Cümhuriyyətin adında Cümhuriyyət sözü bərpa olunsun

0
28

Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə etməyi, ümumiyyətlə, Cümhuriyyətlə bağlı hər hansı məsələyə şübhə edərək onu araşdırmağı şərəfli iş hesab etmirəm ”.

 

Bunu APA-ya Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı mübahisələrə münasibətini açıqlayan Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

 

Y. Mahmudov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar: “İstiqlal Bəyannaməsində çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Bu Cümhuriyyətin doğma dilimizdə Azərbaycan Xalq Cümhuriyyəti adlandırılması tamamilə qanuna uyğun, elmi və doğrudur. Bu məsələ ilə ümummilli lider Heydər Əliyev çox ciddi məşğul olub. Mən o zaman Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı idim. Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası kimi yayılıb, qoy yayılsın, biz demokratik dövlət qurmuşuq. Amma Heydər Əliyev onu da dedi ki, Cümhuriyyətin öz adını ona qaytarmaq lazımdır, siz tarixçilər də fikrinizi bildirin. Biz məsələni araşdırdıq. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev çox görkəmli mütəxəssisdir, dəfələrlə onunla görüşdük, sənədlərlə tanış olduq. Daha sonra da Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, Cümhuriyyətin adında Cümhuriyyət sözü bərpa olunsun, İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətiadlandırılsın. Ondan sonra biz ölkə daxilində milli ədəbiyyatımızda düzgün olaraq Xalq Cümhuriyyəti adlandırırıq. Bunun həm elmi əsası var, həm də ulu öndər bu işlə çox ciddi məşğul olub,  arxiv materiallarına əsasən qərar qəbul edilib”.

 

Tarix İnstitutunun direktoru qeyd edib ki, türk xalqlarında cümhuriyyət uğrunda mübarizə xüsusi səhifədir: “Qürur hissi keçiririk ki, dünyada Cümhuriyyət mübarizəsində Azərbaycan xalqı ilk 10 yerdə gedib, Türk Dünyasında ilk  Cümhuriyyəti biz yaratmışıq. Bizdən 5 il sonra da qardaş Türkiyə xalqı, Atatürk Cümhuriyyət yaradıb. Bu baxımdan da Cümhuriyyət tarixi Azərbaycanda da, Türkiyədə də var. Məsələyə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Mən də Tarix İnstitutunun direktoru olaraq məsləhət görməz, uyğun bilməzdim ki, bu şanlı, şərəfli tariximizin ən maraqlı, şanlı səhifəsi ilə əlaqədar bu cür mübahisələrə yol verilsin. Bizim mübahisəmiz düşmənlərlə soyqırım məsələləri ilə bağlı olmalıdır. Biz Azərbaycan xalqının qanına susayan Şaumyanı, ermənilərə dövlət qurmaq üçün torpaq verməyimizi, soyqırımları araşdırmalıyıq. Həmin şəxslər vaxtlarını belə məsələlərə sərf etsinlər”.

 

Qeyd edək ki, son dövrlər bəzi tarixçilər Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi adının “Azərbaycan Cümhuriyyəti” olduğunu, adında “Xalq” sözü olmadığını iddia edir.