Mingəçevir məktəbliləri cənub bölgəsinə yola düşdülər

0
134

Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyaların növbəti mərhələsində Mingəçevir məktəbliləri ölkənin cənub bölgəsinə yola düşüblər.
Qeyd edək ki, layihə üzrə tərtib olunan səfər proqramına əsasən martın 26 –da  Mingəçevirin ümumtəhsil orta məktəblərindən 40 şagird və 5 heyət Lənkəran, Masallı, Astara  rayonuna yola düşüblər. Şəhər  rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qrupun müşayiətçi müəllimi Sevinc Abdullayeva bizə  bildirib ki, şagirdlər Lənkəran, Astara və Masallı rayonlarının qədim tarixini, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerləri ziyarət edəcəklər. O, deyib ki, ulu öndər Heydər Əliyev xalqımızın gələcəyi olan uşaqlara daim diqqət və qayğı göstərib və bu gün uşaqlar Prezident İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişaf etmək, vətənə layiqli vətəndaş kimi yetişmək üçün hər cür imkan əldə ediblər. Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili də bunun bariz nümunəsidir.

Səfər proqramının zəngin olduğunu söyləyən valideyn  Samir Quliyev övladının bu aksiyada iştirakından sevindiyini söyləyib : “Artıq bir neçə ildir ki, dövlətimizin diqqət və qayğısı ilə yuxarı sinif şagirdləri ölkəmizin müxtəlif bölgələrinə göndərilirlər. Çox yaxşı haldır ki, uşaqlar seçilərkən obyektivliyə diqqət yetirilir, məktəb həyatında, tədris prosesində fərqlənən əlaçı şagirdlər bu komandaya salınırlar. Sevinirəm ki, mənim övladım da bu tur-aksiyada iştirak edir. Bu onun çoxdankı arzusu idi. Qızım Sunay Quliyeva  Mingəçevir  şəhər liseyinin şagirdidir.  Onu da deyim ki, ölkəmizin bölgələri haqqında daha dolğun məlumatların əldə olunmasında bu maarifləndirici layihə çox böyük rol oynayır”.

Şagirdlər də bu günkü sevinclərini bizimlə bölüşüblər. 8 sayli məktəbin şagirdi Abdullayeva Gülçin bildirib ki, ölkənin cənub bölgəsini görmək onun arzusu olub: “İnanıram ki, bu aksiyada iştirakımız bizə geniş bilgilər əldə etməyə  imkan verəcək,tur-aksiyanın əhəmiyyətini dərk edəcəyik”.

 

Daha sonra digər şagirdlər öz təəssüratlarını bölüşüblər.

Sonra onlar  Lənkaran-Masallı-Astara marşurutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşüblər.

Esmira Hidayətova, Mingəçevir