Cizgilərin poetikası

0
57

Adil Rüstəmovun sənət dünyası haqqında…
Azərbaycan təsviri sənət tarixini zamansızlığa qovuşduran məziyyətlərdən birinin onun yaradıcılarının bənzərsizliyi, bir-birindən çox fərqli mənəvi-psixoloji və bədii-fəlsəfi tutum daşıyıcısı olmalarıdir, desək, yanılmarıq. Əgər bu günə kimi öz düşüncələrini rəng və cizgi ilə ifadə etməyi özlərinin amalı hesab edənləri bədii-psixoloji yanaşma ilə incələməli olsaq, onda onların arasında ruhundakı yaratmaq gücünün təravətini sona qədər qoruyub saxlayanların o qədər də çox olmadığına əmin ola bilərik. Respublikanın əməkdar rəssamı, professor Adil Rüstəmov məhz belə yaradıcılarımızdandır…
Onu bir qərinədən çox müddətdə tanımağıma və yaradıcılığına bir-neçə dəfə məqalə həsr etməyimə baxmayaraq düşünürəm ki, bəlkə də həmin yazılarda şair təbiətli rəssamı sona qədər oxuculara tanıda bilməmişəm. Bunun da heç şübhəsiz obyektiv və subyektiv səbəbləri olmuşdur. İndiki halda başlıca məqsədim özümə haqq qazandırmaq olmadığından, birbaşa 2010-cu ildən canlı təmasda ola bilmədiyim rəssama və onun çox zəngin yaradıcılığına münasibətə keçmək, obrazlı desək, əvvəlki “günah”larımı qismən də olsa yumaq istərdim…
Abşeronun bütün mənalarda özünəməxsusluğu ilə seçilən Nardaranda doğulan Adil Rüstəmov, daha çox həmkəndliləri üçün gözlənilməz olan rəssam peşəsinə yiyələnsə də, onu əhatələyənlərə xas olan əksər mənəvi-etik keyfiyyətləri qoruyub saxlaya bilmişdir, desək, yanılmarıq. Tanınmış ədəbiyyatçılarla dahi Füzulini təhlil edəndə, şairlərlə baş-başa qalıb klassik və müasir şeir yaddaşınının zənginıiyini nümayiş etdirəndə, muğamlarımızdakı hikməti musiqiçilərin özlərinə gözlənilməz rakursdan izah edəndə heç kim düşünməzdi ki, sözə-sənətə bələdçiliyi danılmaz olan bu şəxs tamam başqa bir sahədə çalışır. Ən mötəbər məclislərdə rəssamların sözünü bədii-poetik tutumda ifadə etməyi bacaran Adil Rüstəmov, bununla da çox vaxt sözlərini rəng və cizgi ilə ifadə etməkdən uzağa gedə bilməyənlərin “günahı”nı yumuş olurdu. Ona qulaq kəsilənlərin və rəssamları dərindən tanımayanların əksəriyyəti də təsviri sənət adamlarının elə onun kimi hazırcavab və intellektual olduğuna inanardı. Yazıqlar olsun ki, rəssamlarımızın əksəriyyəti Adil Rüstəmov intellektindən çoz uzaqdırlar və bunu onların düşündürücülükdən çox uzaq – yalnız ixtisas məktəblərində qazandıqları bədii-texniki vərdişlərin ifadəsi olan işləri də təsdiqləyir. Əksinə, onun yaratdığı əsərlərdə isə müxtəlif dövrlərin söz adamlarına və təzadlı hadisələrə sənətkar münasibətində yurdumuza və xalqımızın əsrlər boyu yaratdığı mənəvi sərvətlərə diqqət və ehtiram duyulur. Rəssamın təqdimatında çox vaxt bizə tanış olan hadisə və şəxsiyyətlərə elə bir bədii münasibət sərgilənmişdir ki, tamaşaçı hər bir görüntünü milli qürur qaynağı kimi qəbul edir.
Zamanında yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilən və çoxsaylı müsabiqələrin laureatı olan Adil Rüstəmovun “professor” elmi dərəcəsi almağa haqqı çatsa da, bu işi bürokratcasına əngəlləmək istəyənlərlə apardığı mübarizədə qalib çıxmasına şahidlik etdiyimizdən, rəssamın həm də haqqını danmağa çalışanlara qarşı barışmaz olması onun yüksək insani keyfiyyətlərə malik olmasının təsdiqi sayıla bilər…
Orta və ali ixtisas təhsilini doğma Bakıda alan Adil Rüstəmovun milli və mütərəqqi təsviri sənətin bədii prinsiplərinə kifayət qədər bələdçiliyini müxtəlif mövzulu və janrlı əsərlərində nümayiş etdirməsi, həm də özündə ənənə və müasirliyi əks etdirdiyindən, onun qrafik lövhələri zamansızlığa qovuşmaqla, Azərbaycan incəsənətində özünəməxsus yer tutduğunu təsdiqləmişdir. Əvvəlcə zamanına “bədii güzgü” tutma istedadı ilə sənətsevərlər arasında tanınan rəssam özünün müasir həyatımızla bağlı əsərlərində dünyaya realistik-gerçəkçi baxışını romantik duyğulara bələməyə üstünlük verib, sonda çəkdiklərinin duyğulandırıcılığına nail olmuşdusa, sonrakı dövrlərdə gördüklərində lirik-fəlsəfi qat axtarıb tapmaqla, qrafik lövhələrinin duyğulandırıcı düşündürücülüyünü əldə etməyə nail olmuşdu. Başqa sözlə desək, gəncliyindəki realizmi “fəth etmək” istəyi tədricən və təbii olaraq bu gerçəkçilikdən uzaqlaşmağa istiqamətləndirilmişdi. Rəssam “öz realızmı”ni yaratmağa üstünlük vermişdi…
Bu realizmdə görünənlərin bələndiyi bədii-estetik dəyərlər, müraciət olunan janrın “estetik xəritəsi”ni zənginləşdirməyə yönəldiyindən, yeni və özünəməxsus idi. Onun yaradıcılığında1991-ci ildən başlayaraq görünməyə başlayan lirik-poetik çalarların fəlsəfi tutuma bələnməsi bu günə kimi davam etməkdədir. Mövzuya və obyektə bu cür yanaşma həm də reallıqla irreallığın qovşağından baxışın nəticəsi olduğundan, bədii ifadə baxımından orijinal görünməklə, həm də rəssamın dəst-xəttinin özünəməxsusluğunu şərtləndirmişdir. Rəssamın M.Füzuli, M.Şəhriyar, Ə.Vahid, R.Rza və H.Cavid ünvanlı qrafik silsilələri bu qəbildəndir.
Rəssamın poetik məzmundan qaynaqlanan əsərləri həm də onun təzadlı tutuma malik olan “iç dünyası”nın ifadəsi kimi maraq doğurur. Naməlum qatları yalnız ilhamlı məqamlarda işıqlanan bu dünyanın görüntülərdə təzahür edən bədii həllində elə duyğulandırıcı cizgi oynaqlığına rast gəlmək mümkündür ki, onlar görkəmli qrafika ustasının fərdi sənətkar “mən”ini müəyyənləşdirmişdir. Özündə şairlərin portretlərini, əsərlərinin obrazlarını və poetik mətni hifz edən belə kompozisiyalar əslində forma həllinə görə qədim miniatürlərə nəzirələr də sayıla bilər. Hər bir əsəri təşkil edən detal-ayrıntılarda miniatürlərlə anım yaradan bədii məqamların mövcudluğu həm də onların məntiqli təfsirindən keçdiyindən müxtəlif söz xiridarlarının poetik dünyasına tutulan “bədii güzgü” kifayət qədər cəlbedici və düşündürücü baxılır…
Bütün yaradıcılığı boyu həm də “dövrünün aynası” olduğunu nümayiş etdirən Adil Rüstəmovun 2010-cu ildə ictimailəşən “Qarabağ şikəstəsi” sərgisi, tuş gəldiyimiz ağrılara yaddaqalan mövqe nümayiş etdirə bilməsinin təsdiqi olmuşdur. Dilindən klassik şairlərin kəlamları əskik olmayan, musiqi aləminə arifanə münasibətini zaman-zaman sərgiləyən rəssamın bir sənətkar-vətəndaş kimi özünün də ağrısına çevirən Qarabağ dərdini “bədii şikəstə” ruhuna kökləməsini təbii saymaq olar. Ancaq bizcə sağlamlığının ən kritik bir məqamında-infarktdan sonra, onun bu silsilə üzərində işləməyə başlamasının özü çox böyük risk idi. Nəqliçilikdən çox uzaq olan bu əsərlərin bədii şərhi, ifadə dili kifayət qədər rəmzi-assosiativ, şərti-metaforik olduğundan kompozisiyaları təşkil edən hər bir element “danışır”, desək, yanılmarıq.Obrazlı desək, onun rənglərdən “yöğrulan”, cizgilərdən “hörülən” “Qarabağ şikəstəsi” hələlik bizlər üçün əlçatmaz olan torpaqlarımıza yönəli ağıdır, qəriblik nəğməsidir. “Segah” ladında ucalan rəssamın “Qarabağ şikəstəsi” elə muğamın özü kimi kədər ovqatlı olsa da, həm də mübarizlik ruhunun daşıyıcısıdır…
Son illərini uzaq Fransa torpağında keçirməyə məcbur olan Adil Rüstəmovun dünyaya baxışında, bədii ifadə tərzində duyulası dəyişiklik baş verir. Əzəldən dərki onsuz da çətin olan dünyamızı mücərrəd tutumlu əsərlərində həm yaxınlarına, həm də uzaqdakı dost-tanışlarına yönəli suallıdır. İlk baxışda zahiri qeyri-müəyyənlik nümayiş etdirən bu qrafik görüntülərdə rəssamın yaradıcılığından qırmızı xətt kimi keçib gedən fəlsəfi tutum və düşündürücülüyün mövcudluğu birmənalıdır. Parisdə yaşaya-yaşaya bütün ömrü boyu Vitebsk motivlərini bədiiləşdirən Mark Şaqaldan fərqli olaraq Adil Rüstəmov, Vətən həsrətini “iç dünyası”nda gəzdirdiyi “sirli bədii saxlanc”a gömməklə, yaydan dartılmış ox vəziyyətindədir. Onun Vətənə qayıdışının həmin saxlancın bədiiləşdiriləsinə təkan verəcəyi də gözləniləndir. Bu günü onunla bərabər səbirsizliklə gözləyən ömür-gün yoldaşı Ziba xanım, qızları İlahə və Vəfadırlar desək, yanılmarıq…
Adil Rüstəmov yaradıcılığa başladığı gündən həmişə tamaşaçı üçün maraqlı görünən müəlliflərdən olmuşdur. Bunu onun XX-XXI əsr Azərbaycan qrafikasına özünəməxsus bədii töhfələr verməsi şərtləndirmişdir. Sənətkarın “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına, “professor” elmi dərəcəsinə, çoxsaylı yüksək mükafatlara, o cümlədən Azərbaycan Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatına layiq görülməsi də səmərəli yaradıcılıq fəaliyyətinin dəyərləndirmənin göstəricisidir…

Ziyadxan Əliyev