YAP mitinq keçirib

0
64

Martın 21-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda izdihamlı görüş-mitinq keçirib.

Minlərlə insanın iştirak etdiyi tədbirin aparıcıları öncə prezident seçkiləri haqqında məlumat verib və Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib.

Mitinqdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov öncə Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və ən xoş arzularını bildirib.

Cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin də xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandığını deyən Əli Əhmədovun sözlərinə görə, Yen Azərbaycan Partiyası cənab İlham Əliyevin seçki kampaniyasını uğurla həyata keçirir: “Biz növbəti dəfə “İlhamla İrəli!” şüarı ilə seçki kampaniyasına başlamışıq. Prezident İlham Əliyevin rəhbəliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu güclənməkdədir. Bu gün Azərbaycanda təhlükəsizlik və sabitlik hökm sürür. Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunmasına Prezidentimiz İlham Əliyevlə xalqın sarsılmaz birliyi mühüm rol oynayır”.

YAP Sədrinin müavini qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bu dövvrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. “Ona görə də, biz yenə də “İlhamla İrəli!” deyərək seçki kampaniyasını uğurla aparırıq. Cənab İlham Əliyev 15 il ərzində Azərbaycan üçün üçün möhtəşəm nailiyyətlərə imza atıb. Bu səbəbdən də, İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir. O, hər bir azərbaycanlının firəvanlığı üçün çalışır. Buna görə də, bütün xalqımız İlham Əliyevi sevir, Onu dəstəkləyir”.

Mitinqdə Milli Qəhrəman Samir Xasıyevin anası Gülzar Xasıyeva və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək seçiciləri 11 apreldə seçkilərdə iştirak etməyə və İlham Əliyevə səs verməyə çağırıblar.