Qırğızıstan-Tacikistan münasibətləri gərginləşir

0
224
Orta Asiya ölkələrində müxtəlif səbəblər üzündən əsən soyuq müharibə küləkləri və region dövlətləri arasında bölgə üçün xüsusi önəm daşıyan bir çox  məsələlərə münasibətdə ortaya çıxan fikir ayrılıqları get-gedə ciddi qarşıdurmalara yol açmaqdadır.
 Bu baxımdan regionun su anbarı hesab edilən Qırğızıstan və Tacikistanla Özbəkistan və Qazaxıstan arasında dağ çaylarının suyundan səmərəli və birgə istifadə etməklə bağlı ortaya çıxan ziddiyyətlərə daha birisi əlavə olunub. Bu da son aylarda Bişkek və Düşənbə arasında sərhəddə baş verən və insan ölümləri ilə müşahidə olunan toqquşmaların iki ölkə münasibətlərində yeni gərginliklərə yol açmasıdır. Bu baxımdan ötən həftənin sonunda Qırğızıstan- Tacikistan sərhədində yerləşən Jerqe-Tal rayonunda qırğız vətəndaşının  tacik sərhədçiləri tərəfindən güllələnməsi Bişkek-Düşənbə münasibətlərində yeni gərginliyə yol açıb. Məsələ ilə bağlı yayılan rəsmi məlumata görə, Çon-Alpay rayonunun Qara-Teyit kəndinin sakini 36 yaşlı Alikin Kaşekov, Kara- Mık kəndinin 30 yaşlı sakini Dövlətbay Qaimov və 28 yaşlı Bəymirzə Matirzayev avqustun 9-da yerli vaxtla saat 16.30-da Jerqe-Tal rayonun sərghədyanı Ilay-Suu sahəsində ov ediblər. Öz növbəsində bu ərazinin taciklərə aid olduğunu hesab edən tacik sərhədçilər qırğız ovçulardan ov etməyə son qoymalarını tələb ediblər. Lakin ov sahəsini qırğız torpağı hesab edən qırğız ovçular onların bu tələbinə əməl etməyiblər. Nəticədə qırğız sərhdçilər atəş açaraq A. Kaşekovu qətlə yetirmiş, digər iki  dinc sakini-qırğız ovçunu isə həbs etmişlər. Öldürülən qırğız ovçunun cənazəsi ertəsi gün Qırğısıtan nümayəndələrinə təhvil verilib. Həbs edilən digər iki qırğız ovçu isə sərhəd pozucusu adı altında Tacikistan Milli Təhlükəsizlik orqanlarına  təhvil verilib.  Bu isə öz növbəsində iki ölkə arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub. Məsələ ilə bağlı Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstana  etiraz notası verərək qırğızlar tərəfindən sərhədin pozulmasına son qoyulmasını tələb edib. Notada Tacikistan Qırğızıstanı hədələyərək vəziyyət belə davam edəcəyi təqdirdə, ölkə hərbi qüvvələrinin alternativ addımlar ata biləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edib.

Öz növbəsində Qırğızıstan sərhəddə bir nəfər qırğızın ölməsinə, iki nəfərinin isə həbs edilməsinə gətirib çıxaran insidentə görə, Tacikistanı günahlandıraraq qarşı tərəfi analoji qaydada sərt şəkildə iki ölkə  münasibətlərini gərginləşdirməkdə günahlandırıb. Bişkek Düşənbədən dərhal qırğız vətəndaşın öldürülməsində günahkar olanların cəzalandırılmasını və həbsdə olan iki nəfərin azad edilməsini tələb edib. Lakin qarşı tərəf də bu iddianı rədd edərək Qırğızıstan hökumətindən sərhəddə qanun-qayda yaratmağı və öz vətəndaşlarından sərhədin tacik tərəfinə keçməsinə son qoymağı tələb edib. Qarşılıqlı ittihamlar isə iki ölkə münasibətlərinin hazırda heç də yaxşı bir dövr yaşamadığını bir daha sübut etmiş olub.

Yeri gəlmişkən onu da deyək ki, tacik-qırğız sərhədinin uzunluğu 911 kilometr  təşkil edir. Onun demək olar, yarısı – 451 kilometri mübahisəli ərazi hesab edilir. Bu da iki ölkə arasında vaxtaşırı sərhəddə müxtəlif səviyyəli silahlı insidentlərin baş verməsinə gətirib çıxarır.

Xatırladaq ki, bu iki ölkə sərhədində yaranan ilk belə gərginlik deyil. Hələ təxminən bir ay bundən əvvəl, iyul ayının 10-da 30-dan artıq Tacikistan vətəndaşı Qırğızıstana məxsus Karavşin çayı boyu Vorux anklavının Bedak kəndinə su kəməri çəkmək istəmişdilər. Öz növbəsində, qırğız sərhədçilər həmin ərazinin  özlərinə aid olduğunu bildirərək, icazə almadan orada inşaat işlərinin aparılmasının yolverilməz olduğu barədə qarşı tərəfə xəbərdarlıq etmişlər. Qarşı tərəfin bu xəbərdarlığa məhəl qoymadan işlərini davam etdirməsi isə, öz növbəsində, qırğız sərhədçiləri havaya atəş açmağa məcbur edib. Mülki əhali ilə qırğız sərhədçilər arasında baş verən toqquşmalarda iki tacik yaralanıb. Tacik sərhədçilərin qırğız sərhədçilərə atəşlə cavab verməsindən sonra isə vəziyyət bölgədə yenidən gərginləşmişdi. O vaxt da tərəflər qarşılıqlı şəkildə baş verən insidenətə görə biri-birlərini günahlandırmışdılar. Amma onda iki ölkə arasında danışıqlardan sonra sərhədyanı ərazidə sabitliyi bərpa etmək mümkün oldu. Lakin hazırda vəziyyət daha fərqlidir və tacik sərhədçilər tərəfindən qırğız Kaşekovun öldürülməsinə cavab olaraq qırğız sərhdçilərin də analoji addım atacağı ehtimal edilir. Bu isə iki ölkə münasibətlərini daha da  gərginlşdirərək müharibə səviyyəsinə çatmasına yol aça bilər.

Bundan isə udan tərəf yalnız bölgədə hərbi, siyasi, strateji maraqlarının müdafiə etmək istəyən super güclər, o cümlədən Rusiya, Çin  İran, ABŞ və digər dövlətlər olacaqlar. Nəhayət, qırğız-tacik qarşıdurmasının regionun digər ölkələri olan Özbəkistan və Qazaxıstanın da maraqlarına uyğun olacağı istisna edilmir. Belə ki, Qazaxıstan və Özbəkistan Qəmbər Ata ( Qırğızıstan) və Roqun ( Tacikistan) Su Elektrik Stansiyalarının (SES) inşa edilməsindən narahatlıq keçirirlər və buna dəfələrlə öz etirazlarını bildiriblər. Bu baxımdan Bişkek-Düşənbə arasında münaqişə adı çəkilən SES-lərin inşasının yubadılmasına və ya onların inşa edilməsi ilə bağlı tərəflərin geri addım atmasına gətirib çıxara bilər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here