Teatra O gəlir…

0
115

Azərbaycan media məkanında TEATRO.AZ adlı yeni müstəqil sayt fəaliyyətə başlayır. Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən TEATRO.AZ sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti, əsasən, peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur.

Dünya təcrübəsi göstərir ki, teatr sənətinin kompleks inkişafı teatr prosesini işıqlandıran nəşrlər olmadan mümkün deyil. İnformasiya cəmiyyətinin müasir incəsənətin qarşısına qoyduğu şərtləri nəzərə alsaq, müxtəlif sənət sahələri üzrə, xüsusən də, teatr sənəti ilə bağlı elektron nəşrlərin hazırlanması dövrün qaçılmaz tələbi kimi qarşıya çıxır.

Dünya və Avropa teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən, milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan TEATRO.AZ sənət portalı teatrşünaslıq və teatr jurnalistikası ilə bağlı mövcud boşluğun aradan qaldırılmasına xidmət edərək, teatr prosesinin canlanmasında, milli səhnə sənətinin inkişafında və dünya teatr məkanına inteqrasiyasında müəyyən rol oynamağı hədəfləyir.

Sənətə universal baxım bucağından yanaşan TEATRO.AZ saytı həmçinin ölkəmizdə teatr təhsilinə yardımçı olmaq və elmi-nəzəri, dramaturji baza funksiyasını yerinə yetirmək məqsədini qarşıya qoyur. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və s. kimi digər sənət növlərinə də yer ayrılmışdır ki, bu da veb-saytın əhatə dairəsini genişləndirir.

Hazırda elektron media məkanında yeganə teatr saytı olan TEATRO.AZ portalı səhnə sənəti ilə məşğul olan bütün qurumları və teatr icmasını əməkdaşlığa dəvət edir.