Qubada tarixi hamamın bərpa edildikdən sonra açılışı olub

0
53

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı  tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, görə hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində gerçəkləşib.

 

Mərasimdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib ki, Qubanın qədimdən mədəni və multikultural kökləri olub. Onun sözlərinə görə, bu dəyərlərin gələcək nəslə ötürülməsi üçün belə abidələr bərpa edilir, qorunub saxlanılır.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda bütün tarixi abidələr qorunur: “Bu abidə yerli xalqın memarlıq istedadından xəbər verir. Bu abidələr bizim sərvətimizdir, kökümüzü ifadə edən rəmzlərdir. Azərbaycan hər zaman multikultural ənənələrə sadiq olan torpaq olub. Qubada yerləşən bu abidənin bərpasına xarici ölkənin gücünün cəlb olunması bu rayonda mövcud olan mühitə hörmət əlaməti kimi qəbul olunmalıdır”.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, səfirlərin borcu tək ölkələr arasında deyil, ölkələrin sadə xalqları arasında əlaqələri gücləndirməkdir: “Ən gözəl bağlardan biri məhz mədəniyyət vasitəsi ilə qurulur. Tarix hamımızı bir araya gətirir. Dünyada şər qüvvələr xalqları bir-birindən ayrı salmağa çalışır. Azərbaycanda tarixən mövcud olan tolerantlıq və müxtəlif xalqların birgə yaşaması dünyada bir sıra ölkələr üçün nümunədir. Layihəyə 2014-cü ilin martından başlayıb. Bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək məkan formasında istifadəyə veriləcək. Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq”.

 

Daha sonra hamamın açılışı baş tutub. Qonaqlar bərpa edilmiş bina ilə tanış olublar. İkigümbəzli hamam bişmiş qırmızı kərpiclə XIX əsrdə inşa edilib. Ötən əsrin 80 illərinə kimi fəaliyyət göstərib.