“Ajiotaj yaratmağa dəyməz”

0
74

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin güclü küləklə müşahidə edilən hava şəraitilə bağlı xəbərdarlığı əhali arasında təşviş yaradıb. Hətta bu məlumatdan sonra bir neçə dövlət qurumu əhalini diqqətli olmağa çağırıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a bildirib ki, bu cür hava mart ayı üçün xarakterikdir:

“Hətta 2008-ci il martın 31-də Bakıya qar da yağıb. Yəni indiki hava şəraiti insanların narahatlığı üçün səbəb deyil”.

Direktor müavini qeyd edib ki, sürəti saniyədə 20, 25, 28, 30, 35 kilometrə çatan küləklər Bakı üçün çox da gözlənilməz deyil:

“Ən azı iki ildə bir dəfə keçid fəsillərdə-yazda və payızda bu cür küləklər müşahidə edilir. Ona görə də narahat olmağa və əhali arasında ajiotaj yaratmağa dəyməz. Məndə olan məlumata görə, hətta bəzi valideynlər uşaqlarını məktəbə getməyə də qoymayıblar. Güclü külək əsəcək, amma bu, böyük fəsadlara səbəb olmayacaq. Uzaqbaşı qurumaqda olan ağaclar, yaxud evin damı yaxşı düzəldilməyibsə, aşa bilər”.

 

M.Həsənovun sözlərinə görə, hazırda müşahidə edilən hava şəraiti bu gün və sabah davam edəcək:

“Daha sonra hava şəraitinin mülayimləşəcəyi və temperaturun yüksələcəyi gözlənilir. Bakının coğrafi mövqe ilə bağlı olaraq, güclü külək iki gündən artıq davam etmir. Yağış yağmasaydı, külək daha güclü ola bilərdi. Yağış küləyin sürətini müəyyən qədər azaltdı”.