Şəhriyar iddiaçılar turnirini ikinci pillədə başa vurub

0
66

Martın 27-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 14-cü – sonuncu turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb. Qara fiqurlarla oynayan Ş.Məmmədyarov oyunun 54-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bununla da şahmatçımız turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması Ş.Məmmədyarovun qələbəsi ilə nəticələnmişdi. Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.

Digər görüşdə rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Ş.Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri olan Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.

Tur çərçivəsində keçirilən Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Liren Dinq (Çin) – Sergey Karyakin (Rusiya) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Beləliklə, iddiaçılar turnirinə martın 27-də yekun vurulub. 14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə başa vurub. Liren Dinq 7,5 xalla dördüncü olub. Vladimir Kramnik və Aleksandr Qrişuk 6,5 xalla beşinci-altıncı yerləri bölüşüblər. Uesli So 6 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4,5 xalı olan Levon Aronyan isə sonuncudur.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan Fabiano Karuana noyabrda Londonda dünya şahmat tacı uğrunda mübarizədə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.