Akademik Milli Dram Teatrında “Qəribə, çox qəribə əhvalat” 

0
90

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro
Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat”
tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin
quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı,
dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael
Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin
Həsənovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Teatrsevərlər qarşısında xalq artistləri Rafiq Əzimov və Hacı
İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edib. Tamaşanın maraqlı,
zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə
əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz
vəziyyətlə üzləşməsindən bəhs edir. Qatar bələdçisi işləyən Draqitsa
qadın hiyləgərliyini işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi,
üstəlik sirri uzun illər onlardan gizli saxlamağı bacarıb. Günlərin
birində sirrinin üstü açılır, ikinci ərin qapısı döyülür və həqiqət
bütün xırdalığına qədər tamaşaçı qarşısında aşkara çıxır. Aldadılan
kişilər ortaq nöqtə tapmağa, anlaşmağa cəhd edirlər.

1962-ci il təvəllüdlü Miro Havran məşhur xorvat yazıçı-dramaturqudur.
Yazıçının əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif
ölkələrin teatrlarında, o cümlədən, Amerika, Rusiya və Braziliya
teatrlarında səhnəyə qoyulub. 2003-cü ildə Slovakiyada Miro Havranın
adına beynəlxalq dram əsərləri festivalı – “Havranfest” keçirilib.