“Rusiyalı diplomatları çıxaran hər bir ölkəyə qarşı tədbirlər görüləcək”

0
28

Rəsmi Moskva Rusiyalı diplomatları çıxaran  hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək. APA-nın xəbərinə görə, bunu “Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.

“Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, deyə M.Zaxarova qeyd edib. Onun sözlərinə görə, Solsberi şəhərində baş vermiş təxribatın arxasında Böyük Britaniya və ABŞ durur: “Ölkədən çıxarılan diplomatların sayı bunda şübhə qoymur. Təbii ki, biz Londonun müttəfiqlərinin bu hərəkətlərinə hazır idik”.

 

Məlumat üçün bildirək ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxaracaq. Təkcə ABŞ-ı 60 rusiyalı diplomat tərk etməli olacaq.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, BMT-də təmsil olunan diplomatlar vəzifələrindən sui-istifadə edən Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Bundan başqa, rəsmi Vaşinqton Rusiyanın Sietl şəhərindəki baş konsulluğunu bağlayacaq.

Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında bəyan edib ki, Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Bundan sonra Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.