“Ölkənin təhlükəsizliyi ilə bağlı əsassız xəbərlər yolverilməzdir”

0
236
Bir neçə gün bundan əvvəl Ermənistan tərəfinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində 13 əsgərimiz şəhid oldu. Bu hadisə dünya mətbuatında da öz əksini tapdı. Ermənistan mətbuatı təmas xəttində baş verən silahlı qarşıdurma nəticəsində cəmi bir nəfərin öldüyü və bir nəfərin yaralandığı barədə yalan xəbərlər yaydı. Lakin Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı bəyanat verərək, qarşı tərəfin həqiqətəuyğun olmayan məlumatlar yazdığını bildirdi. Qeyd etmək yerinə düşər ki, bu barədə Azərbaycan mediasında da kifayət qədər əsassız xəbərlərə rast gəldik. Bir neçə saytda Qazax rayonunun bəzi sərhəd kəndlərinin boşaldılması xəbəri, eyni zamanda da Bayramlı və Yusifcanlı kəndlərinin düşməndən xilas olunması ilə bağlı xəbərlər yer aldı. Heç bir rəsmi açıqlama olmadan bu cür xəbərlərin yazılması qeyripeşəkarlığın göstəricisidir. Nədənsə bu cür dezinformasiyalar yayan jurnalistlər qarşı tərəfi daha da aktivləşdirdiklərini və bir çox insanları təşvişə saldıqlarını düşünmürlər. Ölkə mediasında bu cür yanlış məlumatların yer almasına münasibət öyrənmək üçün bir neçə mütəxəssisə müraciət etdik.
“Aidiyyəti qurumların bu məsələdə ləng tərpənmələri bizi bir qədər geri qoydu”

Hərbi ekspert Üzeyir Cəfərov bu cür yalan xəbərlərin ciddi fəsadlara səbəb ola biləcəyini söylədi: “Bu cür yalan xəbərlərin yazılması zərərlidir və ciddi fəsadlara səbəb ola bilər. Hesab edirəm ki, belə bir addım yolverilməzdir. Mediada Yusifcanlı və Bayramlı kəndlərinin işğaldan azad olunması ilə bağlı xəbərlər yazıldı. Bununla yanaşı, bizim jurnalistlər, redaktorlar kəndlərin boşaldılması, insanların öz evlərindən köçürülməsi xəbərini də yazdılar. Gəlin bu məsələyə bir qədər fərqli tərəfdən yanaşaq. Belə bir xəbərin yazılması xalqı ciddi panikaya saldı. Doğrudur, demək olmaz ki, bütün media nümayəndələri yalan xəbərlər yazırlar. Ancaq bu məsələdə səhlənkarlıq göstərən jurnalist dostlarımız da oldu. Siz təsəvvür edin ki, cəbhə xəttində belə bir hadisənin baş verdiyi yazılırsa, oradakı əsgərlərin yaxınları üçün necə bir vəziyyət yarana bilər. Bu, eyni zamanda cəbhə xəttində dayanan əsgərlərimiz üçün də ruh düşkünlüyünə yol aça bilər. Bu məsələlər sosial şəbəkələrdə müzakirə olunan zaman mən bildirdim ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı vaxtında açıqlama verməli idi. Biz müharibə şəraitində olan bir ölkəyik və aidiyyəti qurumlar bu dezinformasiyanı tənzimləməyə borclu idilər. İlk dəfə idi ki, belə ekstremal bir vəziyyət yarandı. Bəzi vəzifəli şəxslər və qurumlar ləng tərpəndilər. Bütün bunlar da Ermənistanın informasiya müharibəsində bizdən qabağa düşməsinə, dünyaya yalan məlumat yaymasına şərait yaratdı. Təəssüflər olsun ki, bizim də bəzi jurnalistlər əsassız xəbərlər yazdılar. Bilmirəm, burada oturduqları halda onlara məlumatı cəbhə bölgəsindən hansı “etibarlı” mənbə verdi. Görəsən, onlar düşünmürlər ki, rəhbərlik etdikləri saytlarda bundan sonra ən ciddi xəbər getsə belə, insanlar inanmayacaqlar. Düşünürəm ki, bununla mətbuatın imicinə də çox böyük bir zərbə dəydi. Bunlar ciddi məsələlərdir. Müharibə ağrı-acı deməkdir, anaların göz yaşı deməkdir. Hər kəs ağlına gələni yaza bilməz”.

Ü. Cəfərov Ermənistan mətbuatının onun adından istifadə edərək xəbərlər yazdığını dedi: “Mənə erməni mediasından çox suallar verdilər. Vaxtıilə Azərbaycan vətəndaşı olan, “Voskanapat” saytının redaktoru erməni Melik Şahnazarov daim Azərbaycan xalqını, türk millətini təhqir etməklə məşğuldur. Həmin şəxs mənim adımdan öz saytlarında yalan xəbərlər yazdı. Guya ki, mən onlara məlumat vermişəm. Sosial şəbəkədə şəxsi hesabımda yazdığım məlumatları götürüb, ondan xəbər hazırlayıblar. Bunu öyrəndikdən sonra rus dilində məsələni açıqlayan geniş bir yazı hazırlayıb paylaşdım. Bütün bunları deməkdə məqsədim odur ki, ermənilər həmin müddət ərzində daha aktiv oldular. Lakin bizim bəzi qurumların gözləmə mövqeyi seçməsi bizi bir qədər geri saldı”.

 “Jurnalistlər bu məsələdə bir qədər ayıq-sayıq davransalar yaxşı olar”

Bir ölkənin ən önəmli orqanlarından biri də mətbuatdır. Əgər mətbuat ölkə gündəmini narahat edən məsələlərdə yanlışlığa yol verirsə, bu, ciddi problemlərin göstəricisinə çevrilir. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə son zamanlar medianı ağuşuna alan dezinformasiyaları xoş qarşılamadığını və təəssüfləndiyini dedi: “Elə məsələlər var ki, bəlkə də, orada yanlışlığa yol vermək olar. Lakin ölkənin təhlükəsizliyi, müdafiə qüdrəti, milli ordu və digər bu kimi məqamlarla bağlı məsələlərdə jurnalistlər son dərəcə ehtiyatlı hərəkət etməlidirlər. Biz də istəyirik ki, ordumuz düşmən tapdağı altında olan hər bir qarış torpağımızı azad etsin. Bilirsiniz ki, bu cür xəbərlərə hər kəs ciddi yanaşır. Yaxşı olar ki, jurnalistlərimiz xəbər yazarkən daha diqqətli olsunlar, heç bir məlumatı əsassız yazmasınlar. Çünki bu məsələdə ziyan çəkən ilk növbədə, jurnalistikanın özü olar. Belə olan halda, jurnalistlərin imici zədələnir və onlar ictimai nüfuzlarını itirirlər.Təbii ki, həmkarlarımızın nüfuzunun hər zaman yüksəkdə olmasını istəyirik. Oxuculardan bir pillə qabaqda olsunlar”.  Rəhim Hüseynzadə bu cür qeyri-peşəkar addım atan mətbuat orqanlarına nəzarətin artdığını vurğuladı: “Mətbuat Şurası bu məsələlərlə bağlı monitorinq aparır. Saytlara öz tövsiyələrini verir ki, həqiqətə xidmət etsinlər, faktlara əsaslanaraq xəbər yazsınlar. Əgər söhbət hərbidən gedirsə, bu zaman xüsusilə diqqətli davransınlar. Bu məsələ ilə bağlı bizim Müdafiə Nazirliyimiz var ki, ən dəqiq və dolğun məlumatı oradan almaq mümkündür. Hesab edirəm ki, telefonla zəng edib, məlumat almaq və ya əldə edilən hər hansı məlumatı dəqiqləşdirmək o qədər də çətin deyil”.

“Belə xəbərləri yazarkən hansı fakta əsaslanırlar?”

Mətbuat Şurası nəzdində Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Yusif Kərimov media təmsilçilərinə bu məsələdə daha həssas davranmağı məsləhət gördü: “Media nümayəndələri bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdırlar. Düşmən uduzduğunu görür, daha da quduzlaşır və saysız-hesabsız fitnə-fəsadlar törədir. Belə bir vəziyyətdə media nümayəndələri, mətbuat işçiləri o qədər həssas davranmalıdırlar ki, onların qələmi vətənə xidmət etməlidir, yada-düşmənə yox. Bildiyiniz kimi, Mətbuat Şurası da bu barədə bəyanat verdi. Bir neçə gün bundan əvvəl bir neçə telekanalın jurnalistləri sərhəd bölgəsinə gedərək, oradan birbaşa reportajlar hazırladılar. Hər kəsə göstərdilər ki, heç kəs heç yeri tərk etmiyib. Bəziləri panikaya düşüb yalan məlumat yayaraq xaos yaratmağa çalışırlar. Axı belə xəbərlər yazarkən hansı fakta əsaslanırlar? Bu barədə Müdafiə Nazirliyi bütün məlumatları olduğu kimi çatdırır. Erməni mətbuatından fərqli olaraq, bizdə heç bir şey gizlədilmir. Yaralıların da, şəhidlərin də sayı bəllidir. Müdafiə Nazirliyi sərhəddə baş verən hadisələrin səbəbini də açıqladı. Hesab edirəm ki, bunlara əsaslanmaq lazımdır. Bir nəfərin danışığından yola çıxaraq ictimaiyyətə yalan məlumat yaymaq doğru deyil. Düşünürəm ki, xalqın ürəyini açan xəbərlər yazsalar, daha yaxşı olar”. XƏYALƏ SADIQOVA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here