Bəzi ölkələrdə niyə avtomobillərin sükanı sağ, digər ölkələrdə isə sol tərəfdə yerləşir?

0
23

Açıqlanan son məlumatlara görə hazırda dünyada sürücülərin təxminən 35% -i sükanı sağ tərəfdə yerləşən avtomobil idarə edir. “Yeniavaz”xəbər verir ki, bu insanların yaşadığı ölkələr əsasən vaxtı ilə Böyük Britaniyanın koloniyaları olmuş əraziləri əhatə edir. Avtomobil sükanlarının iki fərqli istiqamətdə – sağ və sol tərəfdə yerləşməsi insanlar üçün hər zaman maraqlı olub. Eyni zamanda etiraf etmək lazımdır ki, bir-çox insanlar avtomobil sükanlarının sağ və sol tərəfdə yerləşməsinin əsl səbəbi haqqında məlumatsızdırlar. İngiltərə, Yaponiya kimi bəzi ölkələrdə niyə avtomobillərin sükanı sağ, digər ölkələrdə isə sol tərəfdə yerləşir? Yəqin ki, bu sualın cavabı biləməyənlər üçün maraqlı ola bilər.

Məlumdur ki, insanların böyük əksəriyyəti sağ əllərilə daha çox iş görürlər, nəinki sol əllərilə. Qədim və orta əsrlərdə insanlar yolda hərəkət edərkən özlərini gözlənilən təhlükələrdən qoruya bilmək məqsədilə yolun sol tərəfi ilə hərəkət ediblər. Çünki bu onların sağ əldən istifadə imkanlarını artmış olurdu.

Lakin, Avropada sənayeləşmə dövrünə paralel olaraq yol infrastrukturu da inkişaf etməyə başladı. Bu zaman yollarda at arabalarının sayı da artmağa başladı. Belə olan halda at arabalarını idarə edən şəxslər üçün yolun sağ tərəfində hərəkət etmək daha əlverişli seçim hesab olunurdu. Çünki bu zaman qarşıdan gələn digər arabaları daha rahat görə bilmək imkanları olurdu və eyni zamanda da sağ əllərində tutduqları qamçılardan rahat istifadə edə bilirdilər.

Bəs, necə oldu ki, at arabaları onlar üçün əlverişli olan yolun sağ tərəfindən sol tərəfinə keçdilər? Qeyd etdiyimiz kimi, bu gün yolun sol tərəfi ilə hərəkət edən avtomobillər əsasən Böyük Britaniya və vaxti ilə onun koloniyası olmuş ölkələrdə mövcuddur.

Bu səbəbdən də arabaların yolun sağ tərəfindən yolun sol tərəfinə keçməsi tarixinin də Böyük Britaniya ilə bağlı olduğu söylənilir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, at arabaları yolun sağ tərəfində hərəkət etdiyi zaman bu arabaçının qarşıdan gələn digər arabaları görməsinə və atları idarə etməsinə böyük kömək olurdu. Lakin bu zaman ən ciddi problemlərdən biri arabaçının qamçıdan istifadəsi zamanı yolun sağ tərəfində duran və ya hərəkət edən insanlara xətər yetirməsi olurdu. Çünki arabaçıların diqqəti qarşı və sol tərəfdən gələn digər arabalarda olduğu üçün sağ tərəfdə hərəkət edən piyadalara diqqət yetirə bilmirdilər. Məlumatlara görə arabaların sayı artdıqca belə hadisələr London körpülərində daha sıx qeydə alınmağa başladı. O zamanlar Londonun varlı və əsilzadə insanları körpü üzərində gəzintiyə çıxdıqları zaman onlar da sadə insanlar kimi arabaçıların qamçılarına tuş gəlirdilər. Belə hadisələrin sayı artmağa başladığı üçün XVIII əsrin ortalarında Londonda körpülərin üzərində arabların hərəkəti sağdan sol tərəfə keçirilib. Bu qayda ilk zamanlar yalnız körpü üzərindəki hərəkətlərə şamil olunsa da sonradan digər yollara və hətta dəmir yollarına da aid edilib.

Onu da bildirək ki, avtomobillərdə sükanları sağ tərəfdə olduğu üçün hazırda Yaponiyada da nəqliyya vasitələri yolun sol tərəfilə hərəkət edirlər. Yaponiyada bu qaydanın tətbiq olunmasının da əsas səbəbkarı kimi Böyük Britaniya göstərilir. Ötən əsrlərdə Yaponiyada yol inrastrukturunun, xüsusən də dəmir yolu şəbəkəsinin qurulması Böyük Britaniyanın adı ilə bağlıdır.