Dini bayramlar mövzusunda açıq dərs keçirilib

0
201

İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, dini  bayramlarını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş sovetlər birliyi dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının keçirilməsi ulu öndər Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ümummilli lider xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir.

Bu gündə dərsliklərdə bu mövzulara geniş yer verilib. Mingəçevir 12 saylı tam orta məktəbin ibtidi sinif müəlliməsi Gülsurə Bilalova 3 b sinifində bu mövzuda açıq dərs keçib. Qeyd edib ki, İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. “Qurani-Kərim”in bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. “Qurani-Kərim”in bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

 

Məlum olduğu kimi, qəməri ayların müqəddəs sayılan üç ayları bunlardır: Rəcəb, Şaban və Ramazan. Bu üç ayları digər aylardan fərqləndirən səbəb budur ki, Rəcəb ayının əvvəlində Hz.Məhəmmədə (s) Peyğəmbərlik vəhyi gəlməyə başladı, Şaban ayında vəhy davam etdi və Ramazan ayının əvvəlindən etibarən “Qurani-Kərim” ayələri Peyğəmbərimizə nazil oldu. Sinifdə şagirdlər də 3 qrupa bölünərək Şaban, Ramazan, Rəcəb adlarıyla yarışdılar. Ayları dərsliklərlə əlaqələndirərək şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Hər bir şagird bu mövzuya aid sual-cavabda fəal iştirak etdi.

 

Açıq dərsdə iştirak edən münsiflər heyəti şagirdlərin bu mövzuda hazırcavablığına heyran qaldılar.

Hər bir komanda 5 qiymətlə qiymətləndirildi.

Açıq dərsin sonunda Gülsura Bilalova qeyd etdi ki, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. İslami dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir. Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə əlaqədar təxminən bir milyon soydaşımız doğma torpaqlarından didərgin düşüb, iyirmi altı ildən artıqdır ki, bu bayramı öz yurdlarında keçirə bilmirlər. Biz ümid edirik ki, bu vətəndaşlarımız tezliklə öz yurdlarında Ramazan və digər bayramları coşqu və sevinclə keçirəcəklər. Bunun üçün hər kəs Prezidentin ətrafında sıx birləşməli, ona dəstək olmalı, əgər sülh danışıqları nəticə verməzsə, müharibə yolu ilə də olsa  torpaqlarımızı erməni işğalçılarından təmizləməyə hazır olmalıdır”.

Esmira Hidayətova, Mingəçevir