1200 məktəbli qızın abort etdirməsi ilə bağlı məlumata münasibət bildirildi

0
73

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

S.Məmmədova deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb.

S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

“Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”.

Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir:

“Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə – tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”.

Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil. Trend