“Mənim vaxtımda bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi”

0
19

“Mən 1990-ci ilin dekabrında Dağlıq Qarabağı tərk etmişəm. Həmin dövrə qədər Xankəndindəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı, hazırda Rusiyada yaşayan general-mayor Vladislav Safonov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə hazır olmadığını vurğulayan V. Safonov bildirib ki, onun şəxsi iştirakı ilə çox çətin vəziyyətdə sabitlik qorunub saxlanılıb və böyük toqquşmaların qarşısını almaq mümkün olub: “Həmin dövrdə Xankəndində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi.  Vilayətdə yaşayan ermənilər mənim həyata keçirdiyim işlərə əngəl törətmək istəyirdilər. Hər yerdə silahlı insanlar gəzirdi. Mən təxribatların baş verməsindən çox ehtiyat edirdim”.

Rusiyalı general qeyd edib ki, münaqişənin alovlanmasına SSRİ-nin dağılması səbəb olub: “Sovet hakimiyyəti, o zamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gücsüzlük nümayiş etdirirdi. 30 il əvvəl Dağlıq Qarabağda baş verənlər qarşısında rəsmi Bakı, Azərbaycanın o vaxtkı rəhbərliyi susurdu. Onlar münaqişənin qarşısının alınması üçün əməli addımlar atmırdılar”.

Qeyd edək ki, V. Safonov DQMV xüsusi vəziyyət rayonunun komendantı vəzifəsini 1988-ci ilin mayından 1990-cı ilin dekabrınadək icra edib.