Halvaya bir daş atdıq

0
149

Səməni Novruzun atributlarından biridir. Ondan hazırlanan halva isə dadı ilə fərqlənir. Səməni halvası o qədər də asan hazırlanan bayram təamı hesab olunmur. 30 ilə yaxındır Goranboyun Borsunlu kəndində məskunlaşan Axısqa türkləri Novruzun son çərşənbəsində bir yerə toplaşaraq bu şirniyyatı hazırlayırlar.

7 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənzif vasitəsilə sıxılaraq suyu alınır. Suyu unla qarışdırılaraq yoğurulur. İti yanan ocaq üzərinə qoyulduqdan sonra 12-15 saata yaxın növbəli şəkildə qarışdırılır. Kənd sakini Əzizə Hətəmova bizə səməni halvası haqqında məlumat verərək bildirdi ki, səməni halvası böyük qabda hazırlanaraq 100-ə yaxın qohum-əqrəbaya paylanır: “Bu halva o qədər də asan başa gəlmir. Bu bizim dədə-baba adət-ənənələrimizdir. 30 ilə yaxındır ki, Goranboy rayonunun Borsunlu kəndində məskunlaşmışıq. Ta bu günə qədər biz burada öz adət-ənənələrimizi davam etdirir, gənc nəsilə ötürürük. Bu gün bütün qohumlar-tanışlar bizim həyətə toplaşıblar. Bu səməni halvasını dünən axşamdan ocağın üstünə asmışıq. 4 nəfər olmaqla 24 saat ərzində növbə ilə onu uzun çömçələrlə bulayırıq. Ən maraqlısı da hərə ürəyində bir niyyət tutub halvanın içərisinə təmiz yuyulmuş balaca bir daş parçası atır. Bunun da bir qədim rəvayəti var. Onu da deyim ki, bu səməni halvasının bişməsi üçün bir lafet odun işlədirik. Səməni halvası tam hazır olandan sonra 2 saat da dəmdə qalır. Şirniyyatın tam bişdiyini onun rəngi də sübut edir”.

Axısqa türkləri cəmiyyətinin üzvü Əhməd Cabbarov Goranboyun Borsunlu kəndində 20 axısqa türk ailəsi olduğunu bildirdi. Əlavə etdi ki, əsas məqsədimiz bu qədim adət-ənənəni gənc nəsillərə ötürməkdir. Süfrə başında topalanan qohum əqraba həm bayramlaşır, həm də səməni halavasından dadırlar. Qeyd edək ki, səməni halvası faydalarına görə Azərbaycan mətbəxində bir sıra şirniyyatları geridə qoyur. Yaxşı bişirilmiş halva qan dövranını, insanın əhval-ruhiyyəsini də yaxşılaşdırır. Bir sözlə, əsl bayram ab-havası yaradır.

Biz də bu fürsətdən istifadə edib həm niyyət edib halvaya bir daş atdıq, həm də bu gözəl nemətin dadına baxdıq.

Esmira Hidayətova, Goranboy