü, gülüş doğuran ifadələrlə əks etdirirdi. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu.

Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Şmerlinq, Rotter, Əzimzadə və digərləri ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı.

Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.