Narkomaniyaya  “Yox” deyək”

0
143

Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri Gənclər Evində “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev,   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elşən Əliyev, Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Emir Cavadov, Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva, şəhərin təhsil müəssisələrinin psixoloqları, tələbə və şagirdləri, Gənclər Evinin könüllüləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev çıxışında qeyd edib ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bildirib ki, İslam dininin insan sağlamlığına böyük əhəmiyyət verməsi şübhəsizdir. Buna görə də o, insanların səhhətinə zərər verəcək maddələrin istifadəsini nəinki məkruh qılmış, hətta bəzilərini haram etmişdir.  İnsanın ağlını başından alan alkoqollu içkilər və narkotik maddələr də bu qəbildəndir.

Mingəçevir ŞİH başçısı yanında Narkomanlığa və narkotok vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elşən Əliyev bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratmışdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə böyük ehtiyac var. Keçən müddət ərzində gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir.

 

Daha sonra çıxış edən ŞPŞ-nin əməkdaşı Emir Cavadov narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahədə görülmüş konkret  işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərin ildən-ilə təkmilləşməsi və gücləndirilməsinin nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə coxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə çıxış edən Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, törətdiyi vəsadlaın ağır nəticəsindən danışıb və iştirakçıların nəzərinə bəzi statistik rəqəmlər çatdırıb.

 

Mövzu ətrafında çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir şəhəri “Heydər” məscidinin imamı Ələmdar Qiyasov narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından, ətraflı danışaraq, gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini diqqətə çatdırıblar.

Esmira Hidayətova, Mingəçevir.