Əvəz Qurbanlı: “Sabirin dövründə heç indiki qədər tənqid hədəfləri yox idi”

0
79

“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə satirik şair, aznews.az saytının redaktoru Əvəz Qurbanlıdır. Onunla şəxsi yaradıcılığı, ədəbi sahədə baş  verənlər, müasir dövrdə satiraya marağın azalması və sair kimi məsələlər ətrafında söhbət etdik. Həmin müsahibəni təqdim edirik.

– Əvəz müəllim, yaradıcılığınızda hansı yeniliklər var? Hazırda nələr yazırsınız?

– Əsasən satirik və lirik şeirlər yazıram. Bundan başqa publisistik məqalələrim olur. Nəsr istiqamətində də özümü sınayıram.

– Bununla yanaşı, media fəaliyyətiniz də davam edir…

– Bəli. Media fəaliyyətim də öz yerində… Hazırda aznews.az  saytında redaktor işləyirəm. Mediada son vaxtlar məqalələrlə çıxış etmirəm, əsasən araşdırma yazılara üstünlük verirəm. Klassik poeziya  ilə bağlı araşdırmalar aparıram. Hazırda eyni vaxtda bir neçə monoqrafiya üstündə işləyirəm. Biri klassik Şərq poetikası,  digəri Azərbaycan ədiblərinin yaradıcılığının qarşılıqlı təhlili ilə bağlıdır. Əsas fəaliyyətim bu istiqamətdədir.

– Son vaxtlar şeirlərinizə mediada daha az rast gəlinir. Yazdıqlarınızı saxlayıb, kitab halında çap etdirməyimi düşünürsünüz?

– Son vaxtlar yazdıqlarımı, əsasən də satirik şeirlərimi nə mediada, nə də sosial şəbəkələrdə paylaşmıram.  Lirik şeirləri isə paylaşıram. Səbəb odur ki, satira yaxşı qarşılanmır. Əvvəla, cəmiyyətdə artıq əsl sənət satirasına əvvəlki reaksiya, maraq yoxdur. İndi ictimaiyyət açıq tənqidi sevir. Yəni adbaad tənqid etməlisən. Bu satiradan daha çox həcvə istiqamətlənir. Adbaad tənqid artıq satiranın mahiyyətindən kənara çıxır. Ona görə də yazılan satirik şeirlərdən paylaşmağa ehtiyac görmürəm.  Bunun bir başqa səbəbi də var. Artıq piratçılıq o qədər çoxalıb ki, hansısa yeni fikir yazan  kimi iki gün sonra başqa biri götürür və  bir qədər fərqli formada öz adından təqdim edir.  Heç nəyi də sübut etmək mümkün deyil. Buna görə də insan yeni bir fikri paylaşmağa tərəddüd edir. Ona görə də şeirlərimi saxlayıram. Yəqin ki, kitab halında dərc etdirəcəm.

– Bu gün şairlər satira və həcvə az yer verir, daha çox lirikada öz istedadlarını sınamağa çalışırlar. Niyə tənqidi satiraya ehtiyac duyulmur? Bəlkə də bu ona görədir ki, artıq mətbuat var, yazıla bilinəcək hər bir tənqid orada  yazılır və satiraya ehtiyac qalmır.  Sabirin dövründə mətbuat geniş yayılmadığı  üçün satirik şeirə tələbat çox idi. Səbəb budurmu? Niyə satira əvvəlki qədər yazılmır?

– Satiraya indi əvvəlkindən daha çox ehtiyac var. Sabirin dövründə heç indiki qədər tənqid hədəfləri yox idi. İndi istənilən sahədə o qədər mənfi hallar, o qədər tənqid olunası məmurlar  var ki, artıq kütləvi hal alıb. Bəlkə də elə kütləvi hal aldığı üçün adiləşib. İnsanlar buna tənqidi gözlə baxa bilmirlər. Onu da satiraya gətirəndə bədii sənətkarlıq baxımından nə qədər yüksək sənət nümunəsi yaratsan belə ictimaiyyətin diqqətini çox da cəlb eləmir. Bu baxımdan yazılanlar da o qədər nəzərə çarpmır. Ancaq bu gün satirik tənqidə ehtiyac var. Media orqanları nə qədər yazsa da, ədəbiyyatda azad sözə ehtiyac var.

– Bəlkə  də satira senzura dövrünün məhsulu idi və birbaşa yazıla bilinməyən, dilə gətirilməyən fikirlər  satirik şeirlərlə cəmiyyətə çatdırılırdı. Bu gün bu senzura  aradan qalxıb və hamı birbaşa tənqid tələb edir.

– Sovet dövrü ədəbiyyatına nəzər salsaq, o dövrün ən tanınmış satirik şairi Rüfət Əhmədzadə idi. O  da ən cəsarətli halda  sədrin ərköyün inəyindən, hansısa JEK müdirindən yazırdı. Bundan yuxarı çıxa bilmirdi. O zaman insanların buna ehtiyacı var idi. İnformasiya qıtlığı idi və insanlar əsasən  “Kommunist” qəzetindən  məlumat alırdılar. Bir də “Kirpi” jurnalı var idi ki, onu hamı oxuyurdu. “Kirpi”də kim tənqid olunurdusa, ona az qala vətən xaini kimi baxılırdı. Bu gün belə orta səviyyəli satiraya ehtiyac yoxdur. Ya yuxarı səviyyədə tənqid etməlisən, ya da susmalısan. Çünki indi hamı anlayır ki, problemlər heç zaman ortadan qaynaqlanmır, hər zaman daha yuxarıdan qayaqlanır. Bir çox problemlərin səbəbi çox dərinə gedir, bəziləri ümumiyyətlə ölkəmizlə bağlı deyil. Oxucu indi Sovet dövründəki oxucu deyil. Dərmanlarda doza deyilən bir hədd var. İlk dəfə dərmandan  istifadə edəndə az doza ilə verirlər ki, orqanizm onu götürə bilsin. Ancaq həmin dərmandan mütəmadi istifadə etdikcə, dərmanın təsiri orqanizm üçün adiləşir və daha yüksək dozaya ehtiyac olur. Bizim oxucu da daha yüksək dozalı satira istəyir. Daha sərt, daha maraqlı tənqid tələb edir.

– Oxucunun istədiyi sərt tənqid, kəskin satira sizdə varmı?

Evez Qurbanli (1).JPG (302 KB)

“Elza Seyidcahan şeiri duya bilir, ancaq şeir yaza bilmir”

– Oxucunun istədiyi şeirlər var, ancaq mən onu üzə çıxartmıram, paylaşmıram, yazıram qalır. Ona görə yox ki, paylaşmağa çəkinirəm. Mən dövlət səviyyəsində qəbul olunmuş adamam, “Tərəqqi” medalı ilə təltif olunmuşam. 12 ildir ki, Yazıçılar Birliyinin üzvüyəm. İlk  dəfə ölkədə Yazıçılar Birliyindən prezident təqaüdünü də mən almışam. Bundan əvvəl də “Qulp” verilişində daha kəskin satiralarla çıxış eləmişəm. Amma ona görə məni həbs etməyiblər. Çünki bilirdilər ki, mən kiminsə sifarişini yerinə yetirmirəm. Bu, cəmiyyətin sifarişi idi. Bu, gün paylaşmamağımın səbəbi odur ki, necə bir satira paylaşsan da bu populyarlığa gətirmir. Populyar olmaq üçün mütləq gərək söyüşdən, təhqirdən istifadə edəsən. Bu da mənim nə xarakterimə, nə də yaradıcılığıma xas deyil. Bu gün sosial şəbəkələrdə minlərlə izləyicisi olan sənətçilər var. Onların məşhur olmasının da səbəbi məlumdur. Efirlərdə qələm adamlarına, ziyalılara çox az yer verilir. Mən ziyalı olmaq iddiasında deyiləm. Amma hesab edirəm ki, dediyim fikirlər ziyalıların dediyi fikirlərlə üst-üstə düşür. Şou -bizneslə müqayisədə ziyalı sözünə çox az yer verilir.

– Əvəz müəllim, bu gün ölkəmizdə yaradıcı  insanların əsas problemi nədir?

– Problemlərdən biri təbliğat məsələsidir. Düzdür, bu gün təbliğ olunmaq çox da çətin deyil. Sosial şəbəkələr var. Ancaq sosial şəbəkələrdə o auditoriyanı yığmaq üçün  sənət kifayət etmir.  Sənətkar təkcə öz yaradıcılığı ilə sosial şəbəkələrdə, cəmiyyətdə populyar ola bilmir. Ya Mikayıl Müşfiqi söyməlisən, ya Xəlil Rzanı, ya Şah İsmayıl Xətaini, ya da Səməd  Vurğunu… Bu, çox səviyyəsiz bir yoldur.

– Bu gün gənc yazarlar arasında belələri var… Onların  bu addımı atmasının səbəbi nədir?

– Mən iddia edə bilmərəm ki, onların bu addımları hansısa missioner mərkəzdən, katolik kilsəsindən idarə olunur. Halbuki dünyada belə proqramlar var. Kiçik dövlətlərin xalqları üçün belə proqramlar işləyiblər ki, onların bütün dəyərlərini məhv etsinlər. Hansısa bir cəmiyyətin immunitetini məhv etmək, onu kölə vəziyyətinə gətirmək üçün həmin cəmiyyətin dəyərlərini zərbə altına alırlar. Hər bir xalq öz tarixi dəyərlərinin üstündə möhkəmdir. Bayaq Şah İsmayıl Xətainin adını təsadüfən çəkmədim. O nəinki Azərbaycanın, bütün türkdilli xalqların ən böyük imperatorlarından biridir. Belə şəxsiyyətlərimizi gözdən salanda, cəmiyyət olaraq bizi də ruhdan salırlar. Tarixdən güc ala bilmirik.

– Əvəz müəllim, şair olmaq üçün şeir yazmaq qabiliyyəti kifayət edirmi? Yoxsa şairin şəxsiyyətinə də müəyyən tələblər var?

– Şairin ən birinci missiyası haqqa xidmət etməkdir. Bizim klassik şairlərimizin hamısı ən sonda şair idilər, bundan əvvəl böyük ictimai xadim, filosof, alimlər, irfan sahibləri, haqq yolçuları idilər. Şairlik isə onlara verilmiş qabiliyyət idi ki, bu yolla haqqı təbliğ etsinlər. İndi şairlik elə bir vəziyyətə gəlib çıxıb ki, şair deyəndə göz önünə kimlər gəlirE Ad çəkmək istəmirəm. Bizim klassik ənənələri davam etdirən sonuncu şairlərimiz Sabir və Hüseyn Cavid idi ki, onlarla birgə həmin mərhələ də getdi. Ardınca yeni bir mərhələ- Sovet ədəbiyyatı, sifarişli ədəbiyyat gəldi. Onların içində əlbəttə, istedadlı adamlar çox idi.

Müstəqilliyimizi   qazandıqdan sonra bir ideoloji və mənəvi boşluq yarandı. İctimai-siyasi formasiya dəyişəndə  novatorluq etmək istəyənlər həmişə köhnələri inkaretmə yolunu tuturlar ki, bununla fərqlənə bilsinlər. Bu inkarçılığın müqabilində isə ortaya nə isə qoymalısan. Ancaq qoya bilmirlər. Çünki istedad kifayət eləmir. Həm də bir düşüncə sistemindən digərinə keçən dövrdə fikirlər çox qarışıq olur. Yazarların xəbəri olmur ki, dünyada nələr baş verir. İlk dəfə bizə təklif olunanları şablon götürüb özümüzə bayraq edirik. Ancaq zaman keçdikcə görürsən ki, heç də düzgün yanaşma deyilmiş. Aydın olur ki, Avropanın, bizə yad olan cəmiyyətlərin düşüncələri ilə bizimki  uzlaşmır və ona birbaşa inteqrasiya etmək olmur. Şair öz xalqının, öz dövrünün sözünü deməlidir.

Qələm sahiblərinin missiyası odur ki, öz xalqının sözünü desin. Çünki xalq  öz enerjisindən onları ortaya çıxarıb. Qələm əhli təkəbbürlü ola bilməz, çünki heç biri özündən dil icad etməyib. Hər biri bu xalqın yaratdığı dil vasitəsilə yazıb-yaradır. Əsl şair öz xalqının dilinə gəlib çatmış şairdir, nəinki xalqını bəyənməyən. Guya bəziləri başqa planetdən gəlib və ali dəyərlər sivilizasiyasında yaşamağa layiq imişlər, təsadüfən gəlib doğulduğu cəmiyyətdə yaşayırlar.

– Hazırda kimləri oxuyursunuz?

– Qarşıma konkret məqsəd qoymamışam  ki, bu gün kimlərisə oxuyacam. Sosial şəbəkələrdə qarşıma çıxanları izləyirəm. Ədəbi orqanlardan “Ulduz” jurnalını oxuyuram. Əvvəl “Ədəbiyyat” qəzetini oxuyurdum, artıq oxumuram. Ən çox internetdən, kulis.az saytından oxuyuram. İstedadlı gənclər var. Mən “Xalqın şairi” layihəsində də bu gənclərdən bir neçəsi ilə tanış oldum. Gənclərimizin əsas problemi odur  ki, tənqidçilər bəzən onları həddindən artıq tərifləyirlər. Bu onlara stimul versə də, həm də bir arxayınlıq yaradır. Gənclər artıq özlərini dahi  hesab edirlər, gözləri tutulur sanki. O baxımdan tərifi də bu səviyyəyə gətirmək olmaz. Təkcə istedad kifayət etmir, şair bir şəxsiyyət kimi də yetişməlidir.

Oxumağa gəlincə, indi daha çox istənilən mövzuda elmi əsərlərə üstünlük verirəm. Dünya ədəbiyyatından isə çox oxumuşam, kimin adını çəksəniz yaradıcılığı ilə tanışam.

– “Xalqın şairi” layihəsinə də toxundunuz. Bu layihə niyə davam etmədi və qalmaqallarla yadda qaldı?

– Əslində layihə yekunlaşmayıb, final mərhələsi qalır. Gözlənilirdi ki, Novruz bayramı ərəfəsində final olsun. Bu da layihə rəhbəri ilə deyil,  televiziya ilə və ya sponsorlarla bağlı olan məsələdir. Səbəbini dəqiq bilmirəm. Mən yarımfinalda münsif idim, ondan öncə Sabir obrazını yaradırdım. Finalda da münsif olmalıydım, o mərhələ qalır.

Qalmaqallara gəlincə, veriliş ilk dəfə yayımlananda Elza Seyidcahanın münsiflərdən biri olması ilə qalmaqal başladı.  Onun imici  ciddi bir ədəbiyyat layihəsinə uyğun gəlmirdi. Söz adamları bu barədə iradlarını bildirdilər.

– Elza Seyidcahanla ədəbi mövzuda  söhbətləriniz  oldumu? Onun ədəbi biliklərini, şeiriyyət haqqında anlayışını necə qiymətləndirdiniz?

– Mən Elza xanımla ilk dəfə orada ünsiyyətdə oldum.  Söhbət zamanı gördüm ki, o, ədəbiyyatdan kifayət qədər məlumatlıdır. Dünya ədəbiyyatından kimin adını çəkirsənsə, hansı əsərini deyirsənsə bilir, mütaliəli adamdır. Sözə də həssas idi. Elzanın yazdıqları isə şeir deyil, o şeiri parodiya edir. Əslində bəzi şeirlərində aktual problemlərə toxunur.   Devalvasiya olanda şairlər cürət  etmədilər ondan yazmağa, ancaq Elza dollardan yazdı. O bununla həm də şairləri parodiya edir ki, sizin demədiyinizi mən deyirəm. Elza əslində ekrandan göründüyü kimi deyil, mütaliəli insandır. Onu dəvət edib ədəbiyyat söhbətləri etsəniz, çox razı qalarsınız. O, şeiri duya bilir, ancaq ümumiyyətlə şeir yaza bilmir.

Nərgiz LİFTİYEVA,
Fotolar: Məğrur MƏRD