Ermənistan öz gələcəyini itirib

0
19

Almaniyanın ZDF İctimai Televiziyasında müasir Ermənistanın ağır reallıqları barədə reportaj göstərilib. Reportajda insanların Ermənistanı soyqırımı ilə, Dağlıq Qarabağda baş verən müharibə ilə əlaqələndirmələrindən danışılır: “Lakin gündəlik həyat üstün mövqe tutur: korrupsiyalaşmış siyasətçilər, tam səfalət. Gənclər ölkədən kütləvi şəkildə qaçır”.

Bu yaxınlarda aparılan tədqiqatlara görə, ermənistanlı gənclərin üçdə ikisi ən azı müvəqqəti də olsa ölkəni tərk etməyi fikirləşir. Onlar ölkədə olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyusdurlar. ZDF qeyd edir ki, rəsmi statistikaya əsasən, ölkə əhalisinin 30 faizi yoxsulluq vəziyyətindədir. Real rəqəmlər, ehtimal ki, xeyli yüksəkdir.

Reportajın müəllifi bildirir ki, “Transparency International”ın korrupsiya indeksində Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla bir cərgədə – 107-ci sıradadır. İqtisadiyyat bir neçə oliqarxın əlindədir: hakim elitanın qohumu və dostu olmayanın çətin ki, biznesdə şansı ola bilər. Bununla yanaşı, ölkədə məhkəmə sistemi asılıdır – bu, investorlar üçün məhvedicidir. Hər seçkidən sonra saxtalaşdırma ittihamları səslənir. Seçici siyahılarına hətta ölülərin adları da kütləvi şəkildə daxil edilir.

“Ölkədən nə qədər insanın getməsini yalnız təxmini qiymətləndirmək olar: hökumət bu rəqəmin ildə 30-40 min adam olmasını əsas götürür. Əsas kütlə Rusiyaya gedir. SSRİ-nin dağılmasından sonra Ermənistan yaşı 16-dan 30-dək olan milyondan çox sakinini (əhalinin üçdəbiri!), bununla da öz gələcəyini itirib”, – deyə ZDF qeyd edir.

Reportajda deyilir: “Ola bilər, kütləvi nəticə hökumətin xeyrinədir – axı yaxşı təhsil almış gənclərin timsalında, ölkədə olan potensial inqilabçılar da yox olur”.

Almaniyanın İctimai Televiziyası, həmçinin Ermənistanın geostrateji vəziyyətini Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması səbəbindən, “qorxunc yuxu” adlandırır. azərtac