“Hər bir şagirdin gözlərində kədər, göz yaşı gördüm”

0
126

Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarı ilə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva bilməmişdir. Lakin bədnam, xain, öz torpaqlarımızda yurd-yuva verdiyimiz bədxah qonşularımız torpaqlarımıza göz dikdilər. Mübarizlərin, Rahimlərin,Teymurların, Adillərin, Rüstəmlərin analarını, bacılarını gözləri yaşlı qoydular. Bəli,onlar şəhid oldular, Vətən üçün canlarından keçdilər, qanları ilə ana torpağı qorudular.

Xalqımız igid vətən oğullarını unutmur. Dövlətimiz onların valideyinləri üçün hər cür şərait yaradır. Lakin bu onların yarasını sağaltmır. Yenə də övlad itkisi, ata itkisi onların ürəyində bir qübar bağlayır. Bu gün də el, oba öz şəhidləri ilə fəxr edir, onları anım mərasimləri ilə xatırlayır, valideyinlərini gələcək nəsillərə tanıdır.

Belə vətənpərvər məktəbləridən biri də Mingəçevir 3 saylı tam orta məktəbin müəllim və şagird kollektividir. Məktəbin kollektivi başda direktor Kəmalə xanım  Tahirova olmaqla bütün anım tədbirləri yüksək səviyyədə keçirilir, heç kim, heç nə unudulmur. Bu gün məktəb yenə öz ənənəsinə sadiq olaraq Mingəçevirin 4 Aprel şəhidlərinin xatirəsini anaraq “Şəhidlər vurulduqda deyil, unudulduqda ölür”adlı ədəbi-bədii kompozisiya ilə şəhid valideynləri qarşısında çıxış edərək onları bir  daha o günlərə qaytardılar. Qeyd edək ki, tədbirin təşkilatçıları Rəsulova Ceyran, Həsənova  Firəngiz və  6-8-10-11 ci sinifin şagirdləri idi. Şagirdlərin ifasında səsləndirilən şeirlərin, səhnəciklərin təsirindən göz yaşlarına boğulan şəhid valideynləri şagirdlərə, müəllimlərə, direktora öz minnətdarlıqlarını bildirərək deyiblər  ki, bu məktəb bizə doğmadır. Şəhid Əhmədov Rüstəmin atası Oruc müəllim deyib ki, burada gördüyümüz doğmalıq bizə sanki dünyalar verir.

Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyeva isə belə deyib: “Biz sizdən bu gün  güc aldıq. Burda gördüklərimiz bizi  təsirləndirsə də sevinirik ki, xalqımızın qəhrəman oğulları  belə xatırlanır. Mən burada səhnədə çıxış edən hər bir şagirdin gözlərində kədər, göz yaşı gördüm. İnşallah, torpaqlarımız alınar. Övladlarımın arzusudur ki, üçrəngli bayrağımızı o torpaqlarda dalğalandırsınlar”.

Tədbirin sonunda direktor Kəmalə Tahirova çıxış edərək bildirib ki, sizin hər biriniz bizim üçün əzizsiniz, hər zaman bu məktəbdə şəhidlərimizin xatirəsi anılacaq, bu kimi tədbirlərlə şəhidlərimizin qəhrəmanlıqları  gələcək nəsillərə çatdırılacaq.

Qeyd edək ki, tədbirdə Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi  veteranları da iştirak edib və öz ürək sözlərini bildiriblər. Sonda hər bir şəhid valideyninə şagirdlər tər gül-çiçək dəstələri veriblər.

Esmira Hidayətova, Mingəçevir