Mingəçevirdə növbəti maarifləndirici tədbir

0
176

Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi bölməsi bu gün şəhərin ümumtəhsil orta məktəblərində yol hərəkəti qaydaları ilə bağlı  növbəti maarifləndirici tədbir keçirib. Məqsəd  uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün, yol-nəqliyyat hadisələrinin  qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçnin məktəblərdə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Görüşlərdə yeniyetmələrə Mingəçevir Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov və bölmənin polis baş leytenantı Tahir Qarayev yol nişanları və piyada keçidləri haqqında şagirdlərə  bilgilər veriblər. Xətai Məmmədov  şagirdlərə izah edib ki, məqsəd baş verə biləcək yol qəzalarında məktəblilərin ölüm və yaralanmalarının sayını sıfıra endirməkdir. O bildirib ki, məktəblərdə şagirdlər arasında yol hərəkəti qaydaları öyrədilməli, təbliğ edilməlidir: “Bu həm də ona görə lazımdır ki,  şagirdlər məktəbə gedib-gələrkən yolları təhlükəsiz şəraitdə keçsinlər. Şagirdlərə piyada keçidlərindən istifadə etmələri, işıqforlardan keçərkən diqqətli olmaları tövsiyyə olunub”.

 

Daha sonra şagirdlər onları maraqlandıran sualları polis əməkdaşlarına ünvanlayıblar. Suallara cavab olaraq polis əməkdaşları bildiriblər ki, tərəfimizdən mütəmadi olaraq qayda pozan sürücülər saxlanılır və il ərzində belə sürücülərə 10 mindən çox protokollar yazılır.

Xətai Məmmədov  onu da vurğulayıb ki, müəllimlərlə də görüşlər olub, onlara da şagirdlərlə  yollarda təhlükəsziliklə bağlı söhbətlərin aparılması tövsiyə edilib. İctimai maarifləndirmə yolu ilə azyaşlı uşaqların, məktəblilərin və digər piyadaların vurulması hallarını azaltmaq,  sürücülərin təhlükəsizlik qaydalarına daha diqqətli əməl etmələrini nəzərə çatdırmaq üçün mütəmadi olaraq  bu cür reydlərin təşkil olunması nəzərdə tutulur.

Esmira Hidayətova, Mingəçevir