“Sumqayıt” uğurlu seriyanı davam etdirə biləcəkmi?

0
52

Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə sabah başa çatacaq. “Apasport”un məlumatına görə, 1 və 2 aprel tarixlərində ölkə çempionatının XXI turunun oyunları baş tutacaq. Tura Gəncədə start veriləcək. “Kəpəz” öz meydanında bu il işləri yaxşı getməyən “Zirə”ni qəbul edəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan Yunis Hüseynovun yetirmələri qələbə qazanaraq, azarkeşlərini sevindirmək niyyətindədi. Öz növbəsində, “Zirə” də bu görüşə 3 xal üçün çıxacaq. Paytaxt təmsilçisi Premyer Liqadakı 6 oyunluq qələbəsizlik seriyasına son qoymaq, “qara zolaq”dan çıxmaq arzusundadı. Ayxan Abbasovun yetirmələri ölkə çempionatında sonuncu dəfə XIV turda “Səbail”ə qalib gəlib.

 

Günün ikinci matçında çempionatın lideri “Qarabağ” meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri autsayderlər qrupunda qərarlaşan “Keşlə”ni qəbul edəcək. Bu komandaların cari mövsümdəki hər iki duelində Ağdam klubu sevinən tərəf olub – 1:0, 2:0. Bu dəfə də matçın favoriti “Qarabağ”dı. Bununla belə, “Keşlə” də meydana asan təslim olmaq üçün çıxmayacaq. Fasilədən öncə “Qəbələ” ilə heç-heçə (1:1) edən bakılılar son çempionla qarşılaşmada da xal qazanmağa çalışacaq.

 

Aprelin 2-də isə diqqətlər əvvəlcə Qəbələyə yönələcək. Turun mərkəzi görüşündə “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Turnir cədvəlində 2 və 3-cü pillələrdə qərarlaşan komandaların dueli böyük maraq doğurur. Roman Qriqorçukun yetirmələri doğma meydan amili və rəqiblə müqayisədə heyətinin güclü olmasından istifadə etməyə çalışacaq. Lakin son vaxtlar əla çıxışı ilə yadda qalan “Sumqayıt” da Qəbələdə uğurlu nəticəyə imza atmaq istəyindədi. Samir Abasovun komandası bu il çempionatda keçirdiyi 6 oyunda 4 qələbə, 2 heç-heçəyə imza atıb. “Gənclik şəhəri” təmsilçisi uğurlu seriyanı bu turda da davam etdirmək arzusundadı.

 

Tura “Neftçi” – “Səbail” matçı ilə yekun vurulacaq. Turnir cədvəlində qonşu olan paytaxt klublarının dueli də az maraq kəsb etmir. Bu komandaların cari mövsümdəki ilk oyunu “Səbail”in 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, ikinci dövrədəki qarşılaşmada “Neftçi” rəqibinə 4 cavabsız qol vurmuşdu. “Ağ-qaralar” yenə qələbə qazanmaqla “Səbail”dən bir qədər də uzaqlaşmaq, Samir Əliyevin yetirmələri isə rəqiblə aradakı xal fərqini azaltmaq niyyətindədi.

 

 

Azərbaycan Premyer Liqası

XXI tur

1 aprel (bazar)

15:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu

18:30. “Qarabağ” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Azərsun Arena”

2 aprel (bazar ertəsi)

17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu

 

 

Turnir cədvəli

1 Qarabağ 20 15 4 1 30-7 49
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Sumqayıt 20 10 4 6 26-21 34
4 Zirə 20 9 6 5 28-20 33
5 Neftçi 20 8 3 9 24-22 27
6 Səbail 20 5 3 12 14-28 18
7 Keşlə 20 4 4 12 17-32 16
8 Kəpəz 20 3 1 16 13-36 10

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12 qol