“Qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar”

0
213

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginə cavab məktubu göndərib. Şeyxülislamın məktubunda deyilir:

“Çox hörmətli II Qaregin!
Sizin Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə əlaqədar məktubunuzla diqqətlə tanış olduq. Hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə nəticələnmiş gərgin vəziyyətə görə Sizin narahatlığınıza dərindən şərik olduğumuzu bildiririk.
Lakin təəssüflə diqqətinizə çatdırırıq ki, Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir. Atəşkəs rejiminin erməni qoşunları tərəfindən pozulması nəticəsində Azərbaycan əsgərləri, habelə bizim dinc sakinlər həlak olur və ağır güllə yaraları alırlar. Sizə ürək ağrısı ilə bildiririk ki, son günlərdə erməni hərbi qulluqçuları Azərbaycanın sərhədyanı kəndlərində hətta üç uşağı ağır yaralayıblar.
Əlbəttə, Uca Allahın bəxş etdiyi insan həyatına qəsd edilməsi böyük günahdır. Buna görə də təkcə bu cür təhrikçilik hərəkətlərinə deyil, ümumiyyətlə, çoxdan davam edən müharibəyə və bütövlükdə ərazi münaqişəsinə tezliklə son qoymaq lazımdır. Uca Yaradanın hökmü ilə talelərinə bir-biri ilə qonşu olmaq yazılmış xalqlarımız arasında ədalətli və davamlı sülhün bərqərar olması üçün erməni siyasətçilər, nəhayət, konstruktiv mövqe tutmalı, bunun üçün zəruri iradə nümayiş etdirməlidirlər. Məsələyə bu cür yanaşma, ilk növbədə, böyük əksəriyyəti münaqişənin dinc yolla həll olunmasını arzu edən erməni xalqının maraqlarına uyğundur.
Bizim xalqımız birmənalı olaraq bütün regionda sülhün, mehriban qonşuluq münasibətlərinin, habelə beynəlxalq hüquq normalarının bərpa olunmasının tərəfdarıdır. Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq. Azərbaycan xalqı bu məqsədlə artıq iyirmi ildən çoxdur ki, səbir və təmkin nümayiş etdirərək Qarabağ münaqişəsinin tənzimlənməsini gözləyir.
Təəssüf ki, Ermənistan Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin sülhsevər çağırışlarını indiyə qədər eşitmir. Əksinə, erməni qoşunları nəinki işğalı davam etdirir, həm də mütəmadi olaraq atəşkəs rejimini pozur, dinc sakinləri qətlə yetirirlər. Biz Azərbaycan və erməni xalqları arasında sülhün və etimadın bərpa olunması naminə Sizi – Bütün Ermənilərin Ali Patriarxını və Katolikosunu, öz nüfuzunuzdan istifadə edərək Ermənistanın hakimiyyət orqanlarına təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam düşüncəli mövqe tutsunlar.
Həmişə olduğu kimi, bu gün də üzümüzü Uca Allaha tutaraq, bölgəmizdə möhkəm sülhün və əmin-amanlığın bərqərar olması üçün dua edir və din xadimlərinin sülhsevər təşəbbüslərinin xalqlarımıza fayda gətirəcəyinə ümid edirik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here