Vüsalə xanım Tağıyeva:  “… sanki o günləri bir daha yaşayırıq”

0
61

Mingəçevir 7 saylı tam orta məktəbdə 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” mövzusunda ədəbi-bəddi kompozisiya təşkil edilib. Tədbirin təşkilatçısı məktəbin müəllimi Xəyalə Manaflı və 7 ci sinifin şagirdlərdir.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.Üçrəngli bayraq tədbirə gətitildikdən sonra himnimizi şagirdlər canlı ifa ediblər.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Anar İsmayılov aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik  ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Biz müəllimlər bu kimi tədbirləri həyata keçirərək həm gələcək nəsillərə ötürür, həm də şagirdlərimizi  igid vətən övladlarının valideyinləri ilə yaxından tanış edirik. Bu gün tədbirimizdə aprel şəhidlərinin valideyinləri və həyat yoldaşları iştirak edirlər. Biz bir daha onlara deyirik ki, sizin övladlarınız bizim də övladlarımızdır, biz həmişə sizin yanınızdayıq , başınızı dik tutun, əziz şəhid ana-ataları”.

Daha sonra şagirdlərin ifasında şəhidlərin döyüş yolundan bəhs edən kiçik səhnələr nümayiş olunub, şeirlər söylənilib. Göstərilən səhnəciklər tədbir iştirakçılarını göz yaşlarına boğub.

 

Tədbirdə çıxış edən tankçı  şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyeva bildirib ki, aprel ayı bizim ən ağır və  kədərli günümüzdür: ”Şagirdlərin bu kimi tədbirlərini izlədikçə sanki o günləri bir daha yaşayırıq. Mən bu tədbirdə şagirdlərin timsalında öz üç övladımı gördüm , onların çəkdiklərini bu şagirdlər bir daha canlandırdılar”.

Daha sonra şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov çıxış edərək öz ürək sözüləri ilə hər kəsə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Mingəçevir Təhsil Şöbəsinin “2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı”na uyğun olaraq şəhərin bütün  ümumtəhsil müəssisələrində “Aprel döyüşləri”nə həsr olunmuş tədbirlər keçirilir.

 

Esmira Hidayətova, Mingəçevir